Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinin açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, Milli Qəhrəmanın anadan olduğu Biləsuvar rayonunun Əliabad kəndində tikilən ev muzeyinin açılış mərasimində Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
Muzeyin açılışında çıxış edən F.Qürbətov qeyd edib ki, Mübariz İbrahimov göstərdiyi əvəzolunmaz şücaəti ilə Azərbaycan gəncliyinin qəhrəmanlıq ruhunu yeniləyib.
Fəzail İbrahimli isə çıxışında bildirib ki, Vətən Muharibəsində əldə etdiyimiz tarixi qələbədə Mübariz məktəbinin rolu əvəzsizdir: “Muharibədə vətən oğulları Mübarizin göstərdiyi qəhrəmanlıqdan güc alaraq, misilsiz qəhrəmanlıqları sayəsində düşməni torpaqlarımızdan qovdu”.
Mübariz İbrahimovun qardaşı oğlu balaca Mübarizin 3 yaşının tamam olmasına təsadüf edən muzeyin açılışında lent qəhrəmanımızın atası Ağakərim İbrahimov tərəfindən kəsilib.
Qeyd edək ki, M.İbrahimovun ev muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Bir mərtəbədən ibarət olan muzeyin sərgi zalında Milli Qəhrəmana aid şəxsi əşyaları və eksponatlar yer alıb.