Azərbaycan-Ermənistan sərhədində gərginlik yeni müharibəyə səbəb ola bilərmi? ŞƏRH

Azərbaycan-Ermənistan sərhədində gərginlik yeni müharibəyə səbəb ola bilərmi?  ŞƏRH backend

Məlum olduğu kimi, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi onu da bildirib ki, səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin son yaydığı məlumata görə, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən, diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib:

"İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″). Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər", - deyə, nazirlikdən bildirilib.

Ermənistan Müdafiə Nazirliyi də hərbçilərin əsir götürülməsi faktını təsdiqləyib. Düşmən ölkənin qurumu deyib ki, 6 hərbçi sərhəddə mühəndis işləri aparırmış. Ermənistan MN-in yaydığı məlumatda vurğulanır ki, onlar əsirlərin geri qaytarılması üçün əllərindən gələni edirlər.

Göründüyü kimi, günlərlə davam edən gərginlik artıq pik həddə çatıb. Əsir götürülmə, düşmənin bizim ərazilərimizi minalamağa cəhd faktı varsa, demək ki, Ermənistan təxribat törətməkdə israrlı və maraqlıdır.

Lakin bir sual var: bütün bunları kimlər edir? Paşinyanın müvəqqəti hökumətimi, yoxsa ona qarşı olan və daha çox Rusiyanın təsir dairəsində qalan hərbi elitamı? 

Hədəf seçkilərdə Paşinyanı uduzdurmaq, Rusiya yönümlü siyasətçilərin və blokların daha çox səs almasını təmin etməkdirmi? Çünki belə bir proses və gərginlik, sürüdən qaçan qoyunlar kimi erməni hərbçilərinin əli-qolu bağlı görüntülərinin yayılması Paşinyana və onun komandasına sərf etmir. Sadə ermənilər Paşinyana ona görə istinad edirlər ki, o bu toplumun sülh və Azərbaycanla anlaşma şansıdır. Köçəryan və əvvəlki müharibə partiyasının liderləri hakimiyyətə qayıdarsa, sülh və anlaşma təhlükə altına düşər. Bu baxımdan sərhədlərdə və Qarabağdakı təmas nöqtələrində baş verən təxribatlar daha çox Ermənistanın daxili-siyasi proseslərini hədəf götürüb və Paşinyanın səs faizini aşağı salmağa hesablanıb. Lakin bütün bunlar bölgədə yeni hərbi əməliyyatlar riskini, heç şübhəsiz ki, artırır. Üstəlik, nəzərə alsaq ki, Fransa, ABŞ-ın yeni administrasiyası Dağlıq Qarabağ münaqişəsinin onlarsız həllindən və yaranmış vəziyyətdən narazıdırlar, Ermənistanı açıq şəkildə dəstəkləyir və təhrik edirlər, bütün bunlar bölgədə yeni müharibə perspektivini tətikləmiş olur.

Musavat.com-a görə, rəsmi Bakı bütün bunların fərqindədir. Ali hərbi rəhbərlik və son zamanlar həyata keçirilən strategiya onu göstərir ki, Azərbaycan Ermənistandakı seçkilərə qədər və bu ərəfələrdə hərbi əməliyyatları mümkün sayır, buna hazırlaşır və bu variant üzrə planı vardır.

Ard-arda həyata keçirilən genişmiqyaslı hərbi təlimlər, ordunun hərbi arsenalının sürətlə yenilənməsi, qoşunların Qarabağda və Ermənistanla sərhəddə gücləndirilməsi, ölkədaxili və xarici auditoriyaları nəzərdə tutan rəsmi açıqlamalar onu göstərir ki, Bakı növbəti müharibəyə, ya da lokal hərbi əməliyyatlara hazırdır, baş verənlər onun üçün sürpriz deyil. Eyni zamanda, prosesdə rəsmi Bakının təmkinli siyasəti müşahidə edilməkdədir. O bütün bunların Ermənistanda keçiriləcək seçki faktından qaynaqlandığını, Ermənistana yönələn xarici və daxili güclərin oyunları olduğunu bilir və buna görə də maksimum təmkinli, taktik davranır. Bir aydan çox davam edən gərginliyə baxmayaraq, yalnız bu gün erməni hərbçilərinə dərs verildi. O da məhz bunun üçün ki, açıq şəkildə hərbi cinayət hadisəsi ifşa olunub - Ermənistan hərbçiləri bizim ərazimizə keçərək yolumuza mina düzmək təşəbbüsü göstəriblər və cinayət üstündə yaxalanıblar. Bu faktı Ermənistan Müdafiə Nazirliyi də inkar edə bilməyib və öz hərbçilərinin əməlini “mühəndis işi aparırdılar” ifadəsi ilə pərdələməyə çalışıb.

Musavat.com-a görə, hətta hərbi əməliyyatlar bərpa olunsa belə, bu, Ermənistanın zərərinə olacaq.

Rusiya ilə münasibətlərin seyri və əlimizdə olan məlumatlar göstərir ki, bölgədəki sülhməramlılar və Ermənistan sərhədində olan Rusiya hərbçiləri proseslərə qarışmır və qarışmayacaq. Ermənistan yenə də tək və himayəsizdir. Öz durumunu daha da fəlakətli hala soxmaq istəyirsə, buyursun, hodri meydan. Azərbaycan məmnuniyyətlə və sevə-sevə düşmənin olan-qalan ordusunu məhv etməyə hazırdır.

Artıq Ermənistan saytları hadisə ilə bağlı şərhlərini yazmaqda və öz hökumətlərini, hərbi rəhbərliklərini bacarıqsızlıqda suçlamaqdadırlar.

Yekunda əsir alınmış erməni hərbçilərinin soyadlarını təqdim edirik:

A.N. Abqaryan, İ.A. Sarkisyan, V.V. Sarkisyan, B.S. Ohanyan, A.G. Budoyan, V.O. Rafaelyan

musavat.com

Diaspora