25 yaşını cənnətdə qarşılayan Şəhidi belə andılar - FOTOLAR

25 yaşını cənnətdə qarşılayan Şəhidi belə andılar -  FOTOLAR backend

Mayın 21-də Nefçala şəhərində şəhid Fərid Əsgərovun ad günü ilə bağlı vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri və ziyalılar şəhidin ailəsini ziyarət ediblər.

Əvvəlcə mərasim iştirakçıları bu gün 25 yaşı tamam olan şəhidin məzarını ziyarət ediblər.

Sonra tədbir iştirakçıları şəhid Əsgərov Fərid Ərəstun oğlunun döyüş yolunu əks etdirən foto sərgini ziyarət ediblər. Şəhidin xatirəsinə ehtiramlarını bildirən görüş iştirakçıları ailəsinə baş sağlığı veriblər. Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir Azərbaycan Ordusunun qüdrətinin daha da artdığını bildirib, Vətən torpaqlarının azadlığa qovuşmasında şəhidlərimizin və qazilərimizin mühüm rolundan bəhs edib.

Mərasimdə, Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizin tarixinə qızıl hərflərlə həkk olunub. Şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə yüksək dövlət qayğısı göstərildiyini söyləyən “Əsgərə xatirə kitabı” layihəsinin müəllifi, Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyinin direktor müavini Nuranə Şıxəliyeva, dövlət başçımızın bu yöndə fəaliyyətinin hər kəs üçün nümunə olduğunu söyləyib. Psixoloq Aytən Ələkbərova hər bir soydaşımızın torpaqlarımızın azad olunmasında mərdliklə döyüşən oğullarımız ilə fəxr etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu tarixi Zəfərin əldə olunmasında xidmətləri olan hər kəsi xalqımız daim minnətdarlıqla yad edir. Şairə-publisist Zərəngiz Dəmirçi Qayalı vurğulayıb ki, Vətən müharibəsində igidlik göstərən hər bir Azərbaycan oğlu bizim qəhrəmanımızdır. Bu cür qəhrəmanlar yetişdirən xalqa heç bir düşmən bata bilməz. Şəhidlərimizin, qazilərimizin döyüş yolu gənclərimiz üçün nümunədir.

Görüşdə iştirak edən mayor İlham Tanrıverdiyev Vətən müharibəsi dövründə xalqımızın ordumuza dəstəyinin, inamının onların mübarizə gücünü daha da artırdığını, qələbəyə ruhlandırdığını bildirib. Azad olunan torpaqların indi gənclərə əmanət olduğunu vurğulayan qazi onlara Vətəni daima uca tutmağı tövsiyə ediblər.

Çıxışlarda tarixi qələbəmizin qazanılmasında şücaət və qəhrəmanlıq göstərən qazilərimizlə görüşlərin böyük əhəmiyyəti olduğu diqqətə çatdırılıb və bu görüşlərin gənc nəslin tərbiyə olunmasında xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Şəhidin yaxınları bu dərdə dözməyən Şəmsəddin babanın dünyasını dəyişdiyini, əziz nəvəsinin şəhadətə çatdığı 40-cı günündə onun da yeddi mərasiminin verildiyini ürək ağrısı ilə qeyd ediblər. Nəvəsinin toyunu gözləyən babaya bu dərdi yaşadan mənfur qonşularımız erməni qəsbkarlarına lənət oxunub. Azərbaycan xalqının heç bir zaman özgə torpaqlarında gözü olmadığını, Vətəni üçün lazım gəlsə göz belə qırpmadan şəhid olmağa, Ana Vətəni qorumağa hazır olduqlarını deyiblər. Mərasimdə rayonun icra nümayəndəliyinin üzvüləri, Yeni Azərbaycan Partiyasının ilk təşkilat komitəsinin üzvüləri və şəhidin keçmiş tələbə yoldaşları da iştirak ediblər.

Şəhid ailəsi olaraq qürur duyduğunu bildirən Fəridin ata-anası Ərəstun və İlhamə Əsgərovlar oğullarının xatirəsinə göstərilən qayğıya görə qonaqlara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, şəhid Fərid Ərəstun oğlu Əsgərov 1996-cı il mayın 21-də Nefçala rayonunun Qaçaqkənd kəndində hərbiçi ailəsində anadan olub. 2012-ci ildə Lənkəran şəhər 6 saylı litseyi bitirib, 2013-2017-ci illərdə Lənkəran Dövlət Universitetinin ingilis dili fakultəsində təhsil alıb. 2017 və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xitmət keçib, hərbi xidmətdən sonra Bakı şəhərində mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktaybrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib, igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. (

 

Diaspora