Etimad Əsədov: “Azərbaycan dövləti, onun prezidenti torpaqların işğalda qalması ilə heç vaxt barışmayacaq”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu günlərdə 51-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı zamanı Qarabağla bağlı səsləndirdiyi fikirlər, ona ünvanlanan suallara cavabı cəmiyyətdə böyük reaksiya doğurdu. Dövlət başçısının bu çıxışı Qarabağ müharibəsi döyüşçülərini xeyli ruhlandırıb.Qazilər.az saytı “Yeni Müsavat” qəzetinə istinadən xəbər verir ki, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov bu barədə danışarkən bildirib ki, Ali Baş Komandanın çıxışı Azərbaycan xalqının, xüsusilə də keçmiş döyüşçülərin ürəyincə olub: “Doğrudan da düşmən əsgəri bizim torpaqlarımızda nə gəzir ki, orda da ölür?! Bu həm ermənilərə də bir xəbərdarlıqdır ki, siz nə qədər bizim torpaqları işğalda saxlayacaqsınız, bir o qədər ölümə məhkum olacaqsınız. Prezident düşmənə bəyan etdi ki, siz doğru yola gəlin, işğala son qoyun, torpaqları azad edin, ondan sonra münasibətlərin yenidən qurulması məsələsinə baxa bilərik. Bu, çox yaxşı bir haldır”. E.Əsədov çıxışdan ortaya çıxan bir nəticəyə xüsusi diqqət çəkdi: “Bu mesaj həm də ondan xəbər verir ki, Azərbaycan dövləti, onun prezidenti torpaqların işğalda qalması ilə heç vaxt barışmayacaq, onun azad olunması üçün var gücü ilə çalışacaq, müharibə yolu ilə də olsa, ərazilərini azad edəcək. Biz, Azərbaycanın ərazi bütövlüyü uğrunda xidməti olmuş insanlar istəyirik ki, qalib ordunun əsgəri, qalib dövlətin vətəndaşı olaq. Bu mənada biz hər an müharibəyə hazırıq. Ali Baş Komandanın bir əmri kifayətdir ki, təcrübəsi olan insanlar kimi biz də ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak edək və qələbənin sevincini, qürurunu yaşayaq, şəhidlərin ruhunu şad edək”.
Xatırladaq ki, sözügedən konfransında İ.Əliyev Ermənistan nümayəndəsinin Qarabağda erməni əsgərlərinin öldürülməsi ilə bağlı ona ünvanlanmış suala çox sərt cavab verib: “Mənim Ermənistana mesajım budur: Erməni əsgər Ağdamda nə axtarır, əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin...” deyən ölkə başçısı Münhendə bir daha işğalçının torpaqlarımızdan çıxmasını tələb etdi.