“Döyüşə gedəndə körpə qızını bağrına basıb dedi ki...” - Şəhid zabitimizin qardaşı

“Döyüşə gedəndə körpə qızını bağrına basıb dedi ki...” - Şəhid zabitimizin qardaşı backend

Vətən müharibəmizin şəhid müəllimlərindən biri də leytenant Tural Arif oğlu Rəhimovdur.

Təhsil Nazirliyinin açıqlamasına görə Vətən müharibəsində 20 nəfər müəllimimiz şəhid olub. Onlardan biri də Cəlilabad rayon sakini, kimya-biologiya müəllimi Tural Rəhimovdur.

Moderator.az-ın əməkdaşı bu gün şəhid leytenantın ailəsində qonaq olub və Turalın döyüş yoluyla bağlı atası və qardaşıyla həmsöhbət olub. Beləliklə, həmin yazını təqdim edirik:

Bizi şəhidimizin atası Arif müəllim və qardaşı Bəhruz qarşıladı. Rəhimovlar ailəsində ata və iki oğul müəllimdir. Turalın əmiləri də müəllimdir. Müəllim sənəti bu ailədə ən müqəddəs peşə kimi qəbul olunub. Tural Lənkəran Dövlət Universitini bitirdikdən sonra Cəlilabadın Hamarqışlar və Fərzili kəndlərində kimya-biologiya müəllimi işləyib.

Qardaşı Bəhruz deyir ki, Tural 2016-cı il Şanlı aprel döyüşlərində də xidmət edib:

“Tural ehtiyatda olan zabit idi. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı və leytenant kimi xidmətə başladı. Bir dəfə məzuniyyətə gəlmişdi və qəfildən ona zəng gəldi. Dərhal hərbi hissəyə yollandı və onda aprel döyüşləri başladı. Tural da həmin döyüşlərdə iştirak etdi”.

Turalgil ailədə üç qardaşdırlar, o, isə evin sonbeşiyidir. Şəhidlik isə sanki onun taleyinə yazılıb:

“Tural orta məktəbi bitirdikdən sonra vinetka üçün hərbi formada şəkil çəkdirib. Müəllimi bunun səbəbini soruşanda deyib ki, “müəllim, bundan şərəfli geyim yoxdur”. Vinetkanın digər hissəsində zarafat üçün kimin nədən öldüyü yazılıb. Məsələn, biri yazıb ki, “Alim gülməkdən öldü”, “Gülnar telefon dəyişməkdən öldü”, amma Tural üçün yazıblar ki, “Tural davada öldü”. Bax o dava indiki Vətən müharibəsi oldu. Hər şey əvvəl gündən sanki onun taleyinə yazılıb”.

Bəhruz müəllim deyir ki, Tural döyüşə gedəndə dörd aylıq körpə qızı Yağmuru qucaqlayaraq onunla sağollaşıb:

“Kəndimizdə Həsən adlı uşaq Vətən müharibəsində şəhid oldu. Turalla birlikdə şəhidin dəfn mərasimində iştirak etdik. Onda Tural şəhidin tabutunu çiyninə götürüb dedi ki, “gərək mən şəhid olaydım, Həsən, sən yox”. Daha sonra deyirdi ki, bundan gözəl ölüm var? Elə sentyabrın 27-də Turalı da ordu sıralarına çağırdılar və sentyabrın 28-də onu yola saldıq. Döyüşə gedəndə qızını bağrına basıb dedi ki, “qızım, mən getməliyəm”. (Ağlayır)

Şəhidimizin atası Arif müəllim onun ailə qurmasından danışır:

“Bəhruz özü həyat yoldaşını seçdi, biz də gedib qızı bəyəndik və ailə qurdular. İndi ikisi də müəllim işləyir, şükür Allaha dolanırlar. Turala dedim ki, sən də tələbə yoldaşlarından kimisə bax, gör, bəyən evləndirək. Dedi ki, “ata, mənim həyat yoldaşım evdə oturmalıdır”. İndi anlayıram ki, sən demə o, şəhid olacağını bilirmiş. Ona görə istəməyib ki, ondan sonra həyat yoldaşı işə tək getməsin”.

Şəhid atası deyir ki, Turalla sonuncu dəfə oktyabrın 20-də danışıblar:

“Oktyabrın 20-də Turalla danışdıq. Daha sonra onunla əlaqə kəsildi. Ondan xəbər öyrənmək üçün Müdafiə Nazirliyinə getdim. Orda mənimlə bərabər başqa valideynlər də var idi. Dedilər ki, Turalgil dağlardadı, döyüşürlər, orda telefonla danışmaq olmur. Amma sən demə şəhid olduqlarını biliblər və məndən gizlədiblər. Noyabrın 3-də bizə Turalın şəhid xəbəri gəldi”.

Vətən müharibəsində şəhidimizin nəslindən 25 nəfər iştirak edib. Elə onlardan biri də Turalın öz qaynı olub. İyirmi beş nəfərdən isə iki nəfər şəhid olub. Şəhid zabitimiz bütün bu xidmətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Diaspora