Azərbaycan növbəti dəfə xoş məram göstərib mina xəritələri əvəzində 15 erməni hərbçini geri qaytardı. Ancaq çətin Ermənistan bundan nəticə çıxarsın və düz yola gəlsin. Onlar yenə diversiya, terror törətmək üçün fürsət gözləyəcəklər – tarix bunu isbat edib. Elə orada dövlət başçısı səlahiyyətlərini icra edən Paşinyanın hadisəyə münasibət bildirərkən yalnız Gürcüstan və Avropaya minnətdarlıq etməsi bir göstəricidir. Azərbaycana minnətdar olmaq lazım idi. Əlbəttə, bu minnətdarlıq bizə yox, erməni xalqının özünə lazımdır.
Diqqət çəkən faktlardan biri isə hazırda Azərbaycanın əlində olan hərbi cinayətkarlardan Eduard Sergey oğlu Dubakovun Rusiya vətəndaşı olmasıdır. Dubakov CM-in terrorizm, qanunsuz silahlı dəstə yaratma, sərhədi qanunsuz keçmə və sairə maddələriylə suçlanır və Qarabağda ordumuz tərəfindən tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsi 23 iyunda Dubakovun işinə baxmalıdır.
Ancaq bu, Qarabağ savaşı tarixində mühakiməyə çıxarılan ilk Rusiya vətəndaşı deyil. Birinci Qarabağ Savaşında daha geniş tərkibli rus heyəti ordumuzun əlinə keçmişdi. Bu günlər həmin hadisələrin ildönümü olduğundan geniş yada salmağa ehtiyac var.
1992-ci ilin 13-14 iyununda ordumuz Sırxavənd, Qazançı, Kiçan, Manikli, Baş Güneypəyə, Orta Güneypəyə, Bəşirlər və Qaraşlar kəndlərini azad edərək Qarabağın mərkəzi hissəsini Ağdərə ilə birləşdirən yeganə körpüyə - Xaçınçayın üstünə çıxmaq üzrə idi. Nəticədə erməni qüvvələri parçalanacaqdı. Vəziyətin necə ağır olmasını Robert Köçəryan sonralar cızmaqara elədiyi kitabında belə göstərmişdi: “Xaçın çayı üzərində, Sırxavənd kəndinin yanında ağır duruma düşdük. Düşmən körpünü tutsaydı, şimala qoşun, zirehli texnika göndərə bilməyəcəkdik, həmin vaxt isə orada gərgin döyüşlər gedirdi. Vəziyyətimiz o qədər pisləşdi ki, Vazgen Sərkisyan ilk dəfə döyüş vertolyotlarını havaya qaldırmağa məcbur oldu”. Ancaq Köçəryan həmişəki kimi tülkülük edir və əslində vertolyotların kimə məxsus olduğunu gizlədir.
15 iyunda həmin hava dəstəyinin də zərbəsi ilə Azərbaycan ordusu 70 nəfərə yaxın itki verir və mühasirədən çıxır, lakin az öncə azad edilən kəndləri, başda Sırxavənd olmaqla, itirir. Həmin döyüşlərdə hərbi hissə komandiri Şirin Mirzəyev həlak olur. Ermənilər Ağdərə yoluna yenidən nəzarət edirlər.
Həmin döyüşlərdə ordumuz Rusiyanın Ermənistanda dislokasiya olunan 7-ci ordusunun 382-ci əlahiddə vertolyot eskadrilyasına məxsus 1 vertolyotu yerdən atəşlə vurur. Polkovnik V.Qulyayev və baş leytenant V.Tereşenko həlak olur.
Ancaq rusların Sırxavənd əməliyyatında iştirakını sübut edən başqa fakt da var. 1992-ci ilin 11 sentyabrında Kəlbəcərin Mərcimək kəndi yaxınlığında Azərbaycan ordusunun 701-ci briqadasının kəşfiyyatçıları tərəfindən 7-ci ordunun 6 hərbçisi – sıravilər Yaroslav Yevstiqneyev, Konstantin Tukiş, Vladislav Kudinov, Andrey Filippov, Mixail Lisovoy və baş leytenant Vladimir Semion ələ keçirilir. Maraqlıdır ki, tutulan zaman ruslar özlərini... “azərbaycanlı kəşfiyyat qrupu” kimi təqdim eləməyə çalışmışdılar.
Aparılan araşdırma zamanı bu 6 nəfərin Rusiya Federasiyasının Ermənistanda, İrəvan şəhərində dislokasiya olunan 39826 nömrəli hərbi hissəsinin 797-ci xüsusi təyinatlı bölüyünə məxsus olduğu və həmin il 15 iyunda Sırxavənd döyüşlərində iştirakı sübuta yetirilmişdi. Məlum olmuşdu ki, bu xüsusi təyinatlı rus əsgərləri həmin döyüşlərdə Azərbaycan ordusunun 3 tankını və Piyadaların Döyüş Maşınını (PDM) vurublar, 30 əsgərimizi öldürüblər.
12 may 1993-cü ildə Azərbaycan Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmüylə həmin 5 əsgər ölüm cəzasına, zabit Semion isə 15 il azadlıqdan məhrumetməyə layiq görülmüşdü.
İşin ilginc tərəflərindən biri Rusiyanın o məhkəmə zamanı tutduğu mövqenin hazırda Ermənistanın “hərbi əsir” mövzusundakı mövqeyi ilə tam üst-üstə düşməsiydi. Bildiyimiz kimi, indi ermənilər Azərbaycanda saxlanılanların diversant, terrorçu olduğunu inkar edir, onları “hərbi əsir” adlandırır. Bunun mənası isə odur ki, 1949-cu ilin Cenevrə konvensiyası hərbi əsirlərə çoxlu hüquqlar verir, onların vətənə qaytarılmasını zəruri edir. 1992-93-cü illərdə də rusiyalı hərbçilərin vəkilləri məhkəmədə onların diversant yox, hərbi əsir olmasında təkid edirdilər. Ancaq bir sadə suala cavab tapa bilməmişdilər: “Əgər onları hərbi əsir saysaq, belə çıxır ki, Rusiya da Azərbaycana qarşı döyüşür?”
1994-cü ildə Milli Məclisin qərarıyla “Rusiya ilə dostluq və tərəfdaşlıq münasibətlərinin tarixini”-filanı nəzərə alaraq həmin 6 cinayətkar ünsür Rusiyaya təhvil verildi və təbii ki, dərhal azadlığa buraxıldılar. Mən qətiyyən peyğəmbər və ya öncəgörən deyiləm, ancaq Eduard Dubakovu da eyni tale gözləyir. Hətta daha qısa müddətdə.
İndi də biz onları tutub-buraxmaqla məşğuluq. Görəsən, haçana qədər?
Zamin Hacı
musavat.com
Foto: 1992-ci ilin 15-16 iyununda Sırxavənd yaxınlığında rus əsgərlərinin sıradan çıxardığı Azərbaycan hərbi texnikaları.