Azərbaycan qüvvələri Zəngəzurda Bazarçaya da yaxınlaşıb - Ermənistan mətbuatı

Azərbaycan qüvvələri Zəngəzurda Bazarçaya da yaxınlaşıb -  Ermənistan mətbuatı backend

Zəngəzurda, Göyçədə Ermənistanla Azərbaycan arasındakı gərginliyin azalması təəssüratı var. Amma Ermənistan mətbuatında yazılanlar belə deməyə əsas vermir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan hərbi qüvvələrinin Zəngəzur mahalında daha bir kəndə yaxınlaşdığı bildirilir. Tarixi Zəngəzur torpaqlarımızda yaradılan Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan bu haqda danışıb. “Hayastan” blokuna daxil olan “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri ölkəsində Qorayk adlandırılan Bazarçay tərəfdə Azərbaycan hərbçilərinin göründüyünü bildirib.

“Vəziyyət sabit gərgin olaraq qalır. Belə davam edərsə, süniklilər öz ərazisində düşmən qüvvələrinin yerləşməsiylə barışmalı olacaq”.

Akopyan deyib ki, Azərbaycan hərbi qüvvələri mövqeyini bir az da yaxşılaşdırıb. Say artımı da müşahidə edilir. Onun iddiasına görə, Azərbaycan qüvvələri Bazarçaya çox yaxınlaşıb. Akopyan Ermənistan Müdafiə Nazirliyinin vəziyyətə nəzarəti tam itirdiyini deyib.

“Problemi güc vasitəsilə həll etmək imkanı əldən verilib. İndi Ermənistanın hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. İddia edirəm ki, Azərbaycanın canlı qüvvəsinin sayı mini keçib”.

Qaragöl, Zəngəzur, Azərbaycan Qaragöl, Zəngəzur, Azərbaycan

Zəngəzur mahalında gərglinlik mayın 12-dən yaranıb. Ermənistan əvvəlcə Qaragöl ətrafında Azərbaycan hərbi qüvvələrinin sərhədi pozduğunu hər yerə car çəkməyə başlamışdı. İddia olunurdu ki, Azərbaycan su hövzəsinə nəzarəti tam həyata keçirməyə çalışır. Ermənistan bununla delimitasiya və demarkasiya proseslərinə mane olmağa cəhd edirdi. Sonradan düşmən ölkə Göyçədə də bizim canlı qüvvələrin fəallaşması haqda məlumat yaydı. Rusiya Xarici İşlər naziri Sergey Lavrov məsələnin şişirtmək üçün əsas olmadığını deyəndən sonra nisbətən sakitlik yaranmışdı.

Kənd türk tayfasına görə belə adlandırılıb. Bazarçayın adına 1869-ci ildə tərtib edilmiş “Qafqazın 5 verstlik xəritəsi”ndə rast gəlmək mümkündür. Kəndin əsasının hələ orta əsrlərdə qoyulduğu ehtimal olunur. 19-cu əsrdə Bazarçayda yaşayan azərbaycanlıların sayı 400 nəfərdən az olmayıb. Yaşayış məntəqəsinə düşmən ayağı 1918-ci ildə dəyib. Zəngəzur qırğınlarından sonra xaricdə yaşayan ermənilərdən kəndə köçürülənlər olub. Həmin il bütün azərbaycanlılar Bazarçaydan qovulub. 1926-cı ildə 3 azərbaycanlı həyatlarına qarşı təhlükəyə baxmayaraq doğma yurduna qayıdıb. Üç il sonra həmin şəxslər də evindən çıxarılıb.

Diaspora