Zəngilan məscidinin bərpasına başlanılıb

Zəngilan məscidinin bərpasına başlanılıb backend

Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq Zəngilan məscidinə gəliblər.

Qaziler.az məsciddəki görüşün dialoqunu təqdim edir:

Memar: Xoş gəlmisiniz, cənab Prezident,

Prezident İlham Əliyev: Salam. Məlumat ver, hansı işlər görülür?

Memar: Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, Fond tərəfindən təşkil olunan həm xarici, həm yerli ekspertlərdən ibarət olan komissiya məscidin mövcud binasını qiymətləndirmişdir. Həmçinin bir şeyi də qeyd etmək istəyirəm ki, məşhur Otelye Kummer Agentliyinin nümayəndələri buraya qısamüddətli missiya ilə gəlmişlər və mövcud binanı qiymətləndirmişlər. Hazırda bizim tərəfimizdən mövcud binanın konservasiyası və bərpası ilə bağlı təkliflər hazırlanır, o cümlədən, bu ərazidə yeni məscidin tikilməsi ilə bağlı təkliflərimizi və layihəni hazırlamışıq.

Prezident İlham Əliyev: Yenidən, yoxsa qiymətləndirmə nə göstərir? Daşlar belə salamat daşlardır.

Memar: Biz təklif edərdik ki, daha geniş ərazidə yeni məscid tikilsin. Burada ümumi ərazi 50 sota yaxındır, cənab Prezident. Bu köhnə bina konservasiya olunandan sonra həmin məscid-kompleksin içində qalsın.

Prezident İlham Əliyev: Baxın, ola bilər ki, əgər bu daşlar, divarlar belə sağlamdırsa, bəlkə bunun üstünü bağlamaq, onu da etmək olar. Təkliflər hazır olanda.

Birinci xanım Mehriban Əliyeva: Balaca məscid olub, yəqin ki, balaca da olmalıdır.

Prezident İlham Əliyev: Balaca, özü də birmərtəbəli olub, kümbəz o qədər də böyük olmayıb.

Birinci xanım Mehriban Əliyeva: Minarəsi də olmayıb.

Memar: 1988-ci ildə, sovet dönəmində həmin bina qiymətləndirilib.

Prezident İlham Əliyev: Şəkili olub? Yoxsa tapılmadı?

Memar: Sxemləri var.

Prezident İlham Əliyev: Sxemləri var o vaxtdan?

Memar: Bəli. 1988-ci ilin məlumatlarıdır.

Prezident İlham Əliyev: Belə olub. Faktiki olaraq bunun bir divarını və dam örtüyünü uçurublar. Üst divar qalıb.

Birinci xanım Mehriban Əliyeva: Onlar təkliflərdir?

Memar: İlkin təkliflərdir.

Prezident İlham Əliyev: Elə bu daşdan tikilib.

Birinci xanım Mehriban Əliyeva: Həmin daşdan, içərisi də belə olmuşdu. Təkliflərdə o əski divarlar içində qalır?

Memar: Bəli, kompleks kimi yaradılır.

Prezident İlham Əliyev: Bu divarlar içində qalır.

Memar: Bu, əlavə tikili idi. Sonradan tikilib, sovet dönəmində, 1930-cu illərdə.

Prezident İlham ƏIiyev: Əsas bina orada olub?

Memar: Bəli, burada məktəb olub, sonra təsərrüfat məqsədləri ilə o binadan istifadə ediblər.

Prezident İlham Əliyev: Necə olub, elə də bərpa etmək lazımdır.

XXX

Dövlətimizin başçısı və birinci xanım məscidin divarına daş hördülər.

Prezident İlham Əliyev dedi:

- Zəngilan məscidi bərpa ediləcək. Bu məscid mənfur düşmən tərəfindən dağıdılmışdır. Müharibədən sonra Zəngilana səfər edərkən buraya da gəldim, mənzərə ilə tanış oldum və bildirdim ki, hər kəs bunu görməlidir. Bütün beynəlxalq təşkilatlar bunu görməlidir, erməni vəhşiliyini görməlidir. Bir daha demək istəyirəm ki, bu gün ermənilərə havadarlıq edənlər gəlsinlər, görsünlər, bizim məscidlərimizi nə günə qoyublar və təkcə bu məscidi deyil. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb.

Zəngilan rayonunda yarıdağılmış bəzi məscidlərdən tövlə kimi istifadə olunub, orada donuz saxlanılıb. Bu videokadrlar var. Ağdam məscidində donuz saxlanılıb və bu, bütün müsəlman aləminə qarşı cinayətdir, İslam dininə qarşı cinayətdir. Bütün müsəlman dövlətləri bunu görməlidir və biz bu həqiqətləri bütün müsəlman ölkələrinin rəhbərlərinin diqqətinə çatdırırıq. Azad edilmiş torpaqlara bu gün gələn xarici qonaqlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi öz etiraz səsini ucaltmışdır. ICESCO-nun Baş katibi azad edilmiş torpaqlarda olub, dağıdılmış Ağdam məscidini görüb və erməni vəhşiliyi haqqında artıq bütün müsəlman ölkələrini məlumatlandırır. Biz də bu işdə fəal olmalıyıq. Bütün dövlət qurumlarına göstəriş verildi, ictimai təşkilatlardan xahiş edildi ki, bütün beynəlxalq qurumlarda erməni vəhşiliyi haqqında məlumatlar verilsin - faktlarla, sübutlarla, şəkillərlə.

Ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib.

Biz isə bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir.

Diaspora