...Yuxu kimi QARABAĞ...
...Birdən səfəri təxirə salınar....
...Birdən gecikərəm...
...Birdən...yox ee... doğurdandamı Qarabağa gedirəm?!
Səfərə gedənlərin siyahısında olduğum barədə məlumatı alandan, bu aullarla səhəri diri gözlə açdım...
Səfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkil edib, Prezident Adminstrasiyası ilə birgə. Yenə də baş verənə özümü inandırmaqla məşğulam. Baxmayaraq ki, Fizuli-Zəngilan-Horadiz-Cəbrayıl-Qubadlı-Lələtəpə-Ohanyan səddi-Xudafərin su anbarı-Bərgüşad-Həkəri çayı istiqamətində səfərimizin ilk dayanacağına çatmışıq.
Otuz ili xofu güc gəlir adama. Və bir də düşünürsən, bu dünyanın ən gözəl marşrutu, həyatımın ən möhtəşəm səfəridir. On beş yaşından, qırxbeşinəcən bunu gözləmisən. Beləcə müşahidələrə başlayırsan. Nə də olsa yazıya sonluq üçün lap axırda həyəcanlarını mütləq qeyd edəcəksən...
Sürətli inşaat...
Yol boyu maraqla, həvəslə işləyən, gülərüz insanlar görürük. Hər kəs də maşınlara əl edir, salam verir və işinə davam edir, hərbiçi də, mülkü adamlar da. Olmayacaq işləri, oldurmaqla məşğuldurlar. Qarabağda ağıllı kəndlər, şəhərlər tikirlər, taxıl əkir, meyvə bağları, yeni meşə zolaqları salırlar. Erməni terrorunun izlərini başqa heç cür silmək olmaz Qarabağdan. Bizimsə yolumuz hələ çox uzundur, Həkəriyəcən yol getməliyik...
Qarabağın belindəki "qırmızı lent"...
Cəbrayıldayıq. Üzərinə iri hərflərlə STOP yazılan qırmızı lentləri bizə göstərir ANAMA rəsmiləri. Deyirlər ki, bu lentin o biri üzünə bir addım belə atmaq olmaz. Adam düşünür ki, necə atmayasan lalələr, sarıçiçək adama gəl-gəl deyir. Düşəncənin ardıyca getməyindən səni bərkdən və qorxu dolu bir səs ayırır: “ ay xanım, ora olmaz, anam!”
-Bircə addım da olmaz?
-Olmaz!
-Axı o lalə...
-Qabaqda o qədər görəcəksəəənnn, dərərsən...
Elə təəssürat yaranır ki, bu qırmızı lentlər Qarabağın qapısında qırmızı bağdır. Düşünürəsən, gün gələ bu qırmızı lenti kəsək, azad gəzək, laləmizi dərək, havamızı udaq tarixi torpaqlarımızda. Ancaq buna görə addım-addım minalardan təmizlənməlidir bu cənnət diyarın hər yeri. Bunun üçün böyük mütəxəssis, işçi qüvvəsi lazımdır, hansı ki, artıq Azərbaycan dövləti ANAMA-nın tərkibini genişləndirmək və daha böyük heyətlə iş aparılması üçün addımlar atmaqdadır. Ancaq o çağa qədər qardaş Türkiyədən gələn mütəxəssislər Azərbaycanlı həmkarlarına dəstək verirlər.
Bəs nələr var qırmızı lentin o biri tərəfindən, təkcə insanı fiziki məhv edən minalarmı? Yox! Erməni vandallığının, terrorunun izləri var, dağıdılmış evlər, bağlar, meşə zolaqlar. Kəsilib, uçurulub, dağıdılıb, yandırılıb...Ermənilər təkcə ərazi zəbt etməyiblər. Həm də mənəvi terror hədəfinə çeviriblər Qarabağı. Bu arada düşüncələrdən adamı bir telefon siqnalı ayırır...
Onlayn təhlükəsizlik mesajları...
Təhlükəsizlikdən söz düşmüşkən qeyd eləməkdə fayda var. Dövlət bu işi əməlli başlı nəzarətə alıb. Mobil opratorların işğaldan azad edilən ərazilərdə təcili xidmətə başlamasının bir özəlliyi də budur. İşğaldan azad edilən əraziyə daxil olan kimi, mobil xidmət istifadəçisinə harada olduğu və necə qorunmalı olduğu haqda mobil operatordan mesaj gəlir: “Təhlükəli ərazidəsiniz. Mina təhlükəsindən özünüzü qoruyun. Diqqətli olun!” və sair. Bu təxminən ona bənzəyir ki, səni özündən, emosiyalarına qapılıb ata biləcəyin addımdan qoruyurlar.
Mütləq ehtiyatlı olun,ölüm nəfərs qədər yaxındadır...
İnsan qəribə varlıqdır. Başına qəza gəlmədən, fani olduğunu qəbul etmir. Cəbrayılın Əmirvarlı kəndindəyik. Bu kənddə Qarabağın minillik tarixi olan nəhəng çinarını kəsib yuvasına od vurublar vandallar. Amma çinar yeni pöhrə verib. Yəni ki, ilahi bir ədalət var. O, faciəli anda yetişsə belə mütləq var və o kök sənindirsə, tarix sənindirsə, sərvət sənindirsə mütləq onu qoruyacaq. Minillik xan çinarın pöhrəsini qoruduğu kimi. Əmirvarlı kəndinin xarabalığından duyulur ki, böyük və imkanlı adamların kəndi olub.
Kənddən bir qədər aralıda tank əleyhinə mina zərərsizləşdirib mütəxəssislərimiz.
Minanın açdığı çalanın dərinliyi, bir normal adam boyundan iki dəfə artıqdır. Məhz bu mənzərədə anlayırsan və oxucuya da anlatmağı lazım bilirsən, bu ərazilərdə nə qədər erməni məkirinin toxumu sayılacaq, minalar yatdığını. Odur ki, təhlükə qaydalarına mütləq əməl etmək lazımdır, ta ki,
Sürünə-sürünə, mina axtaran lar işini bitirənə qədər...
Dörd bir tərəfinə qırmızı çiv basdırılmış çoxsaylı nöqtələr var. Bizi müşaiət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisinə, bunların hamısı... sualı tamamlamağıma qoymadı....Hə, minadır, bəlkə minlərlə var, ona görə qarış-qarış yoxlayırlar. Bir də azərbaycanlı və türkiyəli mütəxəssislərin işbirliyi var bütün sahələrdə olduğu kimi bu sahədə də. Erməni yaralqılarının xalı kimi Qarabağda yerə döşədiyi minaları iki qardaş millətin mütəxəssisləri sözün həqiqi mənasında bir yerdə, dizi üstə sürünə-sürünə zərərsizləşdirir, təmizləyir. Tanrı usandırmasın, yormasın deyək hamılıqla, çünki başqa yol yoxdur, çünki bu təhlükəli olduğu qədər d yorucu işdir. Çox qarışıq və mürəkkəb relyefi, coğrafiyası olan ərazini beləcə, dizi üstə yürüyə-yürüyə minadan təmizləmək asan və hər adamın görəcəyi iş deyil. Bu arada bu sahədə öz xidmətini təklif edən hər millətin, yaxın-uzaq qonşunun səmimiyyətinə də güvənməmək lazım. Çünki işğal altında olan ərazilərdə soyğun törətmək və sair məsələlərdə ciddi rollarının olması istisna deyil.
Ohanyan səddi...
-Bax-bax-bax oranı görürsünüz...
-Bəli, komandir...
-Ora məhşur Ohanyan səddidir.
O səddə kabus kimi təqdim edilirdi hər kəsə. Xof makinası idi erməni yaraqlılarının. Şişirdilmiş sədd idimi, belə demək düzgün olmaz. Azərbaycan əsgərinin, ordusunun əməyini kiçiltmiş olarıq. Yazın gəlişi üzərinə yaşıl xalı sərib o səddin, nə oğlların qanına bais oldular orada. Amma indi orada müqəddəs şəhid ruhları rahatlıqla dolaşır yəqin. Çünki qisasları alınıb və böyük vahimə, xof makinası yerlə bir edilib.
Paşenyanın çəkə bilmədiyi Cəbrayıl yolu...
ANAMA rəsmisi Azər müəllim gülümsəyərək qarşımıza gəlir. Əliylə yolu göstərir. Bax bu o yoldu ha, Cənab Prezidentin dediyi yol, nooldu Paşenyan, Cəbrayılın içi ilə yol çəkirdin, hanı bəs, o yol? Yoxdu! Getdi, görbagor oldu o yol, getdi cəhənnəmə, yoxdu! İndi bizim üçün Azərbaycanın ərazisi, Cəbrayılın bir yoludur, amma düşünəndə ki, həm də düşmənin ürəyində qalan böyük arzudur, adam qürurlanır hələ bir düşüb o yolda şəstlə yeriyir də...
Lələtəpədəki qürurlu an...
Uzaqdan, lap uzaqdan Azərbaycanın üç rəngli, aylı, ulduzlu yaraşığı dalğalanır, dövlət bayrağı... Təpənin lap başında. Bura da Lələtəpədir. Onlarla igidimizin canı, qanı bahasına alınan torpaq vacib zirvə. Aprel döyüşlərindən bizə qalan. Aşağıdan ha baxırsan, doymursan, Deyirsən ki, ayına ulduzuna qurban olduğuma, zirvə nə gözəl yaraşır, ya rəbb...Qürurla bir udum Qarabağ havasını ciyərinə çəkib, yola davam edirsən.
Görünən Cənubi Azərbaycan...
Bu yerdə olmasan bilməzsən Arazın o tayı adamı necə çəkir. Bunu ancaq orada hiss edir insan. Bir millətə, bir dövlətə nə qədər sitəm ediblər. Rusiya qədər Azərbaycana pislik edən neçə dövlət var tarixdə. Və bu pisliklərin, törədiləncinayətlərin masştabını biz dünyaya necə etsək təqdim edə bilərik. Azərbaycanın tən ortasında Zəngəzur, Qarabağ, Cənubi Azərbaycan faciələrinin hər birinin plan sahibi Rus İmperiyası, icraçısı ermənilərdir.İndən belə biz bunu qəti yox, qətiyyətlə unutmamalıyıq. Yalnız o halda Azərbaycan var olacaq.
Müəmma dolu Xudafərin qıcığı, Xudafərin su anbarı...
Uzaqdan görünən Xudafərin su anbarına həstərlə baxırıq. Düzü arzum həm də Xudafərini görmək idi. Tək bircə dəfə o taya boylanıb, Arazın suyunda əl-üzümü yumaq, əlçatmaz arzu kimi gəlir adama. Maraqlı olanı bu ki, indi niyəsə və kimlərinsə ciddi qıcığı duyulur bu məsələdə. Xudafərini, Arazı görmək yaddaşları təzələyir deyə, kimlərsə bərk narahatdır. Olsun, gün gələr o həsrət də bitər. Zatən iki yüz ilin tamamında bəlli yüzillik müqavilələrin də zamanı bitmək üzrədir deyə bir əlahəzrət tarixi fakt mövcuddur. Amma hələlik biz sənə uzaqdan boylanırıq məmləkətin cənub qolu. Nə zamansa sarılanacan, xoşca qal...
Azərbaycanın yeni ordu zastavaları...
Diqqəti çəkən Qarabağın bizim səfər marşrutumuz boyu həm də ciddi təhlükəsizlik tədbirlərinin alınması çəkir. Bütün qoşun növləri hazır vəziyyətdə, öz işinin başında və yüksək səviyyəli xidmətindədir. Müdafiə nazirliyi, Sərhəd Qoşunları, Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, hər kəs öz işinin peşəkarı kimi yerini və sərhədlərini bilir. Çəkib təqdim eləməyi lazım bilməsəm də ən uca postlarda qürurla dayanan Azərbaycan əsgər və zabitlərinin yeni postları, təminatları diqqət çəkir. Nə deyək, ayağınızı yerə möhkəm basın qardaşlar, bu yerlərdə kökümüz qədimdir. Torpaq bizdən qaçmaz o səbəbdən.
Həkəri çayı təəssüratı...
Həkəri çayı ilə Bərgüşad çayının qovuşağına çatırıq. Yol kənarında düşüb dərə aşağı xeyli yolu suqovuşana tərəf gəlirik. Hələ təbiətin yaz nəfəsi öz rənglərini çox göstərə bilmir burada. Hava bir az sərindir. Amma çevrəyə baxırsan, dağıdılmış onca ev, həyətyanı sahə, təsərrüfatlar arasında belə gözəlliyini əsirgəməyib yaradan bu yerlərdən. Başqa ölkələrin, başqa dövlətlərin təbiətinə vurğunluq boş, bekara söhbətdir, Qubadlını, Həkərini, Bərgüşadı görəndən sonra. Suyu göz yaşı kimi duru, təmiz, saf, içməli.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə suqovuşana çaya iki mindən artıq xırda farel balıqları töküldü. Bizdən can, torpaq, sərvət alanların vurduğu zərərin, ziyanın nəticələrini aradan qardırmaq üçün Azərbaycan dövlətinin gördüyü onlarla tədbirdən biri idi bu, təbiəti zənginləşdirmək. Daha sonra yolumuzu Qubadlının məhşur tut bağlarına idi. İndi bura bağ demək olarsa. Məhşur şerdən misranı xatırladım...“başı kəsik, gözəl kötük”... Başqa heç nə dəymir gözə. Həmsöhbətim olan çalışanlardan biri deyir, “Qudablının hər kəndində barama təsərrüfatları olub. O təsərrüfatların tut bağları olub bura. Gethagetdə, hamısını qırıb maşınlara yükləyib daşıyıblar, namərdlər”. Biz o yerlərə yeni ağaclar əkdik. Qafqaz çinarının, palıdın tinklərinin yetişməsi üçün gətirilən toxumları səpdik xüsusi yerlərdə. Bir zamanlar bu cənnət diyarda istirahətə gəlmək nəsib olarsa, bu bağı da biz saldıq deyə qürurlanarıq.
Dağıdılmış evlər, yandırılmış bağlar, meşələr, bunlar təkcə Azərbaycan üçün yox, dünya, insanlıq adına cinayətdir. Biz bu SOS siqnalını mütləq dayanmadan çalmalıyıq. Həm də bizdən olmayan, hətta bizi və ölkəmizii ilk dəfə görəcək ədalətli insanlar, mütəxəssislərin dili ilə təqdim etməliyik. Nəhayət ki, dünya Ermənistanın və terrorçu erməni qruplaşmalarının nə qədər təhlükəli olduğunu anlamalıdır.
Naxçıvanın lap yanı, həm də quru yolu ilə buna çox yaxınıq, cəmi 40 kilometr qalır...
Yeri gəlmişkən, xeyli “qruntavoy” yol getdik. Çünki yeni yollar salınır. Öz aralarında bu yola Zəngəzur yolu deyir çalışanlar. Bir az da dərindən söhbətləşəndə öyrəndim ki, Həkərinin sahilində dayandığımız yerlə Naxçıvana qırxca kilometr quru yolu var. Gerisini özünüz təsəvvü edin, görün hara, hansı məqsədə, amala gedir Azərbaycan.
Zəngəzura, Kəlbəcərin, Zəngilanın qızıl yataqlarına geniş yollar. Gözlə görməyənəcən inanmıram...
Kəlbəcədə ermənilərin öz çəkdiyi yol indilik bizim bəsimizdir. Düşmən də olsalar böyük ümidlərlə yaxşıca yol salıblar, amma qismətləri olmadı. Yolçəkən qardaşlaımızdan biri deyir bunu. Bizim Hədəfimiz Zəngilanın qızıl yataqlarına yol çəkməkdir. Üzünün fərqli sevincinə baxıram. Başqa nə var ordan ay qardaş, sözlü adama oxşayırsan deyirəm, ikimiz də gülürük? Nə olacaq Zəngəzurun yoludur də, üzü Zəngəzuracan gedəcəyik inşallah. Yola ha baxırsan, yenə də yuxu kimi gəlir adama, iki yüz il gözləmişik toz basıb, iz itib bu yollardan. Ara-sıra dağ sürüşməsin nəticəsində batmış qədim yollar görünür, o da diqqətlə baxanda, cəmi bir-iki yerdə. Yollar da itib amma tarixdə və beyinlərdə itməyib Zəngəzur. Düşünrsən ki, səbrə bax, əzmə bax, dözümə bax, xarakter bax, bir də MİLLƏTƏ bax, MİLLƏTƏ...O millətə ki, indi özünü özündən diksindirməyə, özünü sevməməyə sürükləmək istəyir onu bir qara əl! Amma hara yol veririk...
Daş xına, çöl nanəsi, yabanı vəzəri, yovşan, çöl qanqalı, sarıçiçək, zəncirotu, nanəcövhər, yarpız...
İndiki nəsil bilməz. Barmaqlarda, ayaqlarda duzlaşmanın, daban çatlamasının, sinir uclarının ağrılarını götürtmək, hətta saç tıkülməsinin qarşısını almaq üçün Qubadlıdan daş xına gətizdirərdi nənəm. Sovet dönəmi uşağı olmuşuq. O dönəm pulu ilə yazanda kifayət qədər baha idi xırda bir dəstəsi beş manata. Özü də rəngli şəkil böyütdürmək İrəvandan gələn erməni fotoqraflar gətirərdi bizə onu. Yəqin çoxunuzun evində var o rəngli böyüdülmüş şəkillərdən. Qapı-qapı düşüb baha qiymətə iş yığırdı beləcə keçmiş kirvələr, arada da belə alış-veriş edirdilər. Qadınlar, qızlar, əllərinə, ayaqlarına qoyardı döymə xınanı. Hazırlanması da çox sadə idi, bir mis kasada qəmbər daşla döyərdik, bir az da gözləyərdik şirəsi çıxsın, rəngi dəyişsin, cənnət qoxardı, sonra istifadə edərdik. İndi Qubadlıda təzə-təzə, yazqabağı, başqaldırır, xırda kolunu görəndə elə bildim uşaqlığıma döndüm...
Yabanı bitən nanəsi, vəzərisi, çöl qanlaqı, sarıçiçəyi, zəngirotu, nanəcovhəri, yarpızı. Bir ovuc topladım qarışığını. Gətirdim ki, Qarabağın ətri gəlsin evimizdən. Getməyənlər, görməyənlər bir qanad atsın çayına, görsün Qarabağ nə dadır?..
Böyük Mərcanlıda qalan uşaqlıq...
Səfərdə tək deyildim, təbii ki, həmkarlarımla idim. Əslən Cəbrayıldan olan həmkarlarımla. Əfqan Qafarlını hamımız çox asta danışan, sakit təbiətli biri kimi tanımışıq. Həmişə min qadından abırlıdır demişəm Əfqan haqda məndən soruşan olandan. Böyük Mərcanlıda balaca, uşaq Əfqanı gördüm, fərqli səs tonu ilə həm də. Bax-bax-bax o təpədə quzu otarırdım ey mən...Ay Allah....Bax buraların hamısı nar bağı idi, indi heç nə qalmayıb... Sonra televiziyadan olan həmkarım ondan müsahibə götürü. “Necə deyim, izah eləyə bilmirəm, bu çox çətindir, bunu çatdıra bilmirəm, bu başqa bir şeydir” Həəə...sözlə oynayan, sözə sahib olan adam da sözsüz olarmış?! Elə bil Böyük Mərcanlıdan necə çıxdıqlarını təzədən yaşayırdı Əfqan, kövrək görünürdü. İlk dəfədir səssiz, dostumun başını dik, gözlərini düzünə baxan görürdüm. Yol kənarından kəndlərinə boylandı, o içəri küçələrdədir. Bizim evin ətrafı minadan təmizlənməmiş ərazidir deyə indi içəri girməyə icazə vermirlər. Amma yol kənarında elə Əfqana görə bir neçə dəqiqə dayandıq. Adam əsas magistralın o yanından, bu yanından boylanır, özlərinə ailələrinə, xatirələrinə aid nəsə axtarırdı. Bir də hiss edirdin ki, o gündədir. Kənddə ermənilər gəlir dedilər, biz çıxmağa yol tapmırdıq, Arazla o taya keçib, təzədən Azərbaycan ərazisinə qayıtdıq, heç nəsiz, zor-güc ailəmizin canını qurtardı böyüklərimiz. İndi onların hamısı həyatdadırmı deyə soruşmuram Əfqan, yaxşı ki, sən o ağır ürək əməliyyatından sonra həyatdasan, yaxşı ki...
Cəbrayılda qanqal qonaqlığı...
Bakıdan çıxandan bizim Seymur Verdizadə deyir elə deyir, ayəəə mənim bağrım çatlayacaq, ayəəə nətər olacaq, birdən evimizə girməsəm, tapa bilməsəm?! Yox ey ürəyim partlayar. Düz yolun qırağıdır evimiz. Səssiz dur dedim, mən də sənlə gəlirəm. Dediyi işarələrləevə sarı gedirik. Sovet əsgərinin şərəfinə ucaldılmış köhnə abidə dəlik-deşikdir, dağıdılıb. Erməni elə bir varlıq ki, dostuna, himayədarına da sadiq deyil, asidir. Seymur deyir bura çatmamış idi bizim ev. Səməd Vurğunun abidəsi də var idi məhləmizdə. Sağa-sola ha diqqət edirik, nəsə görünmür. Birdən Seymur bərkdən qışqırır, ay Jaləəə, o deyyyy haaa, görürsəəənnn, Səməd Vurğunun abidəsidir yerdəki? Abidə təbii ki, bərbad durumda, yarıdağıdılmış və ayaqaltınasalınıb. Hələ ki, oralıq da deyilik, adm on səkkiz il yaşadığı evi tapa bilmir. Bax bu abidədədən iki ev sağa idi bizim yurd, həyətin ortasında da hovuzumuz vardı. İkimərtəbəli, hündür evin qarşısındayıq. Bu dəfə bərkdən çağırır ki, Jalə, ay Jalə bura bizim evimizdir, xoş gəlmisən...
...Kişilər ağlayanda mənə həmişə elə gəlir, dünyanın sonudur. Həm də illərlə çiyin-çiyinə yol gəldiyimiz Seymur kimi adamların ən sərt mübarizələrdə belə ağlayıb soluxduğunu görməmişdim bu illər boyu. İndi Əfqan elə, Seymur belə, mən də onlardan betər...
...Toparlanıram, ay Seymur, ora bax, qaz plitənizin durur, qalıqları var, yəqin bura mətbəxiniz olub, hə? Belə deyirəm ki, toxdasın. Hə, hə, anamın qaz plitəsidir, bilirsən necə dadlı xörəklər bişirirdi anam? Ay Jalə bilirsən, nə qədər qonağı olurdu bu evin? Bir gün boş olmazdı süfrəmiz...İndi mən səni burda nəyə qonaq eləyim? Gilasımız kəsilib, narımız yox, xurma ağacımızın kökü də qazınıb. Su hovuzumuz da quruyub. Seymur yabanı qanqala qonaq elədi mənə. Atasının erməni vandalları tərəfindən dağılmış evində, anasına düzəltdiyi mətbəxdə oturdub şəkilini çəkdim mən də. Dinməzcə xeyli oturduq, qanqalımızı yedik, evin quru daşlarından öpüb qalxdıq. Bu bəlkə də həyatımda şəxsən mənim üşün düzənlənən nə şərəfli ziyafət idi. İşğaldan azad olunan Cəbrayılda, qanqan qonaqlığı..
Böyük qələbəni kiçildən cıqqılı xislətlilər haqda...
Danışılanların fonunda çox cılız, ürəkbulandıran oyunlar da var. Məsələn bəzən,
Qadın məsələsi siyasidir deyirlər...
Ardıyca söz və mətbuat azadlığından danışırlar...
Sonra intiharlar ölkəni başına alıb deyirlər...
Şəxsi həyatlara yönəlik təhqirləri, rəzillikləri dövlətin üzərinə yönəldirlər...
Siyasi məhbus olayına dair statistikanı təzələyirlər...
Gah dini, gah milli zəmində ixtişaşlara “qol qoyurlar”...
Rayon-rayon, kənd-kənd bölməyə çalışırlar məmləkəti...
Kimlər? Təkcə kənardanmı? Yaxında-uzaqda olan qonşularmı? Xeyir, həm də onların içəridə olan qanadları, qolları...məsələn, feminzim və başqa ...izm sevdalıları. Bu mərhələdən sonra nə olsa da, elə farslar özləri demiş “çi fayda”. Yəni faydası yoxdur. Ortada iradə, mübarizə əzmi, ciddi regional və dünya çapında razılaşmalar var. Və içəridə narazı olsalar belə, məsələn, Almaniya kimi susmağa üstünlük versələr belə, yenə Azərbaycan adında dövlətlə türk demiş, “iyi keçinməyə” qərar verməkdən başqa yol qalmır. Türkdilli dövlətlərin sonuncu birgə onlayn toplantısı, Dağlıq Qarabağdakı xoşməramlı layihələrdə dəstəkçi olanlardan və sair kimibir neçə məsələdən bəllidir, Qafqazda sanballı lider dövlət möhkəmlənir, adı AZƏRBAYCAN!
...Və Qarabağ bizim üçün nə idi...Ilham Əliyev bu gördüyüm mənzərədən sonra mənim üçün, bizim üçün siyasi lider, tarix adamı olaraq kimdir? Onu nədən və niyə "vurmağa" çalışırlar? Xalq və milli media ona nədə dəstək olmalıdır?
Prezident İlham Əliyevin ADA-dakı çıxışında qısa epizod:
-Biz istəyirik gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə, Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz.
İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq! Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm".
Bu qısa xülası imkan verir söyləyək ki, İlham Əliyev Azərbaycanın tarixi ərazisinin iki yüz il əvvəlki vəziyyətini dünyaya xatırladan, məsələni gündəm edən və onun icrasını mərhələ ilə həyata keçirmək kimi məsuliyyətli işə qol qoyan milli liderdir. Təkcə bu faks bütün milli güclərin onun ətrafında cəm olmasına imkan verir. Bu situasiyada irili-xırdalı sosial probləmləri əsas götürüb nəhəng bir prosesi heç adlandırmaq olmaz. Bəli, Azərbaycanın məmur özbaşınalığından doğan ciddi problemləri mövcuddur. Ancaq istisna deyil ki, bu problemlərin hər biri sünü olaraq, bilərəkdən yaradılır və dövlət-vətəndaş, lider-xalq münasibətlərində yenidən uçurum yaratmağa xidmət edir. Bu “xidmətin” qarşısını almaq, ictimai rəyi məlumatlandırmaq, maarifləndirmək, insanları başına cəm eləməksə ictimai xadimlər, tarixçilər, ən vacibi bu təbliğatın önündə getməli gücüm, milli medianın və onun simalarının üzrinə düşür. Biz elə bir sistem qurmalı, elə bir mənəvi bağ yaratmalı, elə bir şəhid, qazi sevgisi yaşatmalıyıq ki, gələcək və böyük, güclü Azərbaycanı qura, estafeti yeni nəslə şərəflə təhvil verə bilək. Qarabağda görüb müşahidə etdiklərim söyləməyə əsas verir ki, bunun üçün ciddi zəminlər var, sadəcə yaxşı təbliğat işi qurmaq gərəkdir. İctimai-siyasi təbliğat mexanizminin, bu işin ideoloji təbliğatını sürətləndirmək gərəkdir. Kimsəyə yarınmadan, populist çıxışlar etmədən, uzun-uzadı məntiqsiz nitqlərlə efir zamanın almadan işə başlamaq lazımdır. Soyuq baş, sakit beyin və insanlara faydalı olacaq ciddi, sadə təbliğat işi qurmalıyıq. Yeni Azərbaycan uğrunda ideoloji təbliğatın bünövrəsi qoyulmalıdır, həm də son dərəcə sürətlə.
Bizi yolçu edən ruhlar...
Bakıdan üzü Qarabağa yol kənarında gördüyüm elə məzarlıq olmadı ki, orda Azərbaycan bayrağı sancılan bir şəhid məzarı boylanmasın. Məzarları da seçilir şəhid balaların, oğulların, qardaşların. Elə bil əllrəində bayraq, dimdik dayanıb, bizi Qarabağa müşaiət edirlər. Gedin, qorxmayın, almışıq, rahat olun deyirlər adama yol boyu elə bil. Yələ marşrutumuz boyu yol kənarına səliqə ilə lövhələrdə əks olunan şəkillərini demirəm. Azə yüz belə məzar saydım. Sonrasında ancaq salam qardaş, sağ ol qardaş, bağışla qardaş, ruhuna fatehə qardaş deyə-deyə mənzil başına Qarabağa çatdım həmkarlarımla birgə. Bu yazının sonuna çathaçatdayam, bizi qoruyan o ruhlar qarşısında ancaq susmaq səcdəyə getməkdən başqa bir şey gəlmir əlimdən. Kaş ailələrinə, şəhid əmanəti qazilərə layiqincə sahib çıxaq. Onlar olmasaydı dövlət Qarabağda bəlli siyasətini qursa da icra edə bilməyəcəkdi. Kim gəlsə də nəticə bu olmayacaqdı. Çünki vətən üçün savaşmaq, vətən üçün can vermək təkcə hərb dilinə bələd olmaq məsələsi deyil, həm də canı yanmaq, sevə bilmək, uğruna ölümə gözqırpmadan getmək deməkdir. İndilik bir bunu deyirəm tanrı bizi, sizdən utandırmasın şəhidlər...
SON: Lap sona gəldik. Həyatımın ən möhtəşəm səfəri haqda yazının ən sonuna.
...Çevrədə adam çox idi. Əksəriyyəti gənclər. Sevindiricidir. Çoxu elə yaşdadır ki, sənin yaşadıqlarının heç birini yaşamayıb. Onlar müstəqil və qalib Azərbaycanı görüblər gözləri açılandan, ağılları kəsəndən.
Sənsə vətəndaş müharibəsində, atəş səsləri ilə ali məktəb oxumusan...
Uzun-uzadı çörək növbələrində durmusan...
Qəndin, çayın qıtlığını yaşamısan...
Üstünün qızılını dövlətin müdafiə fonduna bağışlamısan...
Qan görmüsən azacıq yaşınla...
Milli azadlıq hərəkatının gedişatından xəbərdar olmusan...
Pionerdən imtina, komsomolu boykot eləmisən...
Partiya bileti yandıranlara kibrit, neft tapmısam...
Balaca aktivist olmusan...
Birinə su daşımısan, birinə çörək...
Sonra Ağdamın işğalında onlarla yaralı görmüsən rayonunda, anana qısılıb baxmısan əsgərlərinə...
Arada dövlət çevrilişi silahlılarının gözünə baxa-baxa nənəngilə çörək aparmısan ki, ac qalmasınlar...
Çox qorxmusan, birdən ardınca güllə atarlar qorxulu, amma səninlə eyni dildə danışan pis əmilər...
Oxuduğun məktəbin təlim bazasını silah anbarı edəndə, balaca, zərif qız cocuğu əllərinlə silah-sursat daşımısan. Hələ də zədəli olan barmağın, azacıq soyuq oldumu sızıldayır. Silah qutusunun altında qalmışdı axı...
Hələ ailə üzvlərinin sayı qədər gülləni atanın anana verib getdiyi anı xatırlayırsan...
Bir də əgər Ağcəbədiyə girsələr bunlar bizə lazım olacaq deməsini də...
Uşaqlığın, yeniyetməliyin, gəncliyin olmayıb sənin,sən üzərinə Azərbaycan qurulan gəncliksən və Qarabağ həm də sənin o yaşamadığın uşaqlıq, yeniyetməlik, gənclikdir. Qarabağ şəxsiyyətinin bərpası, vətəndaşlığının tamlığıdır Azərbaycan insanının. Qarabağın alınması özünü VƏTƏN kimi hiss eləməkdir. Sən VƏTƏN adamsan, Azərbaycan insanı, sənin kimi VƏTƏNƏ şükür!
P.S. Lap unutmuşdum! Şuşadan, Laçından, Kəlbəcərdən baxmaq istəyirəm bir də Qarabağa. İstəyirəm görüm, necə görünür gələcək və böyük Azərbaycan?! Təki qismət ola...
Bakı-Fizuli-Cəbrayıl-Zəngilan-Qudadlı-Bakı
Jalə Mütəllimova
15.04.2021.