“Ermənilərin təxribatı təkcə mina düzməkdən ibarət olmayacaq” - Açıqlama

“Ermənilərin təxribatı təkcə mina düzməkdən ibarət olmayacaq” -  Açıqlama backend

Ermənilər mayın 27-si saat 03 radələrində Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində daha bir təxribata əl atıb. Düşmənin hərbi qüvvələri Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirməyə cəhd edib. Lakin əsgərlərimiz tərəfindən dərhal adekvat cavab verilərək 6 erməni diversantı əsir götürülüb.

Mövzunu Yenisabah.az-a şərh edən ehtiyatda olan polkovnik-leytenant Ədalət Verdiyev vurğulayıb ki, müharibənin alovlanması gözlənilməsə də, lokal xarakterli təxribatların baş verməsi mümkündür:

“Bunu daha əvvəllər də qeyd etmişəm. Lokal xarakterli təxribatlar heç bir zaman istisna olunmamalıdır. Xüsusilə də belə bir həssas, Ermənistanın seçkilərə hazırlaşdığı dövrdə ermənilər vəziyyəti həzm etməyəcək. Onların təxribat cəhdi təkcə mina düzməkdən ibarət olmayacaq, başqa fəaliyyətlərə də üz tutacaqlar.  

Atdıqları addımlar isə Ermənistan üçün daha ağrılı-acılı nəticələrə səbəb olacaq. Vəziyyətdən belə görünür ki, Azərbaycan Ordusu artıq xüsusilə də Kəlbəcər, Laçın istiqamətində kifayət qədər ehtiyat cəmləşdirib, bütün imkanlarını səfərbər edir, buna görə də istənilən təxribatın qarşısı daha sərt şəkildə alınacaq. Yəni düşünmürəm ki, ermənilər hansısa nəticə əldə edə bilsinlər, əksinə, daha ciddi, daha ağır itkilərə məruz qala bilərlər”.

Hərbi ekspert baş verənləri nəzərə alaraq sülh müqaviləsindən danışmaq üçün bir qədər erkən olduğunu da diqqətə çatdırıb.

Diaspora