Ötən il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstərib. Lakin Azərbaycan ordusunun adekvat tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirildi və o, itki verərək geri çəkilməyə məcbur edildi.
Həmin döyüşdə ordumuzun baş çavuşu Vüqar Sadıqov və baş əsgər Elşad Məmmədov qəhrəmancasına şəhid olub, beş hərbi qulluqçumuz isə yaralanıb. Yaralılara vaxtında ilkin yardım göstərilərək döyüş meydanından təxliyə edilsələr də, onlardan biri – gənc əsgər Xəyyam Daşdəmirov az sonra şəhid olub.
AZƏRTAC xəbər verir ki, İsmayıllı rayon Balik kəndində doğulan Xəyyam Daşdəmirov vətən sevgisi ilə alışıb yanan, yüksək rütbəli hərbçilərlə çiyin-çiyinə döyüşə biləcək cəsarətli əsgər idi. Elə bu vətən sevgisi onu ən uca mərtəbəyə - şəhidlik zirvəsinə ucaltdı.
Şəhidin atası, Birinci Qarabağ müharibəsində Ağdam uğrunda döyüşlərdə fəal iştirak edən Məhəmməd Daşdəmirov o günləri belə xatırlayır:
“Çətin və qürurverici günlər idi, ata üçün övlad itirmək çətin olsa da, amma oğlumla fəxr edirəm. Birinci Qarabağ döyüşlərində fəal iştirak etmişəm, arzum şəhid olmaq idi, amma bu, mənə deyil, oğluma qismət oldu. Vətən sağ olsun!”.
Xəyyamın nənəsi Məlahət Mirzəməmmədova deyir ki, sonucu dəfə nəvəsi şəhid olmazdan iki gün əvvəl onlarla telefon əlaqəsi saxlayıb:
“Sonuncu dəfə ötən il iyulun 10-da axşam saat 8-də mənimlə danışdı. Çox istiqanlı oğul idi. Hal-əhvalını soruşdum. Dedi, məni soruşanlara salam de. Bir də dedi ki, dayımın nömrəsini vermişəm dostlarıma, şəkil yollayacaqlar. Səhəri gözlədik ki, bəlkə şəkil gələ, amma ondan iki gün sonra Xəyyamın şəkili mənə tabutu oldu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun. Qazilərimizə də Allah şəfa versin!”.