Xəbər verdiyimiz kimi, Tovuz döyüşlərinin və bu döyüşlərdə şəhid olan general Polad Həşimovun dillərdə dastan olmasından bir il ötür. Bu münasibətlə artıq bir neçə gündür ki, Polad Həşimov haqqında silsilə yazıları təqdim edirik.
Moderator.az-ın əməkdaşı Polad Həşimovun kursant yoldaşı Sənan Mehdiyevlə əlaqə saxlayıb. S.Mehdiyev Poladla bağlı təəssüratlarını bizimlə bölüşüb:
“Polad mənim kəndçimdir, əvvəldən münasibətlərimiz var idi. Biz Qəbələnin Vəndam kəndindənik. 1992-ci ildə Poladla birlikdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olduq. Onunla orda görüşdük və biz eyni bölükdə oxuyurduq. İki il oxuduqdan sonra təklif olundu ki, kim istəyirsə, Türkiyəyə göndərilir, altı ay kurs oxuduqdan sonra kiçik leytenant rütbəsi alır. Elə oldu ki, Polad ərizəsini yazıb təhsil almaq üçün Türkiyəyə getdi”.
“Amma mən Polad haqqında kiməsə nəsə danışsaydım...”
“Polad hərbi üçün doğulan adam idi. Çox səmimi insan idi. O, şəhid olandan sonra insanlar deyirdi ki, gör o, necə adam olub. Dedim ki, mən onu hamıdan qabaq tanıyıram, heç kəndimizdə onu mənim qədər tanıyan yoxdur. Amma mən Polad haqqında kiməsə nəsə danışsaydım, o qədər də inandırıcı olmazdı. Amma indi görürsünüz ki, adi bir əsgərin Polad haqqında danışması nə deməkdir”.
“Poladın üzündən heç vaxt təbəssüm əskik olmazdı...”
“O, çox məqsədli adam idi. Hədəfə çatmaq üçün həmişə can atırdı. Çox savadlı insan idi. Riyaziyyatı dəhşət bilirdi. Poladın üzündən heç vaxt təbəssüm əskik olmazdı. Məktəb bildiyiniz kimi çox ağır məktəb idi. Poladın tağım komandiri çox sərt adam idi, amma sanki Polad bütün çətinliklərdən ləzzət alırdı. Daha sonra mən Polad Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissədə komandir işləyəndə yanına getmişəm. Heç nə dəyişməmişdi. Həmin adam, həmin təbəssüm üzündə idi. Dəfələrlə zəngləşmişik. Düzdü, onun tez-tez telefonla danışmağa vaxtı olmurdu. Amma həmişə münasibətlərimiz olub”.
“Elə qardaşımın şəhid xəbərini də Polad mənə dedi...”
“Sonuncu dəfə Tovuz döyüşləri zamanı Polada zəng vurdum ki, hal-əhval biləm, amma ona zəng çatmadı. Elə oldu ki, səhəri gün Poladın şəhid xəbərini eşitdim. Bu xəbərdən sonra keçirdiyim hissləri isə dillə demək mümkün deyil. Poladın adının yaşadılmasıyla bağlı çox işlər görülür. Qəbələdə adına küçə verildi, bulaq, abidə tikildi. Yəni bir kənddən eşidib görmədim ki, onun barəsində mənfi fikri olsun. Polad sadə bir əsgər idi və bu sözləri onun əsgərindən eşitmək çox qürurverici idi.
Qardaşım Eldəniz isə bizdən bir kurs yuxarı oxuyurdu. Elə oldu ki, birinci Qarabağ savaşında döyüşə getdi və Ağdərədə şəhid oldu. Elə qardaşımın şəhid xəbərini də Polad mənə dedi. O hadisələrdən sonra Poladda qisas hissi daha da baş qaldırdı. Poladla Ağdam döyüşlərində, 1994-cü ilin Aprel ayında Murovdağ döyüşlərində bir yerdə olmuşuq. Həm də biz qohum idik”.