“Tural Polad Həşimov şəhid olandan sonra könüllü ordu sıralarına yazıldı...” - Şəhid əsgərin anası

“Tural Polad Həşimov şəhid olandan sonra könüllü ordu sıralarına yazıldı...” - Şəhid əsgərin anası backend

Vətən müharibəmizin qəhrəman şəhidlərindən biri də əsgər Tural Məmmədovdu.

Moderator.az saytı olaraq Turalın ailəsi ilə görüşmək üçün Abşeron rayonu Digah qəsəbəsindəki evlərinə yollandıq. Bizi şəhidimizin anası Könül, nənəsi Bahar və yaxınları qarşıladı.

 

Qeyd: Məmmədov Tural Taryel oğlu 1999-cu ildə Daşkəsəndə anadan olub. Daha sonra ailəsi Bakıya köçüb. Tural M.Ə.Rəsulzadə qəsəbəsində 99 nömrəli məktəbə gedib və  sonra təhsilini Mehdiabad qəsəbəsində 1 nömrəli məktəbdə davam etdirib. Daha sonra sənədlərini Cəmşid Naxçıvanski adına liseyə versə də, səhhətində yaranan problemlərə görə liseydən çıxıb. Tural şəhid olandan sonra bir bacısı yadigar qalıb. 

 

Turalgilin evlərinin giriş qapısına onun şəkili vurulub. Altında isə şeir var, anası deyir ki, bunu dayısı ona yazıb:

 

O dağların zirvəsini, 

yağılardan siz aldınız.

Zirvələrdə yurd saldınız,

Vətən deyib ucaldınız.

 

Evlərinin bir otağını isə anası Könül xanım Turala ayırıb. Otaqda onun fotoları, şəxsi əşyaları saxlanılır. Elə söhbətimizə başlamaq üçün Könül xanım bizi Turalın otağına dəvət etdi. Tural hər iki tərəfin birinci nəvəsi olduğu üçün hamının sevimlisi olub. İndi onun şəhid olmasıyla qürurlandıqları kimi, yaxınları həm də çox kədərlənirlər. 

Könül xanım deyir ki, Tural 2017-ci ildə hərbi xidmətə yollanıb:

 

“Orta məktəbi bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollandı. Ağcabədi və Xocavəndə xidmət etdi. 2019-cu ildə ordudan tərxis olunandan sonra ancaq işləyib evə kömək edirdi. Tural çox tərbiyəli uşaq idi, bir dəfə ondan başqa söz eşitmədim. Onunla həmişə qürur duymuşam və indi də qürur duyuram”.

 

 Şəhidimizin anası deyir ki, Tural əsgərlikdə qumbaraatan olub və elə Vətən müharibəsində də qumbaraatan kimi döyüşüb:

 

“Tural Tovuz hadisələrindən, Polad Həşimovun şəhid olmasından sonra könüllü olaraq ordu sıralarına yazılıb. Ondan sonra dəfələrlə səfərbərliyə gedib adını yenə yazdırıb. Vətən müharibəsi başlayandan bir gün sonra sentyabrın 28-də gəlib dedi ki, “ana, mən müharibəyə gedirəm, çağırıblar”. Onda mən ağladım. Dedi ki, “ağlama, ancaq bizim üçün dua elə, hər şey yaxşı olacaq”. Mən elə bilirdim Turalı çağırıblar, amma sonradan öyrəndim ki, o, könüllü olaraq ordu sıralarına yazılıb”. 

Könül xanımın bir ana kimi bundan sonra nigarançılığı başlayır, hər dəfə Turaldan zəng gözləyir:

 

“Tural imkan tapdıqca evə zəng vurub bizimlə danışırdı. Qardaşım da ehtiyatda olan zabitdi, o, da döyüşlərdə idi. Tural dayısıyla da əlaqə saxlayırdı. O, Gəncəyə və ordan da Füzuli və qalan döyüş yerlərini bilməsəm də Şuşaya qədər gedib çıxmışdı. Noyabrın 5-də doğum günü idi. Zəng vurub mənə dedi ki, “ana, haqqını halal elə. Bizim üçün çoxlu dualar edin”. Bu bizim sonuncu telefon danışığımız oldu. Ondan sonra Turalla əlaqə kəsildi”.

Noyabrın 11-də Turalın dayısına onun şəhid xəbərini deyirlər:

 

“Noyabrım 11-nə kimi Turalla əlaqə saxlamağa çalışdıq. Dayısıgil döyüş bölgəsində onu axtarırdılar. Elə orda dayısına Turalın şəhid xəbərin veriblər. Məlum olub ki, Tural noyabrın 9-da axşam saatlarında Şuşada meşədə üç döyüşçü yoldaşıyla birlikdə minamyot qəlpəsinin dəyməsi nəticəsində şəhid olub. Qəlpə Turalın düz ürəyinin üstündən dəyib. Noyabrın 12-də isə Turalın nəşini Xırdalan Şəhidlər Xiyabanında dəfn etdik. Tural üçtərəfli sazişin bağlanmasına 3 saat qalmış şəhid oldu. Bizi ən çox ağrıdan odur ki, axıra kimi döyüşdü və gəlib sonuncu gün şəhid oldu”.

 

Nənəsi Bahar xanım deyir ki, o biri nəvəsini əsgər yola salarkən Turalla birlikdə sonuncu dəfə bir otaqda yataraq onun qoxusunu alıb:

 

“O biri nəvəm əsgər gedirdi və biz də onlara yığışmışdıq. Gecəni onlarda qonaq qaldıq və mən də Turalla bir otaqda yatıb onun qoxusunu aldım. Sanki bu da Allahın yazısıymış. Evdə olanda hiss edirdim ki, Tural telefonla danışır və onu harasa çağırırlar. Deyirdim ki, Tural birdən müharibəyə gedərsən, tək uşaqsan, hamının ümidi sənsən. Turalın şəhid olmasını indi Şuşada xidmət edən nəvəm hələ də bilmir. O, mənim ilk nəvəm idi. (Ağlayır) 

 

Ölkə başçısı Turalı “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “”Şuşanın azad olunmasına görə” medalları ilə təltif edib. Turala şeirlər həsr olunub. Şəhidimizin anası deyir ki, ən böyük arzusu Turalın adının əbədiləşdirilməsidir. Oxuduğu məktəbə, yaşadığı küçəyə Turalın adının verilməsini arzu edirlər. Tural döyüşdə çox şücaətlər göstərib. Hətta 6 nəfər yaralı yoldaşını döyüş meydanından çıxarıb. 

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Diaspora