“Müharibə onun yaralı yeri idi...” - “Canavar” ləqəbli döyüşçümüzün həyat yoldaşı...

“Müharibə onun yaralı yeri idi...” -  “Canavar” ləqəbli döyüşçümüzün həyat yoldaşı... backend

“Daşdəmir Xüsusi Təyinatlı Qüvvələrdə xidmət göstərirdi. Amma bir müddət sonra bəzi səbəblərə görə hərbidən ayrıldı. Bundan sonra o, müxtəlif sahələrdə xidmət göstərdi, amma müharibə onun yaralı yeri idi”

 

Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan mayor Daşdəmir Paşayevin həyat yoldaşı Günay Paşayeva deyib. Şəhidimizin  xanımı qəhrəman həyat yoldaşının döyüş yolunu belə nəql edib:

 

“Orduda Baş-leytenant rütbəsinə qədər yüksəldi. Daha sonra İsveçrədə 6 aylıq Xüsusi Təyinatlıların kursunu keçdi. Ardınca Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət göstərməyə başlayıb. Amma bir müddət sonra bəzi səbəblərə görə hərbidən ayrıldı. Bundan sonra o, müxtəlif sahələrdə xidmət göstərdi, amma müharibə onun yaralı yeri idi. Bəlkədə birinci Qarabağ savaşı ərəfəsində doğulduğu üçün Qarabağda törədilən bütün vəhşiliklərə dözə bilmədi”. 

 

“Dörd övladımız olduğu üçün onu müharibəyə aparmaq istəmirdilər...”

 

 

“Ona görə də 2020-ci il sentyabrın 27-də döyüşlər başlayanda Daşdəmir müharibəyə getmək üçün özü müraciət etdi. Oktyabrın 7-nə qədər səfərbərliyə gedib-gəlirdi və tələb edirdi ki, onu döyüşə göndərsinlər. Dörd övladımız olduğu üçün onu müharibəyə aparmaq istəmirdilər. Amma nəhayət ki, o, bu istəyinə nail oldu və döyüşə yollandı. Döyüşlərdə onu çevik və sərtliyinə görə onu “vəhşi pişik” adlandırırdılar. Daşdəmir onlarla erməni tulasını cəhənnəmə yollayıb. Hətta ermənilərlə əlbəyaxa döyüşməyi də arzulayırdı. 

 

“Biz onunla sonuncu dəfə oktyabrın 29-da danışmışdıq...”

 

 

Allah onu bu arzusuna da çatdırdı. O, Şuşaya daxil olan könüllülərdən ibarət dəstənin komandiri idi. 23 günlük döyüş yolunda böyük şücaətlər göstərib. Lakin oktyabrın 30-da düşmən snayperi tərəfindən vurularaq qəhrəmancasına şəhid olub. Noyabrın 8-də onun tabutunu gətirdilər. Noyabrın 9-da isə İkinci Fəxri Xiyabanda böyük izdihamla dəfn edildi. Biz onunla sonuncu dəfə oktyabrın 29-da danışmışdıq və daha sonra onunla əlaqə kəsilmişdi”. 

 

Qeyd edək ki, Paşayev Daşdəmiz Əlizaman oğlu 1982-ci il yanvarın 28-də Bakı şəhərində anadan olub. 1988-1996-cı illərdə  orta təhsilini Nizami rayon 250 saylı məktəbində alıb. Məktəb vaxtlarından yoldaşları onu Canavar adlandırıb. O, Cəmiş Naxçıvanski adına Hərbi Liseydə və Ali Hərbi Məktəbdə təhsil alıb. 

 

Vətən müharibəsində göstərdiyi xidmətlərə görə ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. 

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Diaspora