“Murov qartalı”nın 49-cu doğum günü: “Ölümündən qabaq anasının məzarını tapıb...” - REPORTAJ - FOTO - VİDEO

“Murov qartalı”nın 49-cu doğum günü: “Ölümündən qabaq anasının məzarını tapıb...” -  REPORTAJ - FOTO - VİDEO backend

Bu gün Ağdamı görmək arzusu ilə alışıb yanan, həyatının 26 ilini hərbi xidmətə həsr etmiş bir qəhrəmanın doğum günüdür. O qəhrəman ki, anası hələ 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Azərbaycanın igid oğullarından biri kimi anasının qisasını almaq, doğulub-boya-başa çatdığı torpaqlarını geri qaytarmaq üçün o, könüllü olaraq Allahverdi Bağırovun dəstəsinə qoşulur. Və bir daha heç vaxt mülki həyata qayıtmır...

Söhbət hər kəsin “Murov qartalı” kimi tanıyıb sevdiyi, xatirəsini əziz tutduğu şəhid polkovnik-leytenant Raquf Orucovdan gedir. O heç vaxt doğum günlərini qeyd etməyib. Bu gün 30 ilə yaxın həsrət qaldığımız, uğrunda neçə-neçə oğulların canından keçdiyi Qarabağ, Azərbaycan torpaqları artıq  işğaldan azad edilib. Kim bilir, bəlkə də yaşasaydı, bu gün 49 yaşını məhz doğulduğu Ağdam torpaqlarında qeyd edərdi.

Ailənin birinci övladı olan Raquf Orucovun özündən başqa üç qardaşı və bir bacısı var. Doğum günündə şəhidimizin əziz xatirəsini həyat yoldaşı Sevinc Orucova ilə yad etdik.

Həyat yoldaşı şəhid olduqdan sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini təsis edən Sevinc Orucova deyir ki, bununla o, Raquf Orucovun ömür boyu ümid etdiyi qalibiyyəti, zəfəri yaşatmağa çalışıb:

“Bu gün onun dünyaya gəldiyi gündür. Heç vaxt doğum gününü qeyd etməsə də, yanımızda olması bizim üçün bəs edirdi. Raqufun ən böyük arzusu düşmən üzərində zəfər qazanmaq idi. Azərbaycan Ordusu bunu etdi, lakin təəssüf ki, o, Qarabağın azad olunduğunu görə bilmədi. O şəhid olandan sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini yaradanda hər kəs mənə deyirdi ki, “niyə yasını tutmursan? Bu ərəfədə heç yeridirmi?” Amma neçə ildir mən Raqufun adından yaratdığımız bu birlik vasitəsilə çoxsaylı işlər görərək onun xatirəsini, onun mərhəmətini, xeyirxah əməllərini davam etdirirəm. Raquf bir gün qələbə qazanacağımıza o qədər inanırdı ki, mən də onun ümidlərini, inamını bu birlik vasitəsilə yaşatmaq qərarına gəldim. Azərbaycanın zəfəri də çox gecikmədi. Artıq Qarabağ azaddır”.

R.Orucovun xatirələrindən danışmaq nə qədər insanın ürəyini incidib, qəhərə boğsa da, Sevinc xanım həyat yoldaşı ilə hər zaman fəxr etdiyini deyir:

“Raquf heç zaman evdə iş barədə danışmazdı. Lakin, o, həmişə Ağdamda ilk özünü müdafiə batalyonun komandiri olan Şirin Mirzəyev barədə fəxrlə danışardı. Həmişə deyirdi ki, o mənim komandirim olub, onunla, Allahverdi Bağırovla çiyin-çiyinə döyüşmüşük. Bu gün qazanılan qələbədə onların hər birinin payı var. Biz keçmişdən güc alaraq zəfər qazandıq. Onların qələbəyə doğru atdığı addımları, yarım qaldığı yerdən davam etdirərək, zirvəyə yüksəldik, zəfər qazandıq. Bu insanlar dəyərdir, onların xatirələri hər zaman zirvədə olmalıdır”.

Şəhid polkovnik-leytenant Raquf Orucovun anası Raya Orucova Ağdamın Cinli kəndində şəhid olsa da, qardaşı ilə birlikdə anasının nəşini kənddən çıxarıb yaxınlıqdakı Çullu kəndində torpağa tapşırırlar. Anası şəhid olanda qardaşının 18 yaşı olsa da, bu gün anasının dəfn edildiyi yeri gözübağlı tapıb.

Sevinc xanım deyir ki, anasına məzar daşı qoya bilməməsi Raquf Orucovun da, qardaşlarının da həyatında sağalmaz yara qoyub: 

“Ağdamın Cinli kəndi işğal edilən günü Raya xanım düşmənin atdığı güllə nəticəsində şəhid olub. O an anasının nəşini kənddən çıxara bilməyib. Gecə ilə iki qardaş kəndə girib, analarının nəşini çıxarıb atışma gedə-gedə, Çullu kəndində təpənin üstündə dəfn edirlər. Dəfn etdikləri yeri düşmənlər bilməsin deyə ətrafında heç nə yox kiçik bir daş qoyublarmış. Nəhayət Ağdam azad olunan gün Raqufun ürəyində qalan arzusunu gerçəkləşdirdim. Onun anasının məzarını tapıb, döyüş bayrağını məzarının üzərinə sərdim.

Qaynımla aidiyyəti qurumların əməkdaşları ilə danışdıq, iki gün əvvəldən əraziyə baxış keçirildi. Biz gedəndə qaynım heç çətinlik çəkmədən Raya xanımın dəfn olunduğu yeri tapdı. Məzar təpənin başında idi, oradan baxanda bütün kənd görünürdü. Əvvəldən ətrafda olan və məzar daşı qoyulan qəbirlərin hamısını düşmən dağıtmışdı. Amma burda kiminsə dəfn olunduğunu bilməmişdilər.

Biz ora gedəndə bildim ki, sən demə, Raquf anasının məzarını daha əvvəl tapıb və ziyarət edib. Məzarın ətrafını əlinə keçən xırda-xırda daşlarla işarələyib. Ana həsrəti, vətən həsrəti qəlbində şəhid oldu Raquf. Əgər imkanım olsaydı, məni qınamasaydılar, çox istərdim ki, Raqufun məzarını anasının yanına, canından keçdiyi torpağa köçürərdim.

Ağdamda Seyid Lazım Ağa ocağı var. Onun nəvəsi Seyid Yusif Ağa dedi ki, Raquf bir gün gedib onun yanına və “artıq anama yasin oxuya bilərsən, onu ziyarət etdim” deyib”.

Ağdam işğaldan azad olunandan sonra şəhid polkovnik-leytenantın doğulduğu Cinli kəndinə gedən S.Orucova deyir ki, həyat yoldaşının doğma torpaqlarına, böyüdüyü evə onsuz getmək çox çətin olub:

“Ağdərəyə yaxın, bar-bəhərli kənddə ermənilər özlərinə koma tikib yaşayırdılar. Ata ocağı viran qalmışdı. Çox dəhşətlidir, hərdən deyirəm ki, kaş sağ olaydı, bizimlə birgə o torpaqlara geri qayıdardı. Qəlbində daşıdığı, ömür boyu üzündən gülüşü əskik edən yaraları, həsrəti bitirəydi. Kaş Ağdamı dünya gözü ilə görüb, orada şəhadətə yüksələrdi. Anasının məzarından, Şuşadan Cıdır düzündən torpaq gətirib Raqufun məzarına tökdüm”.

Heç vaxt doğum gününü qeyd etməyən “Murov qartalı”nı bu gün Azərbaycan xalqı məzarı başında ziyarət edərək, qarşısında baş əyir. “Bəlkə də 49 yaşını doğulduğu torpaqda qeyd edib 48 ilin həsrətini, tilsimini qırardı” deyə düşünsək də, Sevinc xanım düşüncələrimizə ağrı-acılarla dolu cavab verdi:

“Uşaqları, mən Raquf üçün çox darıxırıq. Bilmirəm, mənə bunu demək çox çətindir.  Ağdam azad olunan günü səhərə qədər yatmadım. Raqufun sirdaşı, yaxın dostu Gizirxanla danışdım. O xəbər verdi ki, komandirin ruhu şaddır, Ağdam artıq bizimdir. Bir kəlmə dedim ki “Ağdama Raqufun gözü ilə bircə dəfə də olsun bax...”. Həmişə xəritədə kəndini tapıb göstərirdi ki, bu, bizim kəndimizdir, bir gün gedərik. Qismət olmadı. Raqufun qorxusuz olmağı məni həmişə qorxudurdu. Quzanlı kəndində özünə kiçik bir ev tikmişdi. Yarımçıq qalan işləri də biz tamamladıq. Tikdiyi evdə də çox yaşaya bilmədi. Həyətdə əkdiyi ağaclarına biz qulluq edirik. Daim gedib gəlirik. İndi orda yaşayan yoxdur, amma Raqufun nəfəsi ordadır. Əşyalarını biz ora aparmışıq. Ağdam sakinləri o evi göz bəbəyi kimi qoruyur”.

Hərbçi həyatında ən çətin əməliyyatları uğurla həyata keçirən, 9 ilə yaxın Murov zirvəsində xidmət edən Raquf Orucov hər fürsətdə ailəsinin yanına gəlib, övladları ilə görüşürdü. Lakin, təəssüf ki, bütün əməliyyatlardan sağ-salamat qayıdan polkovnik-leytenant 2016-cı il aprel ayının 4-də ailəsini son dəfə silah yoldaşlarının çiynində, xalqın izdihamı ilə ziyarət edib:

“Raquf şəhid olmazdan bir neçə gün əvvəl kiçik oğlumla danışmışdı. Mənə dedi ki, nəsə səsi xoşuma gəlmədi. Uşaqlarına qarşı çox həssas, qayğıkeş ata idi. Bizə xəbər vermədən kiçik oğlumu qarşılamaq üçün məktəbin qarşısına gedib. Həmin gün də uşaqlar evə tez gəlib. Raquf gözləyib-gözləyib, narahat olub. Nəhayət məni yığdı ki, “bəs bayaqdan gözləyirəm uşaq çıxmır”. Mən də dedim ki, uşaqlar evdədi, gərək xəbər edərdin. Raquf şəhid olan gecəsi axşam balaca oğlum yuxu görmüşdü. Yerdən elə durdu ki, məni də qorxutdu. Dedi ki, “ana çox pis yuxu gördüm, qoy, gözümü açım, oyanım”. Nə qədər yalvardım ki, mənə yuxusunu danışsın, danışmadı. Amma hiss etdim ki, atası ilə bağlıdır. Sanki uşaq hiss edirdi.

Səhər saatlarına yaxın bizə xəbər gəldi ki, Raquf şəhid olub. Çox qəribədir eyni cür Raquf da onu hiss edirdi. Şəhid olduğundan bir il keçmişdi. Bir dəfə yuxuma girdi. Məni yuxudan oyatmağa çalışırdı ki, “tez oyan, uşağın qızdırması var”. Elə yuxudan oyanıb tez otağa keçdim, gördüm ki, uşağın qızdırması yüksəkdir. Biz onu qoruyurduq ki, qızdırması qalxmasın. Böyük oğlum ali məktəbə sənəd verəndə də çox narahat idik. Onda da yuxuma girib gülə-gülə demişdi ki, “narahat olma, hər şey yaxşı olacaq”. Raquf sanki fiziki olaraq yanımızda yoxdu, amma hələ də bizi gözündən kənara qoymur. Mənəvi olaraq hər dəqiqə yanımızdadı”.

“Murov qartalı”ndan geriyə qalan xatirələri ailəsi ilə baş gizir Yasən Əhmədov bölüşürdü. Həyatın qismətinə bax ki, 44 günlük Vətən müharibəsində iştirak edən Y.Əhmədov da dostu R.Orucov kimi Talış istiqamətində gedən döyüşlərdə, onun şəhid olduğu yerdə şəhatədə yüksəlib.

Azərbaycanda çox az zabit var ki, 25 yaşında yüksək nailiyyətlər qazansın. Onlardan biri də həmin yaşda ulu öndər Heydər Əliyev tərəfindən medalla təltif olunan “Murov qartalı” olub. Ondan geriyə qalanlar isə forması, şərəfli həyat yolu və hərbçilərə örnək olan cəsur, qəhrəman kəşfiyyatçı obrazıdır.

Sevinc xanım deyir ki, kiçik oğlu atasının şəhid olmasını hələ də qəbul edə bilmir:

“Oğlum bu xəbərlə çox sarsıldı, hələ də o, atasının yolunu gözləyir. Bir gün geri qayıdacağına ümid bəsləyir. Raqufun adının yazıldığı qələmi belə göz bəbəyi kimi qoruyur. Bir dəfə çantasına qoyub məktəbə aparmışdı. Sinif yoldaşlarından kimsə icazəsiz həmin qələmi götürəndə, ona çox pis təsir etmişdi. Saatlarla ağlamışdı. Onun üçün atası ayrı bir dünyadır, mən ona o dünyanı əvəz edə bilmirəm. O dünyaya heç kim keçə bilmir. Düşünürəm ki, qəlbində bəlkə atasının onu qoyub getməsindən küsüb. Ölümü hələ dərk etmir, böyüdükcə atasının pərvanə kimi Vətənin başına fırlanıb ən sonunda özünü fəda etdiyini anlayacaq. Anlayacaq ki, atası da digər şəhidlərimiz kimi övladlarımız, bütün Azərbaycan xalqının gələcəyi üçün canını fəda etdi”.

R.Orucov ölümündən 1 ay qabaq şəxsiyyət vəsiqəsi üçün müraciət edib. 48 illik həyatında cəmi bir dəfə şəxsiyyət vəsiqəsi alıb, onu da daşımaq cəmi 1 ay qismət olur.

Şəhid polkovnik-leytenant Raquf Orucovdan ailəsinə geriyə qalan isə az da olsa qoxusunun qaldığı köynəyi, övladlarına aldığı kiçik əsgər fiqurlar və gözlərində qığılcım yaradan xatirələrdir.

49-cu doğum günün mübarək olsun, sağlığında da, bundan sonra da zirvələrdən enməyən “Murov qartalı”...

Diaspora