“Qarabağ müharibəsi” termini qadağan olunsun və “Vətən müharibəsi” ifadəsi işlədilsin. Rusiyalı tanınmış politoloq, daim Azərbaycanın haqlı mövqeyindən çıxış edən Aleksandr Perenciyev bu barədə bildirib. O hesab edir ki, “Qarabağ müharibəsi” ifadəsi Azərbaycanın milli maraqlarına ziyan vurur və ermənilərin təbliğatına işləyir.
Politoloq fikrini belə izah edib: “Düzdür, Dağlıq Qarabağ Azərbaycanla Ermənistan arasında hərbi toqquşmanın başlanmasının ilk ərazisi olub. Lakin sonradan erməni hərbi bölmələri bu keçmiş muxtar vilayətə aidiyyəti olmayan digər Azərbaycan torpaqlarını da işğal etdi. Dağlıq Qarabağ isə bu ərazilərin kiçik bir parçası idi.
“Qarabağ müharibəsi” termininin işlədilməsi ilk növbədə Ermənistan tərəfinə silahlı mübarizənin getdiyi bütün əraziləri “Dağlıq Qarabağ” kimi təqdim etmək imkanı verir. İkinci, birinci tezisdən irəli gələrək, rəsmi İrəvan bunu “bayraq” edərək, beynəlxalq hüququn bütün digər subyektlərinə Ermənistanla Azərbaycan arasında konfliktin məhz guya “mübahisəli” Dağlıq Qarabağa görə davam etməsini sübut etməyə çalışır. Yəni “Qarabağ” termini Ermənistan rəhbərliyinə, onun diplomatlarına, ekspertlərinə və rəsmi İrəvan tərəfində çıxış edən bütün şəxslərə müharibənin “mübahisəli ərazilər” uğrunda aparıldığını müxtəlif arenalarda iddia etmələrinə imkan verir. Əslində isə Qarabağ heç vaxt mübahisəli ərazi olmayıb. Üçüncüsü, “Qarabağ müharibəsi” termini, ümumiyyətlə, işğal altında olan ərazilərin qaytarılması üçün Azərbaycan tərəfinin apardığı Vətən müharibəsinin xarakterini əks etdirmir. Bu, rəsmi Bakının düşmənlərinə Azərbaycanın guya “aqressor” olduğunu deməyə zəmin yaradır. Düzdür, Azərbaycanda 44 günlük müharibə rəsmi olaraq “Vətən müharibəsi” adlanır. Amma KİV “Qarabağ müharibəsi” terminini istifadə etməyə davam edir. Ən azından, ilkin olaraq Azərbaycan ərazisində “Qarabağ müharibəsi” termini ümumiyyətlə qadağan edilməlidir".
Bəs təklifə Azərbaycanda necə baxırlar? Faktdır ki, biz hələ də “1-ci Qarabağ müharibəsi”, “2-ci Qarabağ müharibəsi” terminlərini işlədirik.
Elçin Şıxlı: “Hansı termindən istifadə eləsək belə, ermənilər yenə də eyni şeyi deyəcəklər”
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Yeni Müsavat”a bildirdi ki, hansı termindən istifadə etsək belə, bunun ermənilərin mövqeyinə, fəaliyyətinə təsiri olmayacaq: “Ermənilər Qarabağ məsələsi ilə bağlı, Azərbaycana qarşı təbliğat və təxribatlarından bizim terminləri dəyişməyimizlə əl çəkəsi deyillər. Onların mahiyyəti elədir ki, ”Qarabağ müharibəsi" və “Vətən müharibəsi” yox, hətta Antarktida müharibəsi yazsaq və desək də onlar eyni şeyi edəcəklər. Qarabağ Azərbaycanın ərazisidir. Burada bir incə məqam var ki, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi olub, keçən il isə 44 günlük ikinci Qarabağ müharibəsi olub. İstəyirsiniz buna görə “Qarabağ Vətən müharibəsi” deyək. Biz ancaq və ancaq 2020-ci ilin 27 sentyabrında başlanan müharibəyə Vətən müharibəsi deyəcəyiksə, bəs o zaman Birinci Qarabağ müharibəsi necə olsun? Axı “Birinci Vətən müharibəsi”, “İkinci Vətən müharibəsi” yazmaq, demək düzgün olmaz. Ona görə də biz diplomatik müstəvidə danışıqlarda “Qarabağ müharibəsi” ifadəsini işlətməliyik, öz ölkəmizin daxilində isə həm “Qarabağ müharibəsi”, həm də “Vətən müharibəsi” ifadələrindən istifadə edə bilərik".
Fərhad Mehdiyev: “Vətən müharibəsi” ifadəsini Azərbaycanın daxilində, öz aramızda danışıqlarda, yazılarımızda işlədə bilərik və işlədirik”
Politoloq Fərhad Mehdiyev də bildirdi ki, beynəlxalq müstəvidə diplomatik danışıqlarda “Qarabağ müharibəsi”, “Birinci Qarabağ müharibəsi”, “İkinci Qarabağ müharibəsi” terminlərindən istifadə edilir. Çünki diplomatik danışıqlarda, yazışmalarda bizim ”Vətən müharibəsi" terminini işlətməyimiz anlaşılmaz vəziyyət yaradar: ““Vətən müharibəsi” ifadəsinin beynəlxalq aspektdə tutacağını düşünmürəm. Xarici jurnalistlər öz medialarında bizim müharibədən yazarkən “Vətən müharibəsi” yaza bilməzlər, onlar məcburdurlar ki, “Qarabağ müharibəsi”, “Birini Qarabağ müharibəsi”, “İkinci Qarabağ müharibəsi” yazsınlar. “Vətən müharibəsi” ifadəsini Azərbaycanın daxilində, öz aramızda danışıqlarda, yazılarımızda işlədə bilərik və işlədirik. Azərbaycan daxilində həm “Qarabağ müharibəsi”, həm də “Vətən müharibəsi” ifadələrindən istifadə edilir və belə də olmalıdır. Bizim hansı ifadəni işlətməyimizin isə Ermənistanın mövqeyinə təsir edəcəyi ehtimalı yoxdur. Münaqişənin rəsmi adı belə gedirdi: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Yəni bu müharibənin, münaqişənin tərəfləri Azərbaycanla Ermənistandır".
“Yeni Müsavat”