Azərbaycan ordusu Laçın dəhlizindən keçəndə öz dövlət bayrağını endirməli, amma Xocalı rayonu ərazisində Rusiya və Ermənistan bayraqları qaldırılmalıdır?..
Bu obyekt inzibati-hüquqi cəhətdən Xocalı rayonuna aid olduğundan danışıq və yazılarımızda onu Xankəndi, yox, məhz Xocalı hava limanı adlandırmalıyıq...
Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından və Xocalı soyqırımının 29-cu ildönümünün tamamından sonra da, təəssüf ki, Xocalı hava limanında hələ də müstəqil(!) Azərbaycan Respublikasını yox, sülhməramlı(?) Rusiya və işğalçı Ermənistanın bayrağı, üstəlik, Qarabağdakı separatçı-terrorçu rejimin əski parçası dalğalanır.
Moderator.az xəbər verir ki, bunu əks etdirən görüntülər erməni nəşrlərindən birində işğal illərində Xocalı hava limanının Rusiya, Almaniya, Çexiya şirkətləri tərəfindən təyyarələrin uçuş və enişini izləmək üçün müasir avadanlıqlarla təchiz olunmasından bəhs edən yazıda dərc olunub.
Foto-şəkildən bəlli olur ki, Xocalı aeroportunun əvvəllər, yəni 1992-2020-ci illərdə qondarma separatçı xuntanın cındırı asılan ən uca nöqtəsində Rusiyanın bayrağı, yerdə - binanın sol tərəfində isə qəsbkar Ermənistanın, “sülhpərvər” Rusiyanın bayraqları və separatçı rejimin əski parçası asıılıb.
İnzibati-hüquqi cəhətdən Xocalı rayonuna aid bəhs edilən aeroportun tikildiyi torpaq Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan rəsmi ərazisi olsa da, faktiki olaraq oraya birabaşa hərbi-siyasi və inzibati nəzarət imkanımız, hələ ki, yoxdur. Lakin bu, o demək deyil ki, Azərbaycan Respublikası ərazisinə rəsmən sülhməramlı missiya ilə gəlmiş bir dövlət işğalçıkimi Xocalı aeroportu üzərində öz bayrağını ucaltmalı, üstəlik, burada həmin ərazinin 30 ilə yaxın işğalını həyata keçirmiş qəsbkar ölkənin və separatçı qurumun əski parçalarının yer almasına şərait yaratmalıdır. Necə olur, Azərbaycan ordusu Laçın dəhlizindən keçəndə öz dövlət bayrağını endirməlidir, amma Xocalı rayonu ərazisində Rusiya və Ermənistan bayraqları qaldırılmalıdır?..
Əgər Rusiya yaxın gələcəkdə Ermənistan və separatçı xunta ilə birgə bu hava limanından yararlanamaq istəyirsə, bu baş tuta bilməz. Çünki həmin aeroporta hüquqi nəzarət beynəlxalq normalara əsasən Azərbaycana məxsusdur. Odur ki, oraya həyata keçiriləcək uçuşlar məhz Azərbaycan qanunvericiliyi ilə tənzimlənməlidir.
Və bu aeroportda Azərbaycanın gömrük və sərhəd postları yaradılmadan istismarı qəbul edilməzdir. Azərbaycan rəsmi şəkildə bu uçuşlara icazə verməsə, həmin aeroportunun istifadəsi qanuni sayılmayacaq...
Bir daha xatırladırıq ki, bəhs edilən obyekt inzibati-hüquqi cəhətdən Xocalı rayonuna aid olduğundan danışıq və yazılarımızda onu Xankəndi, yox, məhz Xocalı hava limanı adlandırmalıyıq...