“Ağdamda ordumuza atəş açan elə Rusiya hərbçilərinin özləri olub…”

“Ağdamda ordumuza atəş açan elə  Rusiya hərbçilərinin özləri olub…” backend

“Hazırda Qarabağdakı “müdafiə ordusu” adlanan qanunsuz qurumun tör-töküntüləri elə bir vəziyyətdədir ki, onların Azərbaycan ordusuna tərəf atəş açmağa marağı və halı da yoxdur…”

 

“Bildiyiniz kimi, dünən Ağdamdakı insidentdən öncə  Erməni Silahlı Qüvvələri iyunun sonlarında 2 dəfə Tovuz, bir dəfə isə Kəlbəcər istiqamətindən atəşkəsi pozublar.  Təəssüf ki, Tovuz istiqamətində atəşkəsin pozulmasından sonra Azərbaycanın bəzi “bərkgedən” “politoloq” adlanan şərhçiləri sanki hansısa qüvvələrə  yarınmaq  məqsədilə bunu belə yozdular ki... Onların sözlərinə görə, həmin istiqamətdə yerləşən Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri  KTMT-nin keçmiş Baş katibi, Ermənistan Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi general polkovnik Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturovdur. Və Xaçaturovun Paşinyan hakimiyyəti ilə problemləri olduğuna görə bu insidenti o, təşkil edib”.

 

Bunu Moderator.az-a açıqlamasında dünən - iyulun 6-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam istiqamətində yerləşən bölmələrinin atəşə tutulması və nəticədə bir hərbçimizin yaralanması hadisəsini şərh edən hərbi ekspert Tərlan Eyvazov söyləyib.

 

“Ancaq mən elə Tovuzdakı olaydan dərhal sonra mediaya açıqlamamda  söylədim ki, bu, Rusiyanın əməlləridir. Və bu, ilk növbədə yüksək səviyyəli Şuşa bəyannaməsinə olan cavabdır. Yəni bunlar öz əlacsız hikkələriylə Azərbaycan və Türkiyənin həmin uğurlu gedişinə qarşı nəsə etməyə çalışırlar. Moskva üzdə  rəsmi Bakı və Ankara ilə əməkdaşlıqlarını edir, amma pərdə arxasında yenə də öz işini görür. Həmin insidentlərə münasibətdə Azərbaycan tərəfinin soyuqqanlı davranmasından yararlanan düşmənlər bu dəfə artıq Yuxarı Qarabağdan Ağdam istiqamətində yerləşən ordu hissələrimizə  atəş açaraq bir hərbçimizi yaraladılar.  Guya bunu da Qarabağdakı qanunsuz erməni silahlıları edib”- açıqlamasının ardında bunları söyləyən Əfqanıstan və 1-ci Qarabağ müharibələrinin iştirakçısı olan həmsöhbətimiz Yuxarı Qarabağda tör-töküntüləri qalan separatçı rejimin qondarma “müdafiə ordusu”nun hazırda çox acınacaqlı durumda olduğunu da diqqətə çatdırıb.  

 

“Fəqət az-çox məlumatı olan biri kimi deyirəm ki, hazırda Qarabağdakı “müdafiə ordusu” adlanan qanunsuz qurumun tör-töküntüləri elə bir vəziyyətdədir ki, onların Azərbaycan ordusuna tərəf atəş açmağa marağı və halı da yoxdur. Bunu sizə tam məsuliyyətlə deyirəm. Birincisi,  separatçı rejim heç postlara qoymağa erməni tapmır. Qanunsuz birləşmələrdə qalan azsaylı silahlılar da həddindən artıq könülsüz xidmət edirlər. Xüsusilə də Şuşa bəyannaməsindən sonra Qarabağdakı ermənilər Azərbaycan və Türkiyənin bölgədə böyük güc sahibi olduqlarını və Azərbaycanın qalib ordusunun Yuxarı Qarabağın bir hissəsində və ətrafındakı real varlığını hiss edirlər. Odur ki, onların nəinki hərbi xidmət keçmək, Qarabağda qalması məsələsi artıq sual altındadır. Hesab edirəm ki, bu atəşkəs pozuntusu yalnız və yalnız  Rusiyanın sülh missiyası adı altında orada fəaliyyət göstərən hərbi kontingentinin işidir. Yəni Ağdamda ordumuza atəş açan elə Rusiya hərbçilərinin özüdür. Bu, Moskvanın  əməlidir. Belə olaylar yaratmaqla Azərbaycan tərəfinə təzyiq göstərməyə  və  bununla həmçinin Rusiya ordusunun Qarabağdakı mövcudiyyətinin vacib olduğunu vurğulamağa çalışırlar.  Amma onlar düşünmürlər ki, artıq 1990-cı illər deyil, indi müasir texnologiyalar vasitəsilə kimin harada nə iş gördüyü aydın şəkildə bilmək olur...” - deyə hərbi ekspert vurğulayıb.

Diaspora