"Murov qartalı"nın doğum günüdür - FOTO

"Murov qartalı"nın doğum günüdür -  FOTO backend

Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.

Şəhid polkovnik-leytenant,”Murov qartalı” yaşasaydı ömrünün 49 -cu yaşını qeyd edəcəkdi. Lakin qəhrəman komandir ölməzliyi seçdi...

Qaziler.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi qazisi Raquf Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub.

1990-cı ildə Sovet qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılaraq, çətin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb. 1993-cü ilin 12 iyununda erməni ordusunun Ağdam rayonunun Cinli kəndini işğal etməsi nəticəsində Raquf Orucov anası Raya xanımı itirib.

O, 1995-ci ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə qəbul olub. Bir il sonra həmin məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağda alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.

Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub.Düşmənlə qəhrımancasına vuruşan Raquf Orucov şəhid olub. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

2016-cı il iyulun 12-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan “Qarabağ”- “Dudelanj” (2:0) görüşündən əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda həmin gün 44 yaşı tamam olan Raquf Orucovun xatirəsinə banner açılıb.

13 fevral 2017-ci ildə isə Oxford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan "Murov qartalı" kitabının təqdimatı mərasimi keçirilib.

Raquf Orucovun Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

Qeyd edək ki, tanınmış yazıçı-publisist Şərif Ağayar şəhid komandir Raquf Orucova həsr olunan "Komandir" romanını yazıb. 

Ruhun şad olsun, KOMANDİR!

Diaspora