Azərbaycana Zəfər qazandıran Vətən müharibəsi iştirakçıları barədə nə qədər danışsaq yenə də azdır. Bu dəfə sizə 44 günlük Vətən müharibəsinin baş leytenantı Əsgərzadə Bəkir barədə danışacağıq.
Oxu.Az-ın əməkdaşı Vətən müharibəsi qazisi 26 yaşlı Əsgərzadə Bəkir Zakir oğlu ilə həmsöhbət olub.
Ə.Bəkir 1995-ci ildə Qax rayonunun Zərnə kəndində anadan olub. Ailədə bir bacı iki qardaş olduqlarını deyən Ə.Bəkir Vətən sevgisi ilə hərbi sahəni seçdiyini deyib:
“Məktəb yaşlarından bu sahəni seçmək istəyirdim. Elə təhsilimi də bu istiqamətə yönəltdim. 2009-cu ildə sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verdim. Liseyi bitirdikdən sonra 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam. Burada Mühəndis İstehkamçı ixtisası üzrə təhsil almışam. 2016-cı ilin iyun ayının 23-də isə leytenant hərbi rütbəsi ilə ordu sıralarında xidmətə başlamışam”.
B.Əsgərzadə deyir ki, Vətən müharibəsi başlayan zaman N saylı hərbi mühəndis xidmət rəisi vəzifəsində xidmət edirdi:
“Döyüşlər başlayan zaman bizi qruplara bölüb təlimatlara uyğun olaraq istiqamətlər üzrə göndərdilər. Bizim qrup 13 nəfərdən ibarət idi. Mən mühəndis istehkamçı olduğum üçün döyüş tapşırığım ərazilərdəki mina sahələrindən keçidləri açaraq kəşfiyyat qruplarını düşmən mövqelərinə keçməsini təmin etmək idi.
Vətən müharibəsi zamanı Talış kəndi, Tapqaraqoyunlu, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm”.
Qazi B.Əsgərzadə deyir ki, onların mövqelərinin yaxınlığına düşən top mərmisi nəticəsində ayağından yaralanıb:
“Müharibə davam edirdi və biz təyinatlara uyğun şəkildə irəliləyirdik. Döyüş tapşırığını yerinə yetirən zaman yaxınlığımıza top mərmisi atıldı. Ətrafa saçılan qəlpələr bədənimə doldu. Mərminin dalğası isə məni minanın üzərinə tulladı. Mina partladı və ayağımı qopardı. Döyüş yoldaşlarımdan xeyli aralı düşdüm və öz-özümə ilkin yardım etməli oldum. Ayağımı bağladım ki, qanaxma dayansın. Mən yaralananda qarşıda təmizlənməli olan üç cərgə minalanmış sahə var idi. Yaralı halda sürünə-sürünə onları təmizlədim ki, döyüş yoldaşlarımızın irəliləməsi üçün yol açım. Bizim qrupun hərbçiləri qarşıya keçərək düşmən mövqelərinə doğru irəlilədilər. Mən yaralı halda 3 saat ərazidə qaldım. Daha sonra təxliyyə edildim”.
B.Əsgərzadə cərrahiyyə əməliyyatından sonra digər Vətən müharibəsi iştirakçıları kimi YAŞAT Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reabilitasiyaya cəlb olunub:
“Mən 15 gün reabilitasiya proseslərinə cəlb olundum. Müalicələrdən sonra ən müasir texnologiya ilə hazırlanmış protezlə təmin olunacağım bildirildi. Ölçülər götürüldü və müvafiq zaman çərçivəsində protezlə təmin olundum. Əvvəl çəlik vasitəsilə narahat şəkildə gəzirdimsə, indi protezin köməyi ilə artıq çəliksiz, tam sərbəst hərəkət edə bilirəm. Hətta yüngül şəkildə qaça da bilirəm. Yeriyərkən kənardan ayağımda protez olduğu hiss olunmur”.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. 26 yaşlı qazimiz B.Əsgərzadə də yaşadığı Xətai Rayon İcra Hakimiyyətində icra başçısı Rafiq Quluyevin göstərişinə uyğun olaraq böyük məsləhətçi vəzifəsinə təyin olunub.
B.Əsgərzadə onu da qeyd edib ki, yaralanmasına baxmayaraq hazırda çalışır və iş qabiliyyətinin itirilməməsi üçün dövlət tərəfindən digər Vətən müharibəsi qaziləri kimi ona da göstərilən diqqət və qayğıdan razıdır.
Bəkir Əsgərzadə Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.