Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.
Hərbi ekspert Ruslan İmanquliyev təlimlərin gedişi ilə bağlı Azvision.az-a bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə, tarixi uğur bundan sonra Ordumuzun yeni istiqamətlərdə təlimlər keçirilməsinə şərait yaradıb.
Ekspert vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra delimitasiya işləri aparılır.
"Lakin delimitasiya işlərinin aparılması o demək deyil ki, hər hansı bir təhlükə olmayacaq. Bölgədə terrorizm təhlükəsi mövcuddur. Azərbaycan Ordusu bu istiqamətdə öz qabiliyyətini təkmilləşdirməlidir. Burada diqqət çəkən məqam odur ki, Xüsusi Təyinatlı Qüvvələrin cəlb olunması və onların digər qoşun növləri ilə uzlaşması əməliyyatlarının həyata keçirilməsi, pilotsuz uçuş aparatlarının təlimlərdə iştirakının nəzərə alınması və məhz bu təlimlərin konvensional döyüş növlərindən əlavə, anti-terror əməliyyatları qismində icra olunması Ordumuzun inkişafı yolunda mühüm yenilikdir. Bölgədə bundan sonra ola biləcək risklərə qarşı Azərbaycan Silahlı Qüvvələrinin imkan və qabiliyyətlərinin artırılması istiqamətində mütəmadi təlimlər həyata keçirilməlidir".
R.İmanquliyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində təşkil olunan təlimlərin mövzuları fərqli ola bilər: "O baxımdan ki, bundan əvvəl biz torpaqlarımızı işğal edən düşmənlə təmas vəziyyətində idik. Amma bu gün öz sərhədlərimizi müdafiə edirik. Buna baxmayaraq düşmən hələ də revanşist fikirlər səsləndirir və bölgədə terror törətməyə cəhd edə bilər. Bu səbəblə antiterror əməliyyatlarına hazır olmalıyıq. Buna görə də döyüş hazırlığı planları üzrə keçiriləcək təlimlərin mövzularında dəyişikliklər edilir. Mövcud təlimlərdə qoşunların uzlaşması qismində də antiterror əməliyyatlarının aparılması, yüksək texnoloji vasitələrdən istifadə olunması, PUA-lardan istifadə edəcək operatorların təlimlərə cəlb edilməsi təqdirəlayiqdir".