Qarabağda "Ağıllı kənd" və "Ağıllı şəhər" layihələrinin həyata keçirilməsinə artıq start verilib. Bu da azad olunmuş ərazilərdə müasir standartlara uyğun kommunikasiyaların yaradılmasını özündə ehtiva edir. İlkin olaraq Zəngilanda "Ağıllı kənd"in bünövrəsi qoyulub.
Qarabağda yaradılan "Ağıllı kənd", "Ağıllı şəhər" nədir?
"Smart City", yəni "Ağıllı Şəhər" elə bir ərazidir ki, orada məlumat toplamaq üçün müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə edilir. Toplanılmış məlumatlardan əldə edilən anlayışlar aktivlərin və resursların səmərəli istifadəsinə yönəldilir.
Bundan əlavə, aidiyyəti dövlət qurumları da bütün məlumat bazasında yığılan informasiya əsasında optimallaşdırma işləri aparmaq imkanı qazanır.
Bütün bu elektronlaşdırma tətbiqi tibb və nəqliyyat sahəsi üçün də keçərlidir. O cümlədən, ətraf mühitin qorunmasında havanın yoxlanılması üçün naqilsiz sensor şəbəkələri vasitəsilə şəhər ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə mümkündür.
"Ağıllı şəhər"in digər şəhərlərdən fərqi bütün infrastrukturun elektronlaşdırılması və böyük məlumat bazasının yaradılmasıdır. Bu məlumat toplusu əsasında bütün şəhər üzrə xərclərin və əhalinin yaşayış keyfiyyəti üzrə səmərəlilik artırılır.
Bəs "Ağıllı kənd" nəyə görə lazımdır?
Dünyada bu tipli kəndlərin yaradılmasında ilk məqsədlərdən biri insanların şəhər yerlərinə axının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılır ki, onların şəhərdəki bütün xidmətlər kənddə də olur.
İkinci vacib məqam isə "Ağıllı kənd" insanlara kəndə şəhərə nisbətən daha çox pul qazamnaq imkanları yaradır.
Aprelin 28-də şğaldan azad edilmiş Zəngilan rayonunda Prezident İlham Əliyevin iştirakı ilə ilk "Ağıllı kənd" layihəsinin təməli qoyulub. Ağalı kəndində icra olunacaq layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər.
Bəs "Ağıllı kənd"lərdə nələr olur?
"Ağıllı kənd"lərdə yüksək sürətli internet, e-sağlamlıq sistemi, elektron xidmətlər, elektron sinif, biometrik pasportlar verilir.
"Ağıllı kənd" layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılaraq, "ağıllı tədris", "ağıllı səhiyyə" və "ağıllı kənd təsərrüfatı" sistemlərini həyata keçiriləcək.
Kənd Təsərrüfat Nazirliyindən verilən məlumata görə, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.
Azərbaycan İnnovasiyalar Agentliyinin əlaqələndiricisi Elman Kərimli isə Trend-ə müsahibəsində qeyd edib ki, Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələrin reallaşdırılmasında 5G texnologiyalarına üstünlük verilir.
5G texnologiyası ilkin olaraq "Smart City" və "Smart Village" kimi iri layihələr üçün hazırlanıb:
"4G antenlərində fərqli olaraq 5G antenaları kiçikdir və modemə bənzəyir. Bu texnologiyanın quraşdırılması asandır, sürəti isə dəfələrlə yüksəkdir. Fikrimcə, simsiz internetin siqnalının alınmasında qüsurların qeydə alınacağı bəzi ucqar yerlərdə kabel internet bağlantısı zəruridir. "Ağıllı" layihələrin böyük əksəriyyəti 5G texnologiyalarına əsaslanacaq".
O bildirib ki, regionda dövlət sektorunun, kiçik və orta biznes sektorunun fəaliyyətinin avtomatlaşdırılması üzrə strateji planlar hazırlanıb. Azərbaycan İnnovasiyalar Agentliyinin nümayəndəsi əlavə edib ki, bu layihələrin reallaşdırılmasının əsas ideyası problemlərin həllindən, təbii ehtiyatlara və dövlət vəsaitlərinə qənaət olunmasından ibarətdir:
"Kənd təsərrüfatının avtomatlaşdırılması ilə yanaşı, bu ərazilərdə turizm sektorunun elektronlaşdırılması da zəruridir. Bu regiona səfər edən turistlər elektron kartlar əsasında onlar üçün daha çox maraq kəsb edən yerlərdə hərəkət edə bilər".