Media nümayəndələrinin işğaldan azad olunan Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri başlayıb.
Qazilər.az APA-ya istinadla xəbər verir ki, səfər çərçivəsində media nümayəndələri Hadrut qəsəbəsinin su təchizatı işləri ilə tanış olacaqlar.
Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, hazırda Hadrut qəsəbəsinin su təminatı təbii bulaqlar və artezyan quyuları vasitəsi ilə həyata keçirilir.
"Qəsəbə işğaldan azad edildikdən sonra ilkin olaraq hərbçilər oraya yerləşdirildi. Bu zaman su təchizatında problemlər vardı. Tərəfimizdən Hadrut qəsəbəsinə mütəxəssislər göndərildi. İlkin olaraq mənbələrin araşdırılması üçün təhlükəsizlik tədbirləri görüldü. Müvafiq qurumlar tərəfindən ərazi minalardan təmizləndi. Daha sonra su mənbələri tapıldı və bərpa olundu. 30-dan çox qəza aradan qaldırıldı, anbar istifadəyə verildi. Orada yerləşən hospital və hərbi hissə su ilə təmin olundu. Məskunlaşma artdıqca su təminatı işləri müvafiq qaydada davam etdiriləcək".