“İskəndər” müəmması davam edir: “Dünyanın silah bazarı titrəyəcək“ -  ŞƏRH backend

“İskəndər” müəmması davam edir: “Dünyanın silah bazarı titrəyəcək“ - ŞƏRH

Vətən Müharibəsi dövründə ermənilərin Azərbaycana qarşı Rusiya istehsalı olan “İskəndər-M” raketindən istifadə etməsi son günlər ictimaiyyətdə geniş müzakirəyə yol açıb.

İxracı qadağan edilən silahlar siyahısında olan bu raketin Ermənistana hansı yollarla gedib çıxması nəinki Azərbaycanı, hətta dünya KİV-ni də olduqca maraqlandırır. Çünki hələ 2016-ci il Aprel döyüşləri başa çatdıqdan sonra 280 kilometrlik uçuş məsafəsinə sahib olan “İskəndər” raketlərinin ermənilər tərəfindən nümayiş etdirilməsi böyük səs-küyə səbəb olmuşdu. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun bir müddət əvvəl Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar etməsinə baxmayaraq, İkinci Qarabağ Müharibəsində Ermənistanın 500 kilometrlik uçuş məsafəsinə malik “İskəndər”lə Şuşanı vurması faktı ortaya çıxıb. Bu, haqlı olaraq Azərbaycan cəmiyyətində böyük narazılıqlara yol açıb. Bir qrup azərbaycanlı jurnalist “İskəndər-M”lə bağlı rəsmi şəkildə Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib, rəsmi Moskvadan izahat tələb olunub. Lakin Rusiya tərəfi indiyə qədər nə rəsmi mövqe ortaya qoyub, nə də təhqiqatın başlanmasını elan edib.

Məsələni Yenisabah.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev Rusiyanın susqunluğunun Azərbaycanı qane etmədiyini vurğulayıb:

“Bu raketlərin necə Ermənistana gedib çatması hamımız üçün maraqlıdır. Bunu aydınlaşdırmaq üçün çox qısa bir prosedur var: Azərbaycanla əməkdaşlıq etmək. Raketin istehsal, seriya və partiya nömrəsini götürməklə Rusiyadakı bu raketləri istehsal edən şirkətdən həmin nömrəli raketlərin kimə verildiyini aydınlaşdırmaq mümkündür. Onun verildiyi Rusiya hərbi hissəsini tapdıqdan sonra isə həmin hərbi hissədən bu raketlərin mövcudluğunu yoxlamaq lazımdır. Əgər raketlər yerində deyilsə, o zaman bunun hansı yollarla Ermənistana verildiyi bəlli olacaq. Bunu söyləmək deyil, prosesləri yerinə yetirmək üçün arzulamaq lazımdır, istək olduğu halda məsələni aydınlaşdırmaq ən uzun vadədə bir neçə günün işidir”.

Ekspert Rusiyanın iddialara aydınlıq gətirməmə səbəblərini də diqqətə çatdırıb:

“Birinci səbəb bu silahın uğursuzluğu ilə bağlıdır. Rusiya özünün dünyaya çəkindirmə silahı kimi təqdim etdiyi bir silahın belə uğursuz olmasını qəbul etmək istəmir. İkincisi, Rusiya və Erməsintan bu silah təchizatını bütün beynəlxalq konvensiyalara zidd həyata keçirib. Nə BMT-nin silahlara dair reyestrində qeyd olunub, nə beynəlxalq təşkilatlara bu barədə məlumat verilməyib. Məlumatı həm Ermənistan, həm də Rusiya verməliydi. Çünki idxal və ixrac edən ölkə bu təşkilatlara hər il hansı silahların kimə və nə qədər satılması barədə məlumat verir. Belə bir informasiya isə hazırda yoxdur. Yəni onlar  həm qadağan olunmuş silahı ötürməklə beynəlxalq konvensiyanı pozublar, həm də məlumat verməməklə beynəlxalq ictimaiyyəti aldadıblar. Bundan əlavə, dünyanı qorxuda saxlayan bir silahın uğursuz olduğu da ortaya çıxıb. Bunu etiraf etmək o qədər də asan iş deyil, amma etməlidirlər. Bu, dünyada silah bazarını titrədəcək, silahlara nəzarət mexanizmlərinin daha işlək bir vəziyyətə gətirilməsini tələb edəcək”.