"Şəhid olsam qəbrim üstə ağlama” - Şəhid Emin Bağırov

"Şəhid olsam qəbrim üstə ağlama” -  Şəhid Emin Bağırov backend

Aprel döyüşlərindən artıq 5 il ötür. Böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə bir çox qəhrəman igidlərimiz şəhidliyə ucaldı.

Bu şəhidlərdən biri də Emin Bağırovdur. 1996-cı il iyul ayının 15-də Binəqədi rayonunda dünyaya gələn şəhidimiz 2014-cü ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Xüsusi təyinatlı kimi aprel döyüşlərində iştirak edən Emin Bağırov Talış istiqamətində qəhrəmancasına şəhid olub.

Eminin ailə üzvləri onunla bağlı xatirələrini Moderator.az ilə bölüşüblər. Şəhidimizin atası İmran Bağırov deyir ki, Emin uşağlıqdan vətənpərvər ruhda böyüyüb.

“Emin uşaq vaxtı çox nadinc olub, bayraq şəkili çəkib əlində tuturdu, üstündə oyuncaq silah gəzdirirdi. Hələ ağlı kəsmirdi, vətənə aşiqliyi uşaq ikən başlamışdı. Demək ki, Allah insan doğulandan, körpə vaxtından onun taleyini yazır. Şəhid olmaq qismətində var imiş demək ki. İdmanla da məşğul olurdu, uğurlar da qazanmışdı. Deyirdi ki, ata, səni cənab prezidentlə görüşdürəcəm. Bu onun ən böyük arzusu idi. Ondan gözləntilərim çox idi. Hərbi xidmətə getməmişdən əvvəl hamıya demişdi ki, şəhid olacağam. Bu sözü eşidəndə həqiqətən də həm qəribə hisslər keçirdim, həm də pis oldum. Mübariz İbrahimovu özünə ideal seçmişdi, hərbi xidmətə getməzdən əvvəl onun şəkillərini də çıxarıb, dükanımızın qarşısına vurmuşdu. Hətta instaqram səhifəsində yazıb qeyd etmişdi ki, hər ana dünyaya əsgər gətirə bilər, amma Azərbaycan qadınları Mübariz İbrahimovlar, qəhrəmanlar, şəhidlər dünyaya gətirir. Sonuncu dəfə onunla aprelin 2-də danışdıq. Dedi ki, ata, bilirsən də, döyüşlər başlayıb, amma nailiyyət bizim tərəfdədir. Səs-küy idi, çox danışa bilmədik. Bircə o sözü dedi ki, ata, qardaşlarımdan muğayat olarsan. Dedim ki, Emin bu nə sözdür, niyə belə danışırsan? Dedi ki, ürəyimdən gəldi dedim. Aprelin 5-i idi, bir toy var idi. Qardaşım dedi ki, gəl gedək toya, artıq müharibə qurtarıb. Bir şey olsa xəbər edərlər. Ürəyimə dammışdı, narahat idim. Ürəyim sıxılırdı, dedim ki, dur gedək evə. Toyu yarımçıq qoyub evə gəldik. Həyətdə məni qohum-əqraba qarşıladı, sən demə Emin şəhid olmuşdu, amma bir çoxu bilsə də mənə bildirmirdilər. İndi mən tək Eminin yox, bütün şəhid oğullarımızın atasıyam. Bütün şəhidlər də mənim oğlumdur. Eminin də, digər şəhidlərin də ruhu şaddır, artıq uğrunda canlarından keçdikləri vətən torpağı azaddır” deyə şəhidin atası bildirib.

 

Şəhidimizin qardaşı Yaqub Bağırov deyir ki, Emin Bağırovun hərbi geyimi ona yadigar qalıb.

“Eminin şəhidliyindən illər keçməsinə baxmayaraq xalqımız onu hər gün yad edir, bir an olsun belə yaddan çıxarmır. Xalqa qardaşım Eminin qəhrəmanlığı, mənə isə hərbi geyimi yadigar qalıb. Bu geyimi əynimə geyinəndə çox qürur hissi keçirirəm, Emin kimi qardaşın qanını damarlarımda daşıdığım üçün fəxr edirəm. Ən sevimli qardaşım olub, səsini bir dəfə eşitmək üçün dünyaları verərdim. Bəzən özümü tək hiss etdiyim zamanlarda yuxularıma gəlib deyir ki, sən tək deyilsən,  mən hər zaman sənin yanındayam. O anama şeir yazmışdı:

 

“Əsgər oldum, gedirəm irəli, haqqını halal et anam, bəlkə qismət olar şəhid oldum, bayram günü payımı saxlama, şəhid olsam qəbrim üstə ağlama”. Şəhid olmaq elə əvvəldən onun məqsədi və istəyi idi. Məqsədinə də çatdı. Şəhid ailəsi olaraq istərdik ki, qardaşımın adı yaşadılsın, küçəmizə, oxuduğu məktəbə onun adı verilsin. Əlbəttə ki, bütün qəhrəmanlarımızın adı əbədiləşməlidir, həmçinin də Emin Bağırovun. Onları yaddan çıxartmağa haqqımız yoxdur” deyə qardaşı bildirib.

 

Emin Bağırov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhidin məzarı bu gün vətən sevgisi ilə döyünən yüzlərlə gəncin ziyarət və and yeridir. Allah rəhmət etsin!

Diaspora