“Rusiya üçtərəfli sazişin yerinə yetirilməsinə məsul olan tərəf kimi bu məsələni çoxdan həll etməli idi”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və İrəvana son səfərindən sonra Ermənistanın 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində yerləşdirdiyi minaların xəritələrini Azərbaycana verəcəyi gözlənirdi. S.Lavrov Bakıda və Ermənistanda bu haqda bəyanatlar da vermişdi. Lakin hələ də bu məsələ barədə Ermənistan tərəfindən müsbət bir addım, hətta bir açıqlama yoxdur.
Bəs ermənilər Lavrovun bəyanatına əhəmiyyət vermirlər, yoxsa rusiyalı nazirin bəyanatı, sadəcə, bəyanat xatirinə verilən, arxasında ciddi addımın atılmayacağı bəyanat idi?
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, üçtərəfli razılaşmadan bir neçə gün sonra Ermənistan tərəfinin bu razılaşmanın bəzi bəndlərini yerinə yetirməmək üçün cəhdlər edəcəyi artıq məlum idi: “Bu günə kimi apardığımız işlər Azərbaycanın hərbi üstünlüyü əlində saxlaması və İrəvana müxtəlif yollarla təzyiq etməsinin nəticəsi idi. Əgər minalanmış ərazilərin xəritəsi əlimizdə olsaydı işğaldan azad olunmuş ərzilərdə bərpa, quruculuq və müdafiə işlərinin sürəti dəfələrlə artıq olardı. Minalanmış ərazilərin xəritəsinin təhvil verilməsi məsələsi 9 noyabrdan sonra gündəmdə olub. Hətta sadə vətəndaşlar arasında da ciddi müzakirə mövzusu idi. Ermənistan tərəfi həmin xəritələrin itməsi, yaxud tapılmaması kimi bəhanələrlə prosesdən yayınsa da bilirik ki, belə xəritələr bir neçə nüsxədə olur. Bu nüsxələrdən biri separatçı rejimin quldurlarında olubsa da, mütləq şəkidə bir neçə nüsxəsi Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahında da var. Ermənistan ağır məğlubiyyətindən sonra bu xəritələri müxtəlif səbəblərlə vermək istəməməsi ilə Azərbaycanın ərazilərdə yenidənqurma və bərpa işlərini ləngitməyi hədəfləyir. Onlar özləri üçün axmaq xəyallar qururlar ki, 30 ilə yaxın işğal elədikləri əraziləri yenidən işğal etmək şansları yarana bilər. O səbəbdən ərazilərdə hərbi və mülki quruculuq işlərinin zəif getməsini istəyirlər”.
Ekspertin sözlərinə görə, onda məlumat var ki, Azərbaycan tərəfi minalanmış ərazilərin xəritələrinin alınması məqsədilə imzalanmış müqavilənin həyata keçməsinə qarant olan Rusiyaya dəfələrlə müraciət də edib. Amma görünən odur ki, Rusiya ya bu məsələnin həll olunmasını istəmir, ya da Ermənistana təsir imkanları yoxdur: “Əslində isə düşünürəm ki, bu məsələ Rusiyanın da marağında deyil. Bunu birbaşa deyə bilmədiyi üçün 6 aydan artıqdır danışıqlar imitasiyası yaradır. Lavrovun son bəyanatı da bu qəbildəndir. Rusiyanın Paşinyan hakimiyyəti ilə soyuq münasibətləri olsa da xəritə məsələsini həll etmək üçün rəsmi İrəvana kifayət qədər təsir imkanları vardır. Rusiyanın bölgədə ciddi maraqlarını bildiyimizdən deyə bilərik ki, bu xəritələrin nüsxəsi Rusiya Müdafiə Nazirliyində və Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasında da var. İstənilən halda açıq şəkildə yazılmasa da Rusiya üçtərəfli sazişin yerinə yetirilməsinə məsul olan tərəf kimi bu məsələni çoxdan həll etməli idi. Sazişdə ərazilərin boşaldılması öhdəliyini götürmüş Ermənistan həmin əraziləri minalarla təhvil verə bilməzdi. Bu isə sazişə imza atmış 3-cü tərəf olaraq Rusiya tərəfindən çoxdan həll edilməli idi. Amma hələ ki verilən sözlərdən, bəyanatlardan başqa ortada heç nə yoxdur. Belə olan halda Lavrovun xəritələrin veriləcəyi ilə bağlı bəyanatlarına ciddi baxmamağa məcburam. Əgər məsələ ilə bağlı əhəmiyyətli hərəkət yoxdursa, belə bəyanatları başqa məqsədlər naminə tərəfləri hələ də gərginlikdə saxlamağa xidmət etdiyi kimi qəbul edirəm”.