Zərərçəkmiş azərbaycanlı: "Lüdvik Mkrtçyan mənə amansız işgəncələr verirdi" - FOTO

Zərərçəkmiş azərbaycanlı: "Lüdvik Mkrtçyan mənə amansız işgəncələr verirdi" - FOTO backend

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş Vəliyev Qərib Rövşən oğlu dindirilib.

Q.Vəliyev 1999-cu ildə Tapqaraqoyunlu kəndi istiqamətində mal-qara otararkən erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü deyib:

"Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər. Lüdvik Mkrtçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O, Azərbaycan dilindən tərcüməçi kimi işləyirdi. Sinəmə təpiklə vururdu, işgəncələr verirdi. Kabinetdə mənə üç şillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Mənə yaxın gəlib dizi ilə vurub başıma torba keçirdi və başladı mənə amansız işgəncələr verməyə. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o, bizimlə Azərbaycan dilində danışırdı. İki ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra bir ay müddətinə müalicə olunmuşam".

Diaspora