Rusiya sülhməramlılarının dəstəyi ilə Azərbaycana qayıdan ermənilərin sayı rəsmi bilgilərə görə, 50 min civarındadır. Amma müstəqil erməni mənbələrin əslində söhbətin ən yaxşı halda 30 min ermənidən gedə biləcəyinə işarə edir.
Musavat.com daha öncə xəbər vermişdi ki, əsas məskunlaşma Xankəndindədir və bura qayıdanlar da çox ciddi problemlərlə üzləşməkdədir. Qarabağın dağlıq hissəsində qış bu il mülayim keçdi və bu səbəbdən ermənilərin “bəxti gətirmiş” sayıla bilər. Qeyd edək ki, Rusiya sülhməramlılar da ilkin mərhələdə ermənilərin sığınması üçün xeyli iş gördülər, müharibə zamanı sınmış qapı-pəncərələri, evlərin damlarının bərpasında kömək etdilər. Amma problem təkcə məskunlaşma ilə bağlı deyil, geri qayıdan ermənilər xeyli ümidsizdilər, hələ də özünü adam sayan, siyasi oyunbazlıq və revanşizmlə baş qatan Araik Arutyunyan “hökumətindən” əllərini üzüblər.
Ermənistan hökuməti bir neçə gün əvvəl Qarabağdakı ermənilərə ev tikmək üçün 200 milyon dollar(110 milyard dram) maddi yardım ayrıldığını elan edib. Bu maddi vəsaitin yarısını isə “Hayastan” ümumerməni fondu verəcək.
Əlbəttə, bu vəsaitin sadə ermənilərin problemlərinin həllinə yönəldiləcəyi sual altındadır. Görünən budur ki, ağır iqtisadi şərtlər Qarabağdakı ermənilərin vəziyyətini hər ötən gün daha çıxılmaz edir. Bu səbəbdən Qarabağdan qaçış gözləniləndir və Ermənistan hakimiyyətinin tələsik 100 milyon dollar vəsait ayırması bu cür təhlükəni önləmək məqsədi daşıyır.
Musavat.com-a açıqlamasında ekspert və siyasətçilər bu durumu şərh etdilər və bunun yaratdığı təhlükələrdən danışdılar.
Elxan Şahinoğlu: “Rusiya bunda xüsusi canfəşanlıq edir, çünki….” |
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya müharibə bitdikdən sonra daha çox erməninin Xankəndinə köçürülməsinə çalışır. Onun fikrincə, hətta Rusiya İrəvandan daha çox canfəşanlıq edir: “Bunun arxasında bir neçə səbəb var. Rusiyanın bu siyasəti növbəti təxribatlar seriyasındandır. Çalışır ki, Dağlıq Qarabağda ermənilərin sayı çox olsun ki, burda seperatçılıq gələcəkdə də davam etsin. Çünki Rusiya qonşu ölkələrdə “parçala və hökm sür” siyasətindən vaz keçməyib. Ətrafdakı bütün separatçılara məhz Rusiya dəstək verir. İkincisi, Rusiyada düşünürlər ki, əgər Xankəndinə kifayət qədər ermənilər köçürülməsə, bir müddət sonra rus hərbçilərinin bölgədə qalmasının aktuallığı azalacaq. Əgər orda ermənilər azdırsa Rusiya hərbçiləri kimə və nəyə lazımdır? Ona görə daha çox ermənini Xankəndinə köçürməyə çalışırlar ki, qalıcı olaraq Qarabağda qalsınlar və tərk etməsinlər. Halbuki bu, Azərbaycanın maraqlarına daha çox cavab vermir. Əgər Rusiya-Azərbaycan münasibətlərində keçmişdə də müəyyən suallar yaranırdısa, amma son 5 ayda Rusiya hərbçiləri bölgədə yerləşəndən sonra sualların sayı daha da artıb. Rusiya guya Qarabağda hərbçilərini yerləşdirməklə sülh missiyası həyata keçirməyi hədəfləyirdi. Amma görürük ki, nəinki sülh missiyası həyata keçirilir, əksinə, təxribatların da sayı artır. İsgəndər raketləri ilə bağlı bizə izahat vermirlər. Minalanmış xəritələr bizə verilmir. Modul tipli yerləşim yerlərinin sayı artır. Rusiya bayrağı Xankəndi hava limanında havalanır. Üstəgəl, işğal faktoru daha geniş əraziləri əhatə edir – Xocalı, Şuşanın kəndləri, elə Xankəndinin özü. Bütün bunlar bizdə ciddi suallar doğurur və biz çox təəssüf ki, Rusiyadan buna cavablar ala bilmirik. Demək, biz bilməliyik ki, Rusiyanın siyasəti nədir, kimə qarşıdır. Biz seçimimizi etməli və Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik”.
Elxan Şükürlü: “Rusiya sülhməramlıları etiraf edirlər ki, onlar ordakı erməniləri saxlaya bilmirlər” |
Politoloq Elxan Şükürlü isə hesab edir ki, əslində nə baş verdiyini sıradan vətəndaşlar da yaxşı bilir. Onun sözlərinə görə, bu yaxınlarda Rusiyadan qayıdan bir dostu Rusiya sülhməramlısı olan yaxınının dediklərini ona çatdırıb: Sülhməramlılardan bir nəfər dostumun yaxınıdır, onunla Rusiyada görüşüb. Rusiya sülhməramlıları etiraf edirlər ki, onlar ordakı erməniləri saxlaya bilmirlər.
O ermənilərin hamısı qaçıb gedir. İnanın ki, bir az koronavirus götürülsün, sərhədlər açılsın, orda ümumən erməni qalmayacaq. Həmin şəxs deyir ki, gedin, Moskva-Yerevan reysinə baxın, görün nə qədər adam gəlir və nə qədəri gedir. Bilet qiymətləri hansı həddədir. Kütləvi şəkildə Ermənistanın özündən köç başlayıb. Nəinki Qarabağda, heç Ermənistanda da adam qalmayacaq. SSRİ dağılanda Ermənistanda 3 milyon əhali olub. 2000-ci ilin hesabatlarında isə göstərilirdi ki, Ermənistanı 1 milyon 200 min insan tərk edib, 1 milyon 800 min əhali qalıb. İndi ermənilər bu əhalini zorla şişirtməklə deyil ki. Erməni əhalisi torpağa bağlı millət deyil. Qaçacaqlar, gedəcəklər. Ermənistandakı seçkilərə qədər belə dezinformasiyalar çox olacaq. Azərbaycan hökuməti bu dezinformasiyalardan cəmiyyəti, milləti qorumalıdır”.
Pənah Hüseyn: “Onlar bunu status məsələsinə görə edirlər…” |
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn də xatırlatdı ki, ora köçürülən ermənilərin bütün kommunal xidmətləri pulsuzdur. Bu da hardansa gələn vəsait hesabınadır. Müsahibimiz xatırlatdı ki, orda hər hansı iş yeri də yoxdur: “Yəni, onlar heç bir iş də görmürlər. Sanki onlara muzdlu kimi pul verilir ki, sən qarabağlısan, burda qalmalısan. Orda yalnız o şəxslərə ev veriləcək ki, ancaq orda yaşayacaq. Onlar burda başqa şeyə hazırlıq görürlər. Bunu da status məsələsinə görə edirlər. Referendum məsələsini, Minsk məsələsini yenidən diriltmək istəyirlər. Zorla Azərbaycanın ərazisinə onun suverenliyinin qaytarılmaması üçün cəhdlər gedir. Biz diqqəti buna yönəltməliyik”.
Sevinc Telmanqızı,
Musavat.com