Şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib - VİDEO

Şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib -  VİDEO backend

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı silsilə tədbirlər keçirilir.

Nazirlikdən verilən məlumata görə,  növbəti anım tədbiri Qəbələ rayonunda, ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, mayor Abuşov Bəhruz Zabit oğlunun xatirəsinə həsr olunub.

Şəhidin doğum günündə baş tutan anım mərasiminə toplaşan Müdafiə Nazirliyinin əməkdaşları, Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri, Bəhruzun döyüş yoldaşları, təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi, ailə üzvləri şəhidin dünyaya göz açdığı Nohurqışlaq kəndindəki məzarını ziyarət edib, önünə çələng qoyublar.

Sonra Qəbələ rayon Mədəniyyət Mərkəzində şəhidin xatirə gecəsi keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid Bəhruz Abuşovun ömür yolundan, “Dəmir yumruq” əməliyyatındakı iştirakından, döyüş meydanında göstərdiyi şücaətdən danışıblar.  Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə Bəhruzun göstərdiyi qəhrəmanlığı, mübarizliyi və fədakarlığı xüsusi qeyd olunub.  Nohurqışlaq kənd orta məktəbinin şagirdləri şəhidin əziz xatirəsinə həsr etdikləri şeirlər söyləyiblər.
Şəhidin anası Sərmayə Abuşova  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Diaspora