Ağdamlıların yeni Ağdam arzusu - xüsusi nümayəndədən gözləntilər

Ağdamlıların yeni Ağdam arzusu -  xüsusi nümayəndədən gözləntilər backend

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Emin Hüseynov 1974-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 1998 - 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı, 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində, iqtisadçı, 2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, ölkə üzrə iqtisadçı, 2005-2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru, 2007-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru, 2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı, 2010-2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru, 2013-2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında (ADA), Strategiya və inkişaf məsələləri üzrə prorektor, 2016-cı ilin yanvar ayından iyun ayına kimi ADA Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor, 2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü, 2016-2018-ci illərdə maliyyə nazirinin müavini olub. 2018-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisidir.

Tanınmış ağdamlılar Emin Hüseynovun Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi təyin edilməsi və yeni Ağdamı necə təsəvvür etdikləri barədə fikirlərini “Yeni Müsavat”la bölüşüblər.

 

Aqil Abbas: “İstəyimiz odur ki, Emin Hüseynov bu etimadı doğrulda bilsin”

Millət vəkili Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Emin Hüseynov barədə məlumatlıdır: “Cavan kadrdır, bildiyim qədər ölkəmizin cənub bölgəsindəndir, yaxşı təhsili var, bir sıra mühüm yerlərdə işləyib. Xüsusi nümayəndənin səlahiyyətlərinin nələrdən ibarət olacağı barədə hələlik dəqiq məlumatımız yoxdur. Prezidentin xüsusi nümayəndəsi azad olunmuş Ağdamda görüləcək işlərə nəzarət, rəhbərlik edəcək, cənab Prezidentin tapşırıqlarını yerinə yetirəcək, onu məlumatlandıracaq. Yəqin ki, xüsusi nümayəndənin bir işçi strukturu da olacaq. Hər halda, Prezidentin Emin Hüseynovu təyin etməsinə yalnız xoş sözlər demək olar. İstəyimiz də odur ki, Emin Hüseynov bu etimadı doğrulda bilsin”.

Aqil Abbas yeni Ağdamı yüz minlik şəhər kimi təsəvvür etdiyini vurğuladı: “Ağdam şəhərində 60 min insan yaşayıb. İndi 70 minlik bir şəhər tikiləcək. Yəqin ki, gələcəkdə 100 minlik şəhərə çevriləcək. Layihələrdən də müəyyən qədər xəbərim var. Elə bugünlərdə Ağdamda görülən işlərlə tanış oldum, memarlarla, inşaatçılarla görüşdüm. Mən inanıram ki, Ağdam istədiyimiz kimi bir şəhər olacaq. Ağdam özünün arxitekturasına uyğun, şəxsi evlər olmaq şərtilə bir gözəl şəhər olacaq”.

 

Akif Nağı: “Ağdamın elə məkanları var ki, onları olduğu kimi bərpa etmək lazımdır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Emin Hüseynovu şəxsən tanımayıb, təyinatdan sonra fəaliyyət və iş yoluna nəzər yetirib: “Emin Hüseynov mənə maraqlı şəxs təsəvvürü bağışladı. Azərbaycanda və xaricdə mükəmməl təhsil alıb, aşağı vəzifələrdən başlayaraq kifayət qədər yüksək məqama gəlib çatıb, etibarlı və savadlı kadr kimi mühüm komandada yer alıb. Belə baxanda, rahat iş yerindən imtina edib, ”səhra, çöl" işinə keçib. Təbii ki, göstərilən etimada uyğun hərəkət edib, amma müxtəlif bəhanələrlə “isti yeri”ndə qala bilərdi. Ona görə də bu addımı təqdir olunmalıdır. Bu keyfiyyətlərinə görə yeni iş yerində də etimadı doğruldacağına, səmərəli fəaliyyət göstərəcəyinə inanmaq olar. Bu gün işğaldan azad olunan ərazilərdə çalışmaq hərbi tapşırıq yerinə yetirməyə bərabərdir, bu bölgəyə işləməyə gedənləri ancaq alqışlamaq lazımdır. Orada ağır işlər var, hamının gözü oradadır, dostlar uğurlara sevinmək üçün hər şeyi diqqətlə izləyir, düşmənlər isə xırda uğursuzluqlarla özlərini ovundurmağa çalışacaqlar. Bunu hər kəs bilməli, dostları sevindirməyi, düşməni məyus etməyi bacarmalıdır. Digər tərəfdən, bu təyinat dövlət başçısının siyasətinin, iradəsinin, niyyətlərinin göstəricisidir. Prezident İlham Əliyev yüksək səviyyəli kadrları, xüsusilə də Qərbdə təhsil almış iqtisadçıları bölgəyə təyin etməklə, orada aparılan quruculuq işlərinə nə dərəcədə önəm verdiyini bir daha nümayiş etdirir. Deməli, dövlət başçısı təsadüfən demirdi ki, Qarabağ dünyanın ön gözəl guşəsinə çevriləcək. Orada müasir dünyanın bütün innovasiyaları, yeni nə varsa hamısı həyata keçiriləcək. Bu işləri isə ağıllı, savadlı mütəxəssislər icra edəcək. İzlədiyimiz proseslər Qarabağın tezliklə yüksək səviyyədə bərpa olunacağına ümidlərimizi artırır".

A.Nağı Ağdamın köhnə, əslində isə heç vaxt köhnəlməyən görüntüsünün maksimum saxlanılmasının vacibliyini də qeyd etdi: “Bu, uzun müddət düşmənin qarşısında sipər olmuş, müharibə dövründə minlərlə şəhid vermiş Ağdam ruhunun saxlanılması demək olardı. Ağdamın elə məkanları var ki, onları olduğu kimi bərpa etmək lazımdır. İçərişəhər Bakının ruhudur, tar Azərbaycan musiqisinin ruhudur. Vaxtilə tarı da, İçərişəhəri də məhv etmək istəyənlər var idi. Ağıllı adamlar buna imkan vermədilər. Ağdamın da ruhunu qorumalıyıq”.

73de60f8-4382-473e-ab8c-f562cc38.jpg (38 KB)

Ələsgər Süleymanlı: “Bu, Prezidentin Ağdamın keçmiş nüfuzunu bərpa edəcəyi qətiyyətindən xəbər verir”

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov da bildirdi ki, Emin Hüseynovla şəxsi tanışlığı olmayıb: “Prezidentin təyinatından sonra Emin Hüseynov haqqında məlumatlarla tanış oldum. Hər ikimiz eyni ildə 1996-cı ildə İqtisad Universitetini bitirmişik, ola bilsin ki, o zamanlar bəlkə də rastlaşmışıq. Amma dediyim kimi, bu təyinata qədər onun haqqında az məlumatım olub. Amma tərcümeyi-halına baxanda görünür ki, ciddi məsuliyyət, bilik tələb edən işlərdə işləyib, diqqətçəkən karyerası olub. Uzun müddət beynəlxalq maliyyə institutlarının Azərbaycanla bağlı siyasətinin formalaşmasında iştirak edib.

 

Beynəlxalq maliyyənin cəlbi və idarə edilməsində böyük təcrübəsi var. Ağdamın dağıntılarının miqyasını nəzərə alsaq, fikrimcə, bu təcrübə çox faydalı ola bilər.

 

Burada onu da qeyd etməliyəm ki, birinci vitse- prezidentin köməkçisinin təyin olunması özü Ağdama xüsusi diqqətin olmasının göstəricisidir.

Bunun da, əlbəttə, ciddi əsasları var. Ağdam SSRİ dövründə ölkəmizin ictimai-siyasi, mədəni həyatına ciddi töhfələr vermiş rayon olub.

Ən ciddi töhfə isə məhz iqtisadi mərkəz olması idi və Ağdam SSRİ-nin iqtisadi vacib regionlarından biri idi. Əhalinin sosial həyatı, yaşam tərzi və s. kimi məqamlara görə isə Ağdam, ümumiyyətlə, SSRİ-nin varlı şəhərləri ilə rəqabətə girəcək bir durumda idi.

Yerlə-yeksan edilsə də binaların qalıqları buna sübutdur. Bu miqyasda iqtisadçının xüsusi nümayəndə təyin edilməsi Prezidentin Ağdamın keçmiş nüfuzunu bərpa edəcəyi qətiyyətindən xəbər verir ki, bu da hər bir ağdamlı kimi məni də sevindirir. Bəzi dostları, xüsusən ağdamlıları narahat edən məqamlar da var, məsələn, fikir belədir ki, xüsusi nümayəndə kimi Ağdamı  yaxından tanıyan, Ağamın məhəllələrini, nəsil-nəsil, ailə-ailə tanıyan bir adam olsa daha da yaxşı olardı.

Hər halda, Emin Hüseynov münasib bilinibsə, şübhəsiz ki, Prezident düzgün seçim edib. Yəqin ki, Emin müəllimin bir işlək komandası da olacaq. Həmin komanda ilə birlikdə yeni Ağdamın quruculuğu uğurla həyata keçəcək. Mən Emin Hüseynova uğurlar diləyirəm. Həm ağdamlıların, həm də bütün xalqın ürəyincə olan bir Ağdamın qurulacağına ümid edirəm".

Diaspora