Azərbaycan xalqı 30 ilə yaxın müddətdə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd edib. Bu işğal günündə hər zaman şəhidlərimiz anılıb, insanlarımızın başına gətirilən müsibətlərin unudulmamasının vacibliyi aşılanıb.
2020-ci il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları elə Şuşanın azad olunması ilə sonlandırıldı. Şuşa azad olunan kimi Ermənistan təslim olmaq məcburiyyətində qalaraq, üçtərəfli bəyanat imzalamağa razılaşdı. Beləliklə, Şuşanın azad edildiyi tarix – 8 Noyabr Azərbaycanda Zəfər günü elan edildi.
Düşmən üzərində qələbə qazanıb, torpaqlarımızı işğaldan azad etsək də, tariximizi, ermənilərin başımıza gətirdiyi müsibətləri unuda bilmərik. Bu müsibətlər sırasında 1992-ci il, 8 may – Şuşanın işğal edildiyi tarix də var.
Bəs zəfər əhval-ruhiyyəsində olan Azərbaycan xalqı 8 mayı necə qeyd edəcək?
Qazilər.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Şuşanın deputatı Elman Məmmədov şəhərin işğal olunduğu günə "Əziz Şuşa! Sən azadsan!” sözləri ilə münasibət bildirib:
"Biz tariximizi unutmamalıyıq.1992-ci il mayın 8-i Şuşanın ermənilər tərəfindən işğal olunduğu gündür. Bu il isə biz Şuşanın işğal günündə cənab Prezidentin dediyi kimi söyləyirik ki, əziz Şuşa, sən azadsan! Şuşada, Bakıda, eləcə də ölkəmizin digər bölgələrində də işğal günü qeyd olunacaq. İşğal günündə qürurla dayanacağıq, çünki düşməndən intiqamımızı aldıq və Şuşamızı azad etdik.
Bu ərəfədə cənab prezidentin Şuşaya və digər ərazilərə səfəri ola bilər. Amma onsuz da, Ramazan bayramından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla İlham Əliyevin Şuşaya səfəri gözlənilir. Ona görə, prezidentin 8 mayda Şuşaya gedib-getməyəcəyi haqqında fikir söyləyə bilmərik”.
Ermənilərin hər il Şuşanın işğal günündə orada "qələbə paradı” keçirdiklərini xatırladan deputat onlara bir daha dərs verməyin məqamı olduğunu düşünür:
"Mən xəbər saytlarına bir neçə dəfə açıqlamamda qeyd etmişəm. İstəyərdim ki, bu il Şuşaya qalib bir xalq kimi gedək. Şəhidlərimizi də orada anaq. Bu da ermənilərə göz dağı olsun. Əlbəttə ki, bu mənim ürəyimdən keçənlərdir. Hər şey cənab prezidentin tapşırığı və rəhbərliyi ilə həyata keçirilir. Hər il biz Şəhidlər Xiyabanını ziyarət edirik. Bu il də pandemiyaya görə, kütləvi şəkildə olmasa da, kiçik qruplarla mütləq ziyarət edəcəyik”.