ƏZİZ ŞUŞA - Qənirə Paşayevanın yazısı

ƏZİZ ŞUŞA - Qənirə Paşayevanın yazısı backend

Mədəniyyət Paytaxtımız Şuşa 2021-ci ilin 12-13 may tarixində mükəmməl “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi.

Müzəffər Ali Baş Komandan, ölkə prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi şahanə “Xarıbülbül” musiqi festivalının keçirilməsi Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasının, ümumən Qarabağın tarixi simasının özünəqayıdışının parlaq təcəssümüdür.

Bu günə min şükür!

Bu günə necə gəlib çıxdıq?

1992-ci ilin bu günləri qan ağlayırdıq...

2020-ci ilin bu günləri Şuşada “guya demokrat” Paşinyan qalib ədası ilə “Yallı” gedir, kabab yeyirdi – şəhər bizimdi, musiqi bizimdi, yemək bizimdi, ancaq bu varidatın kədəri bizimdi, dadı, zövqü-səfası düşmənindi...

2020-ci ilin 8 noyabrında Şuşa azad olundu – gördük ki Şuşa Şuşalılığın qürubuna enirmiş... Doğrudur, Şuşa öz milli qürurunu, Azərbaycan şəhəri identivliyini, dağlar incisi ləyaqətini itirməmişdi, ancaq bir an öncə Şuşa xarakterinə uyğun təmir-bərpaya başlanmalı, Şuşaya Şuşalılıq qayıtmalıydı. Müharibədən çıxmış ölkə qarşısında 30 illik işğalın ağır yaralarını sarımaq, görüləcək böyük işlərin sürətli və keyfiyyətli icrası zərurəti yaranmışdı. Üstəlik, düşmən daşnaklı, “demokrat”lı, solçulu-sağlı (öz ağıllarınca) “əvəzçıxma” çağırışları edir, yaxın-uzaq himəyadarlarının siyasi-diplomatik dəstəyindən həvəsə düşür(dü)... Bax, belə bir ortamda keçirildi “Xarıbülbül” festivalı. Belə bir ortamda, şəhərdə aparılmış əsaslı təmir-bərpa işlərinin ilkin nəticələri, yeni tikintilərin təməlinin qoyulması və s. dünyaya nümayiş olundu.

Minnətdarlıqla xatırlayırıq ki Azərbaycan mədəniyyətinin önəmli ocaqlarından olan Şuşanın qorunması Ümummilli liderimiz Heydər Əliyevin özəl diqqətində olub. “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar hələ 1977-ci ildə onun təşəbbüsü ilə qəbul edilib. Həmin qərarla Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi yönündə önəmli addımlar atılıb.

Şuşanın azad olunması və onun əsaslı bərpası, bir çox yerlərinin yenidən qurulması, bununla da dağların başındakı incinin Azərbaycan mədəniyyətində öz layiqli yerini alması Ümummilli liderin böyük hədəflərindən idi... “Xarıbülbül” festivalında ölkə başçısının kövrəldən, bütün izləyiciləri duyğulandıran lent yazısından da bir daha tanış olduğumuz kimi, Ümummilli lider Qarabağı Şuşasız, Azərbaycanı ümumiyyətcə Qarabağsız təsəvvür etmirmiş. Şuşanın azad olunması xəbərini verərkən dövlət başçısının dediyi sözlər bu dediklərimizin yaratdığı tarixi mənzərəyə aydın güzgü tutur:

“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.

Şuşanı azad etdik!

Bu, böyük Qələbədir!

Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!

Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”!

Özünün dediyi kimi Azərbaycan xalqına bu müjdəni vermək dövlət başçısının həyatında, bəlkə də, ən xoşbəxt günlərdən biriydi. –

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik”! – Bu sözlərin trendə çevrilməsi heç təsadüfi deyildi. Sanki o gün fərq etdik ki Şuşa sözünə ən çox yaraşan söz yaralı, dərdli və daha neçə qatar başqa söz deyil məhz ƏZİZdir – Əziz Şuşa!

Prezidentin dilsiz-ağızsız daşdan-ağacdan tikilmiş şəhərə deyil, insana müraciət edirmişcəsinə müraciəti başqa bir gözəllikdir və özünəxas fəlsəfi izah tələb edir.

Şuşa bizimçün bir şəhərdən daha artıqdır. Şuşanın mənası Şuşadan böyükdür. Bu dərinliyi, bu üfüqü Prezidentin Şuşaya duyğulu, əzmli münasibətində, sevgisinin hər anında, çalarında görməmək mümkün deyil. “Xarıbülbül” festivalı, festivalın formatı, tərtibatı – “A”dan “Z”-yə hər şeyi o sevgi ilə yoğrulmuş, şəkillənmişdi. Prezident hələ bu ilin birinci ayında Şuşanı Mədəniyyət Paytaxtı elan emişdi, bununla belə cari ildə imzaladığı Sərəncamla bu elanını rəsmiləşdirdi. Yanvar elanından sonra ortaq Türk və İslam qurumlarının başçıları Şuşanın Türk dünyasının, İslam dünyasının Mədəniyyət Paytaxtı elan olunması üçün də təkliflə dövlət başçısına müraciət etmişdilər. Bunlar çox xoş hadisələrdir, fərəhdir, qürurvericidir. Bu fərəh, qürur “Xarıbülbül” festivalının etnik palitrası ilə, bir ulu xalçanın ilmələri kimi şəkillənən Azərbaycan gülüstanı olaraq 12-13 mayda Cıdır Düzündə təcalla etdi.

Əziz Şuşada 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı əziz şəhidlərimizin əziz xatirəsinə ad edilmişdi. – Bu, özlüyündə Azərbaycan Vətən Müharibəsindəki Tarixi Zəfərin mədəniyyət sahəsində davamıdır. Qafqazın konservatoriyası öz ilkin funksiyasına dönür. Şuşaya Şuşalılıq qayıdır –  ruh kimi, can kimi! Bu işdə sənətin estetik dəyərləri, mədəniyyət fövqəladə yerə sahibdir. “Xarıbülbül” bu məqamların böyük təzahürüydü. – Necə deyərlər, hərbi təzahüratdan sonrakı mədəni təzahür, məntiqi şəkillənmə! Müharibədə qızıl ləyaqət göstərmiş dövlətimiz, xalqımız, ordumuz, indi də sülhyaratmada, mədəniyyətdə qızıl ləyaqət göstərir. İşğal mədəniyyətsizliyi quruculuq mədəniyyəti ilə əvəzlənir. Azadlıq işi abadlıq işi ilə davam və inkişaf edir.

Gələn il 270 illik yubileyi qeyd olunacaq Şuşa, Azərbaycan xalqının neməti, milli sərvətidir. Prezidentin sözləri ilə desək, ermənilər nə qədər çalışsa da, Şuşadan Azərbaycan ruhunu silə bilmədi. Beləliklə, 30 ildən sonra bərpa edilən mükəmməl festival da, sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Heç kəsə sirr deyil ki işğalçı Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları 30 il boyunca respublikamızda müxtəlif dini, etnik icmalar arasında təfriqə yaratmaq, unitar dövlətçiliyimizi zəiflətmək, parçalamaq üçün davamlı iş aparıb, bu məqsədlə açıq, gizli qurumlar yaradılıb, dünya erməniliyi tərəfindən ciddi dəstək də daxil olmaqla, milyonlarla vəsait xərclənib.

Monoetnik yapıya malik olan Ermənistan, dözümsüz erməni cəmiyyəti özlərinin ədalətsiz, oyunbaz, xəbis siyasətinə müqabil, 44 günlük müharibədə bütün etnik və dini icmalara mənsub azərbaycanlıların “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ Azərbaycandır!” harayını, eşqini anlaya bilməzdi. Vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşən Azərbaycan gəncləri ermənilərin bütün mayasını necə batırmışdısa, “Xarıbülbül” də bu işdə bir möhür rolunu oynadı.

Azərbaycanda yüzillərlə mövcud olmuş dözümlü mühitin, multikulturalizm gələnəyinin qorunmasına dövlətimizin, şəxsən Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın yanaşmaları, xidmətləri əvəzsizdir, dünya üçün bir örnəkdir. Monoetnik Ermənistan bu örnəyi görür ancaq heç zaman tətbiq edə bilməz – buna erməni cəmiyyətinin xarakteri, daha doğrusu xaraktersizliyi imkan vermir. Əgər dünyagörüşlü ermənilər tapılıb mehriban qonşuluq barədə düşünərsə belə, Ermənistan dövlətçiliyinin materiyası buna imkan verməz. İrəvanda hakimiyyətlər dəyişir, ancaq bədxah siyasət dəyişmir ki dəyişmir... “Xarıbülbül” iki ölkə, iki dövlət, iki xalq arasındakı açıqara fərqi bir daha Şuşa yükəskliyindən göstərmiş oldu! – “Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”!

DÖVLƏTİMİZ VAR OLSUN!

ОтветитьОтветить всемПереслать

Diaspora