2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.
Qaziler.az-ın məlumatına görə, Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib.
Bu, Azərbaycan Ordusunun tilsimi qırması, hərb meydanında Ermənistanı geri oturdan və əraziləri işğaldan azad edən uğurlu əməliyyatı idi.
Ermənistanın bu vaxtadək mifik “Ohanyan müdafiə xətti” müzəffər ordumuz tərəfindən cəmi 20 dəqiqəyə yarılmışdı.
Azərbaycan Aprel müharibəsində ən müasir silahlardan da istifadə etmişdi, bu isə Ermənistanı əməlli-başlı qorxudurdu.
Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Azərbaycan ordusu Aprel döyüşlərində Lələtəpə yüksəkliyini, Talış yüksəkliyini və digər bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etmişdi.
Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə Vətən müharibəsində yerdə qalan torpaqların işğaldan azad edilməsində həlledici paya sahibdir.
Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.