Şəhid anası: “Oğlum həmişə deyirdi ki, nə qədər ki biz varıq, o torpaqlar erməniyə qalmayacaq” - FOTO

Şəhid anası: “Oğlum həmişə deyirdi ki, nə qədər ki biz varıq, o torpaqlar erməniyə qalmayacaq” - FOTO backend

Bu gün Vətən müharibəsində şəhid olan Abdullayev Rəşid Abdulla oğlunun doğum günüdür.

Oxu.Az xəbər verir ki, R.Abdullayev 2002-ci ildə Gəncə şəhərində anadan oub.

Ağcabədi şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edib.

Sentyabr ayının 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı o da ön cəbhəyə yollanan hərbçilərimizdən biri olub.

Şəhidin atası Abdulla Abdullayevin sözlərinə görə, Rəşid müharibəyə gedəcəyi barədə heç bir məlumat verməyib:

“Müharibə başlayan gündən narahat olduğumuz üçün onunla tez-tez telefon əlaqəsi yaradırdıq. O, hərbi sirləri qorumaq məqsədilə bizə heç nə demirdi. Bir qədər sonra bildim ki, Füzuli istiqamətində gedən döyüşlərdədir. Şuşaya qədər bir çox istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Əsgər yoldaşlarından aldığımız məlumata görə, Rəşid noyabrın 8-ində Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb”.

Şəhid anası isə bildirib ki, oğlu torpaqlarımızın işğalda olması ilə heç vaxt barışmayıb:

“Hələ hərbi xidmətə getməzdən əvvəl işğal altında olan torpaqlarımızın görüntülərini mənə göstərərək “Bax, ana, necə də gözəl torpaqlardır”, - deyirdi. Oğlum həmişə deyirdi ki, nə qədər biz varıq, o torpaqlar erməniyə qalmayacaq.

Atası 1992-ci ildə gedən müharibələrdə iştirak edib. Atası ilə danışanda döyüş başlayarsa, mütləq şəkildə müharibəyə gedəcəyini və torpaqlarımızı düşməndən azad edəcəyini deyirdi. Dediyini də elədi və vətən uğrunda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Diaspora