“Başdaşıma bu fotonu vurarsınız” - 23 yaşlı şəhid - REPORTAJ

“Başdaşıma bu fotonu vurarsınız” - 23 yaşlı şəhid -  REPORTAJ backend

Zaur Dadaşov Vətən Müharibəsi başlamazdan bir ay əvvəl müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışmağa başlamışdı.

APA TV-nin şimal bürosunun xəbərinə görə, hərb sənətinin vurğunu olan Zaur Qarabağ uğrunda savaşın ilk günündən döyüşlərə qatılıb. 23 yaşlı qəhrəman cəbhənin cənub istiqamətində düşmən üzərinə yeriyən həmlə qruplarında yer alıb.

 

Zaur Zümrüd oğlu Dadaşov 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. Xaçmaz rayonunun Seyidli kəndində yaşayan Zaur məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb. Atası Zümrüd Dadaşovun sözlərinə görə, Zaur 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunub: “Zaur hərbi xidmət zamanı da ermənilərlə üzbəüz mövqedə qulluq etmişdi. Əsgərlikdən gələndən sonra da dedi ki, hərbçi olmaq istəyir. Məktəbi əla qiymətlərlə oxumuşdu. Ali təhsil alacağını düşünürdük. Amma özünü hərbi sahədə gördüyünü söylədi. Biz də razılıq verdik. O, hərbçi kimi işə girəndən bir ay sonra Vətən Müharibəsi başladı. Orada olduğu müddətdə həmişə bizi arxayın elədi. Biz narahat olmayaq deyə, döyüşlərdə olmadığını söyləyirdi. Sonuncu dəfə oktyabrın 11-i zəng etdi. Mənimlə, anası ilə qısa söhbət etdi. Dedi ki, siz hələ çox yaxşı xəbərlər eşidəcəksiniz”.

 

Anası Qətibə xanım deyir ki, Zaur Dadaşov Cəbrayıl və Füzuli uğrunda döyüşlərdə şücaət göstərərək qəhrəmancasına vuruşub. Oktyabrın 11-də Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb: “General Polad Həşimov şəhid olandan sonra bütün cavanlarda olduğu kimi, Zaurda da düşmənə çox böyük nifrət hissi oyanmışdı. Həmin hadisələr vaxtı onun giziri Yaşar Babayev də şəhid olmuşdu. Bütün günü öz otağına çəkilib onların şəkillərinə baxırdı. Sonra hərbi komissarlığa gedib cəbhəyə yollanmaq üçün könüllü yazılmışdı. Müharibəyə getməzdən üç gün əvvəl evə gəlmişdi. Biz onu gözləmirdik. Birdən qapıda gördüm və əsgər salamı verdim. Çox xoşuna gəldi. Səhər işə gedəndə məni bərk-bərk qucaqlayıb öpdü. Adətən, belə etmirdi. Mən Zaurla fəxr edirəm”.

 

Qardaşı Ziya Dadaşov bildirib ki, Zaur şəhid olmazdan əvvəl savaş meydanında şəkil çəkdirərkən döyüş yoldaşlarına “Mən şəhid olsam, bu şəkli məzar daşıma vurarsınız” - söyləyib: “Zaur mənim böyük qardaşımdır. Döyüşə getməmişdən qabaq mənimlə danışdı. Cəbhəyə getdiyini, amma evdə bildirməməyi tapşırdı. Müharibə günlərində imkan tapanda zəng edirdi, danışırdıq. Anama, atama şiddətli döyüşlərdə olduğunu bildirmirdi. Amma özü hər an şəhid olmağa hazır olub. Orada şəkil çəkdirəndə döyüş yoldaşlarına deyib ki, şəhid olsam, bu fotomu məzar daşıma vursunlar. Onun telefonu bizə gəlib çatanda artıq məzarı hazır idi. Amma biz onun arzusunu yerinə yetirəcəyik”.

 

Döyüşlərdə yüksək şücaət və igidlik göstərən Zaur Dadaşov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Diaspora