“Torpaqlarımızın müdafiəsinə qalxmış bütün əsgərlərə bacı, ana kmi yanaşmışam!” - Məhəbbət Paşayeva

“Torpaqlarımızın müdafiəsinə qalxmış bütün əsgərlərə bacı, ana kmi yanaşmışam!” - Məhəbbət Paşayeva backend

Xalqımıza dəhşətli faciələr, unudulmaz acı xatirələr yaşadan Birinci Qarabağ müharibəsi bütün Azərbaycan ailələri kimi tanınmış Tərtər şəhərində yaşayan tanınmış ziyalı, riyaziyyatçı, şair, dəyərli el ağsaqqalı Sabir Paşayevin ailəsindən də yan keçmədi və gözlənilməz fəlakətlər gətirdi.

Sabir Paşayevin iki ali təhsilli, vətənpərvər, igid oğlu Ədalət Paşayev və Evarist Paşayev o amansız müharibədə şəhid oldular. Digər oğlu İlham Paşayev isə müharibənin son gününə qədər döyüş meydanından çəkilmədi.

Bugünkü həmsöhbətimiz isə cəsarətdə, vətənpərvərlikdə, qəhrəmanlıqda qardaşlarından heç də geri qalmayan Məhəbbət Sabir qızı Paşayevadır. Qanlı döyüş meydanından bir an belə çəkilməyən, əsgərlərimizə əsl ana, əsl bacı qayğısı ilə yanaşan, o illərin bütün dəhşətlərini öz gözləri ilə görmüş, o illərin ən dəhşətli ağrısını-acısını dadmış həkim və tariximizdə ad qoymuş qəhrəman qadınların günümüzdəki davamçısı Məhəbbət Paşayeva…

– Məhəbbət xanım, xahiş edirik, ömür yolunuz barədə oxuculara qısa məlumat verəsiniz..

– Mən, Paşayeva Məhəbbət Sabir qızı 1958-ci ildə Tərtər rayonunda anadan olmuşam. 6 yaşımda orta məktəbə getmişəm. 16 yaşımda orta məktəbi bitirmişəm. 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktika fakültəsində təhsil almışam. 1980-ci ildə Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanada İnternatura kursu keçmişəm.

Biz ailədə 8 uşaq olmuşuq. Ziyalı bir ailənin övladı olmuşam. Sabir Paşayev deyəndə bütün respublika ziyalılarının içində öz dəsti-xətti olan, Tərtər ictimaiyyəti tərəfindən sevilən , “Böyük” kimi xitab olunan bir insan göz önündə canlanır. Sabir Paşayevin ailəsində böyümək, Sabir Paşayevin tərbiyəsini almaq, Sabir Paşayevin genlərini daşımaq, Sabir Paşayevin vətənpərvərliyindən dərs götürmək balaca bir şey deyildi.

Atam müəllim işləyirdi. Halal çörəklə, əziyyətlə böyütdü bizi. Bizim evdə bir dəftər var idi. Atam həmin dəftərin üstünə “Ailənin şərəfini qoru!” cümləsini yazmışdı. Anama tapşırmışdı ki, hər həftə uşaqların bütün hərəkətlərini o dəftərə qeyd edərsən. Hər həftənin bazar günü, o dəftərdə həftə ərzində qeyd olunanlar müzakirə olunurdu. Sıra ilə düzülərdik, anam həftə ərzində hansı səhv hərəkətləri etdik, hansı düz hərəkətləri etdik, qiymətlərimiz necə oldu?- bir-bir oxuyardı. Atam şeir, imla, inşa müsabiqələri keçirərdi. Bizim ailə belə bir ailə olub. Atam çox məşhur riyaziyyatçı olmaqla bərabər, həm də çox gözəl pedaqoq və çox gözəl şair olub. Bu həftəlik müzakirənin sonunda hamımız çalışırdıq ki, birinci yeri tutaq, atam bizi daha çox sevsin, daha çox öpsün. Səmimi etiraf edim ki, ay ərzindəki müzakirələrdə sərbəst ideyalarımla, hərəkətimlə, davranışımla, atama-anama olan sevgimlə həmişə birinci yerə çıxardım. Biz orta məktəbi bitirənə qədər, həmin o dəftər ailəmizdə hər həftə, hər ay müzakirə olundu.

-Necə oldu ki, ağ xalat geyindiniz?

-Mən 1981-ci ildən əmək fəaliyyətinə başlamışam. Doğma Tərtərimdə Tərtər rayon Mərkəzi Xəstəxanasında əvvəlcə təcili yardım şöbəsində növbətçi həkim kimi çalışmışam. Sonra 1981-ci ildən Tərtər rayon Poliklinikasında Yeniyetmələr Kabinetinin həkimi kimi fəaliyyətimi davam etdirmişəm.1985-ci ildə Rayon Sovetinin deputatı seçilmişəm. Eyni zamanda Mərkəzi Xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini təyin olunmuşam. 1985-ci ildən 1992-ci ilə qədər baş həkimin müavini vəzifəsində çalışmışam. 1992-ci ildə Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunmuşam.

Baş həkimlik fəaliyyətim bütövlükdə müharibə illərinə təsadüf etdi. Birinci Qarabağ Müharibəsinin iştirakçısı oldum. 1992-ci ildən Tərtər-Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak etdim. Azərbaycanımızın böyüklüyü, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda Tərtər-Ağdərə bölgəsində gedən döyüşlərin hamısının canlı şahidi oldum. Həmin vaxt bizim xəstəxana həm də hospital kimi fəaliyyət göstərirdi.Hərbi hospitalın tibbi personalı ilə birlikdə çalışırdıq. Tərtər-Ağdərə bölgəsindən, bütün döyüş bölgələrindən gətirilən yaralılar ilkin olaraq Tərtər rayon Mərkəzi Xəstəxanasına, həmçinin hospitala gətirilirdi. Təbii ki, hospital formalaşana qədər həmin funksiyanı bizim xəstəxana yerinə yetirdi. Sonra hərbi hospitalla birlikdə fəaliyyət göstərdik.Döyüş bölgələrindən gətirilən yüngül yaralılar xəstəxanada saxlanılırdı. Ağır yaralılar isə Tərtər rayon Mərkəzi Xəstəxanasından kənarda yerləşən xəstəxanalara və hərbi hospitalara çatdırılırdı. Eyni zamanda Tərtər-Ağdərə bölgəsində gedən döyüşlərdə, torpaqalarımızın azadlığı uğrunda gedən qanlı döyüşlərdə canlarından keçmiş, canlarını qurban vermiş şəhidlərimizin meyitlərinin döyüş mövqelərindən çıxarılması, onların müsəlman adət-ənənələrinə uyğun olaraq kəfənlənməsi və ailələrinə çatdırılması işini də bizim xəstəxananın təcili yardım şöbəsi yerinə yetirirdi. Təbii ki, o illərdə fəaliyyət göstərmək olduqca ağır bir iş idi. Qadın kimi baş həkim vəzifəsini yerinə yetirmək, o işləri qurmaq, qadın kmi gecə-gündüz xəstəxananın fəaliyyətinə nəzarət etmək , bunların hamısı böyük bir məsuliyyət idi. Bir ana kimi, bir bacı kimi mənim üzərimdə iki qat məsuliyyət var idi. O illərin bütün dəhşətlərini öz gözləri ilə görmüş, o illərin ən dəhşətli ağrısını-acısını dadmış həkim kimi, bir Azərbaycan qadını kimi, bir bacı kimi mənim böyük məsuliyyətim var idi. Çünki mən, torpaqlarımızın müdafiəsinə qalxmış bütün əsgərlərə bacı kimi, ana kmi yanaşmışam.

Təbii ki, tək deyildim. Tərtər rayon Mərkəzi Xəstəxanasının bütün kollektivi mənim yanımda oldu. Gecə-gündüz fasiləsiz xidmət göstərdik. O illərdə işləməyin özü çox böyük məsuliyyət idi. Çünki müharibə görməyən rayon, müharibəyə hazır olmayan xəstəxana , müharibə taktikası olmayan tibb personalı. Hansı ki, bunların hamısı şərt idi. Amma biz həmin vaxt elə bir birlik yaratmışdıq ki, xəstəxananın daxili imkanları hesabına gücümüz nəyə çatırdısa edirdik. Eyni zamanda bütün rayon ictimaiyyəti bizə yardımçı idi. Kiçikdən böyüyə hamı bizim yanımızda idi.

Qan təchizatı çox aşağı idi. Mərkəzdən qan gələnə qədər yerlərdə, döyüş bölgələrində ağır qan itirməyə məruz qalmış yaralılara ilkin tibbi xidmət göstərmək, onların cərrahi müdaxilələrini həyata keçirmək çox böyük məsuliyyət idi. Ən çox çatışmamazlıq dərman preparatlarının çatışmazlığı idi. Bu zəiflik bizi heç qorxutmurdu. Rayon rəhbərinin köməyi ilə elə bir iş qurulmuşdu ki, rayonun bütün idarə müəssisə və təşkilatları növbə ilə qan verirdilər.O qanlar təbii ki, Mərkəzi Xəstəxananın laboratoriyasında çeşidlənirdi, sonra isə yaralılara ilkin tibbi xidmət göstərilirdi. Bütün bu çətinliklərə baxmayarq ele bir kollektiv formalaşdırmışdıq ki, hamımızın fikri, məqsədi,amalı bir idi: Dövlət, dövlətçilik, vətənin müdafiəsi.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən əsgərlərimiz, zabitlərimizlə birlikdə biz də arxa cəbhədə gücümüz nəyə çatırdısa yerinə yetirirdik. Elə gün olurdu ki, 70-80 yaralı, 120-130 yaralı gətirilirdi. 14-15 şəhid birdən gəlirdi. Onların hamısının məsuliyyəti hərbi hospitalla bizim üzərimizdə idi. Elə bir iş formalaşdırmışdıq ki, ətraf rayonlardan cərrahi briqadalar gəlirdilər, növbə ilə onlar xəstəxanada bizə yardımçı olurdular. Bu işləri yerinə yetirmək üçün bizim hər birimizdən böyük vicdan və cəsarət tələb olunurdu.

O vaxtlar bir qadın kimi baş həkim fəaliyyətini yerinə yetirmək özü də böyük bir məsuliyyət idi. Çünki o qədər cəsarətli, fərasətli, etibarlı olmalı idin ki, o yaralılar bir an belə tibbi xidmətsiz qalmamalı idi. O şəhidlər bir an belə diqqətsiz qalmamalı idi. Çünki, bütün respublikanın gözü Tərtərdə idi. Tərtər ictimaiyyəti elə bir birlik, cəsarət nümayiş etdirdi ki, o dərəcədə ağır döyüşlər qarşısında bir qarış belə torpaqlarımızı bədnam qonşularımıza vermədik.

-Məhəbbət xanım, o illərdən, yaddaşınızda iz buraxmış xatirələnizdən birini oxucularımızla paylaşmağnızı istəyərdik…

-Şahidi olduğum hadisələrdən birini danışmaq istəyirəm.

Tərtər-Ağdərə bölgəsində döyüşlər başladığı ilk gündə xəstəxanaya 8 yaralı gətirilmişdi. Yaralıları yerləşdirdik. Sonra təcili yardım maşınları qayıtdı ki, növbəti yaralıları gətirsin. O yaralıları gətirəndə gördüm ki, əsgərlər çox narahatdırlar. Eləsi var idi, başına döyə-döyə ağlayırdı. “Azərin başı qaldı, Azərin başı qaldı”- deyə-deyə necə ağlaşırdılarsa, insanın ürəyi dayanmırdı. Yaxınlaşıb soruşdum ki, nə olub? – Dedilər ki, minamyotdan atdılar. Azərin başı bədənindən ayrıldı.

“Onlar elə qışqırıb həyəcanla ağlayırdılar ki, baş bədəndən ayrı- bədən necə hərəkət edərmiş, biz onu birinci dəfə idi gördük”- deyirdilər. Mən yalvardım ki, məni o əraziyə aparın. Təcili yardım maşını ilə, həmin əsgərlərlə o əraziyə qayıtdım. Biz Azərin başını o döyüş bölgəsindən çıxarana qədər düz iki saat yarım orada qaldıq. Amma biz o başı götürdük, gətirdik və öz adət-ənənəmizə uyğun olaraq hazırladıq. İlk şəhidlərimizdən biri kimi o şəhidimizi Bərdə rayonuna göndərdik.

Müharibə ilə bağlı həyatım çox ağır dəhşətlərlə üzləşdi. Hər bir şəhid bizim faciəmiz idi, hər bir şəhid bizim doğma qardaşımız idi. Biz o cür yanaşırdıq onlara. Xəstəxananın bütün kollektivi, kiçik tibb personalından tutmuş texniki işçilərə kimi , həkimlərə kimi hami gecə-gündüz fəaliyyət göstərirdi. Sutkalarla evinə getməyən həkimlər var idi.Amma biz bu işi o qədər sevə-sevə yerinə yetirirdik ki. Bunların hamısının mərkəzində dövlət və dövlətçilik prinsipləri dayanırdı. Tərtər ictimaiyyəti tərəfindən camaat bir mənalı surətdə yumruq kimi birləşmişdi ki,- “Bir qarış torpağımızı belə, düşmənə verməməliyik!”

Bu döyüşlərdən həyəcansız danışmaq mümkün deyil. O hadisələri yaşayasan, o dəhşətləri öz gözlərinlə görəsən, o faciələrdən bir bacı kimi dadasan- bu, iki qat dəhşət idi.

- Qardaşlarınız Ədalət Paşayev, Evarist Paşayev və İlham Paşayev hansı uğurlu döyüş yollarını keçiblər? Hansı döyüş əməliyyatlarında iştirak ediblər?

- Qardaşım Ədalət Paşayev Tərtər-Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak etdi. Tərtər Taborunun ilk qurucularından oldu. Əsl hərbçi kimi Tərtər-Ağdərə bölgəsində gedən döyüşlərdə, Marağa,Şəhriyar qəsəbəsindən (keçmiş Marquşavan) başlayaraq Drombon kəndinə qədər böyük bir döyüş yolu keçdi. Qrad qurğularından istifadə edirdi. Onun atdığı heç bir zərbə boşa getmirdi. İki dəfə yaralanmasına baxmayaraq yenə də geri qayıtmadı, döyüşləri davam etdirdi. Hətta yaralı halda. Qolundan ağır yaralanmışdı həmin vaxt. Onu da deyim ki, ermənilər Ədalətin başına külli miqdarda pul qoymuşdular ki, məhv etsinlər. Çünki müharibə təzə başlayan zaman Tərtərdə cəmi bir top var idi. Qardaşımın adı da elə həmin vaxtdan Topçu Ədalət qalmışdı. Drombon kəndi uğrunda gedən döyüşlərdə ağır yaralandı. Döş qəfəsini dəlib keçən torako abdominal qəlpə yarası aldı. Həmin vaxt hospital Bəyimsarov kəndində yerləşirdi. Orda əməliyyat olundu. Vəziyyəti ağır olduğuna görə gecə ilə 4 ağır yaralını və qardaşımı Bakıya götürdüm. Respublika Klinik Xəstəxanasında ona ilk yardım göstərildi və təkrar əməliyyat olundu.

Sadə bir şey danışım sizə. Mən Ədalətin yanında qalırdım. Onun bütün dəhşətlərini gözümlə gördüm. Döyüş yoldaşları gəlmişdi yanına. Dili biraz söz tutan kimi döyüş yoldaşlarına dedi ki,- kişiliyiniz olsun. Şuşanı azad edin, mənə Turşsudan su gətirin. Mənim içim yanır.

Axırıncı gecə mənə bütün arzularını dedi. Bilirsinizmi, mənim atam Sabir Paşayev Ağdərənin Umudlu kəndi uğrunda gedən döyüşlərdə axıra qədər əsl döyüşçü kimi, əsl vətənpərvər bir əsgər kimi, vətənin igid oğlu kimi iştirak etmişdi. Umudlu kəndi ilə bağlı atamın böyük vəsiyyətləri var idi. Eyni vəsiyyətləri qardaşım Ədalət mənə də etdi. O hadisələri görməyən insanlar bunları sadə bir fikir kimi, söz kimi qəbul edərlər bəlkə. Amma mən qardaşımla axırıncı görüşümü hec cür yadımdan çıxarda bilmərəm.

Gecə saat 2 idi. Vəziyyəti ağırlaşdı. Böyrək çatışmamazlığı başladı. Təsəvvür edin ki, gecə saat 2-dir və həkimlər deyir ki, qan lazımdır. Mən tez qaçdım laboratoriyaya. Dedim ki, mən qardaşıma qan vermək istəyirəm. Bir flakon qanı vurdular. Ancaq yenə də qan itkisi var idi bədənində. Mütləq mən qan verməyi üçün ikinci bir adam tapmalı idim. Gəldim laboratoriyaya yalvardım ki, narahat olmayın mən sağlamam. Mən ikinci dəfə qan vermək istəyirəm. Qardaşımın həyatı təhlükədədir. Dilimdən kağız aldılar və mən ikinci dəfə qan verdim. Bir flakon 250 qram qan edirdi. Gətirdik, bir saat ərzində də onu köçürtdük. Ancaq vəziyyət getdikcə kritikləşirdi. Səhər açılana yaxın qardaşımın reanimatoloqu, səhv etmirəmsə Fariz həkim dedi ki,… itirə bilərik onu. Həyatı ciddi təhlükədədir. Mən həkim olsam belə, laboratoriyaya yaxınlaşdım və mənə çox soyuq reaksiya verdilər. Dizi üstə oturub yalvardım ki, mən yenə qan vermək istəyirəm qardaşıma. 3-cü dəfə qan verdim. Gözünü açdı və flakonların üstünə baxdı ki, hər üçünün üzərində Paşayev, Paşayeva yazılıb. Soruşdu ki, bu kimdirsə bütün gecə bunun qanını vurublar mənə. Dedim bilmirəm, kimdirsə soyadı bizim soyadımızdandır. Dedi bilirəm ki , o qanları sən vermisən. Sən də mənim qardaşımsan.

Bir – birimizə sarıldıq. Təsəvvür edin ki, necə qanaxma başlamışdısa, mənim bütün paltarım qan olmuşdu. Saat 11-də qardaşım mənim qucağımda dünyasını dəyişdi.

Ədalət elə bir döyüş yolu keçdi ki, bütün tərtərlilərin qəlbində Topçu Ədalət kimi qaldı. Ulu Öndərimizin müvafiq Sərəncamı ilə ölümündən sonra Ədalət Paşayev “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olundu.

İkinci qardaşım İlham Paşayev də hazırda ikinci dərəcəli müharibə əlilidir. Tərtər-Ağdərə bölgəsində gedən bütün döyüşlərdə, o da əsl qeyrətli vətən oğlu kimi iştirak edib.

Evimizin kiçik oğlu Evarist Paşayev əsl hərbçi idi. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldı. Daha sonra təhsilini davam etdirmək üçün Özbəkistanda fəaliyyət göstərən Səmərqənd Ali Hərbi Məktəbinə daxil oldu. O, hərbi məktəbi bitirdikdən sonra, onu hərbçi kimi Dalnereçensk vilayətinə göndərdilər. Orda artıq iki il idi ki, fəaliyyət göstərirdi. Müharibə başladı və elan verildi ki, zabitlər geri qayıtsın. Evarist də geri qayıtdı və ərizə verdi ki, hansı döyüş bölgəsində vəziyyət daha ciddirsə, məni ora təyin etməyinizi xahiş edirəm. 1992-ci ildə onu Qubadlı rayon polis şöbəsinin rəisi təyin etdilər. 27 yaşında polis rəisi idi. 1993-cü il avqust ayının 31-də rayonun hüquq mühafizə orqanları ilə birlikdə (rayonun müstəntiqi, prokuroru, Polis rəisi, hakimi və rəisin sürücüsü) vəhşicəsinə qətlə yetirilmişdilər. Biz onu 12 gün axtardıq. Ulu Öndərimizin ciddi tapşırığı oldu ki,-“Rayonun bütün hüquq mühafizə orqanlarının rəhbərləri 5-i də yoxdur. Bunlar tapılmalıdır.” Biz onları Tarovlu kəndində tapdıq. Onları öldürdükdən sonra cəsədlərini yandırmışdılar. Sentyabr ayının 12-sində onları Bakıya, Hərbi Tibbi Ekspertiza Bürosuna gətirdilər. Mən də anamla rayondan Bakıya gəldim. Həkim olduğum üçün xahiş etdim ki, məni də meyidxanaya buraxsınlar. Mümkün olmadı. Respublikanın Baş Hərbi Tibbi eksperti Şakir Abbasov mənim tələbə yoldaşım idi. Mən ondan xahiş etdim və mənə xalat verib meyidxanaya keçirtdilər. O 5 nəfəri mən necə gördümsə, bəlkə də hec bir ana ürəyi, bacı ürəyi dözməzdi buna. Bir kəlmə dedim ki,- sübut edin ki, bu mənim qardaşımdır.

Onların dəfn mərasimi dövlət səviyyəsində oldu. Şəhidlər Xiyabanında dəfn olundular. Təsəvvür edin ki, anam orda necə bir dəyanət, dözüm göstərdi. Ancaq onları dəfn edəndə dedi ki, bir ana naləsi çəkmək istəyirəm. O layla hələ də mənim qulağımdadır…

Analar yanar ağlar,

Dərdini sanar ağlar,

Dönər göy göyərçinə,

Daşlara qonar ağlar.

Anam dünyasını dəyişənə qədər bilmədi ki, mən Evaristi necə dəfn etdirmişəm.

Dəyərli Şamil müəllim və Könül xanım, həyatımda baş verənlərdən günlərlə danışsam qurtarmaz. O qədər maraqlı faktlar var ki.

Ailəmizin faciələri elə ondan sonra başladı. Anam dünyasını dəyişənə qədər gözü oğlanlarını axtardı. Atam axıra qədər təhsil şöbəsinin işçisi oldu, məktəb direktoru vəzifəsində çalışdı. Amma müharibə başlayan kimi əsl vətənpərvər döyüşçü kimi müharibədə iştirak etdi. Döyüşlərdən qayıtdı. 1992-ci ilin 20 yanvar hadisələrinin ildönümü günündə televizorun qarşısında, mənim qucağımda dünyasını dəyişdi.

Müharibədən sonra, bugünkü günə qədər mənim yadıma gəlmir ki, mən haçansa ürəkdən gülüm, danışım. Amma təbii ki, bütün bunlar hamısı mənim daxilimdədir.

1994-cü il may ayının 12-sinə qədər, yəni atəşkəsə qədər biz Tərtər Xəstəxanasının kollektivi ilə gecə-gündüz xəstəxanada olduq. İnsanlar arasında ruh yüksəkliyi var idi, birlik var idi, cəsarət var idi. Yerli əhali bir an belə bizi tək qoymadı. Məsələn, qadınlardan gücü çatanlar şərbət hazırlayıb gətirirdilər, 2000-3000 cüt corab toxuyub gətirdilər, isti yeməklər hazırlayıb gətirdilər.

Həmin vaxtlar, təchizat, təminat işləri çox çətin idi. Yaralılar gətirilən kimi isti suda ayaqlarını yuyub, yun corab geyindirirdik. Növbə ilə yaralılara qan verirdik. O zaman biz bucür bir iş qurmuşduq. Heç bir tibb işçisi “yoruluram” deməzdi. Bəlkə də o birliyimiz, o təşkilatçılığımız, o cəsarətimiz olmasaydı, tərtərlilər də o savaşı uduza bilərdilər.

Müharibə başlayan zaman mənim övladlarım 3-ü də çox körpə idilər. Qaynanam Bərdədə yaşayırdı. Allah yerini behişt etsin. Uşaqlarımı aparıb orda yanında baxırdı. Elə zamanlar olurdu ki, mən aylarla uşaqlarımı görə bilmirdim. Körpəliklərindən heç bir qulluq edə bilmədim onlara. Şiddətli atışmalardan evlər necə silkələnirdisə, vaxt tapıb gəlirdim uşaqlara baş çəkməyə, onları yedizdirib yatızdırıb, tez xəstəxaya qaçmaq istəyəndə gözlərini açırdılar ki,- ana, şəhid gəlib, yoxsa yaralı gəlib?

Nəinki mənim övladlarım, Tərtərin bütün körpə balaları sərsəm kimi yaşayırdılar. Amma anaları, ataları bir gün belə Tərtəri tərk etmədilər. Rabitə xidməti, çörək zavodu, xəstəxana, poçt bir gün belə fəaliyyətlərini dayandırmadılar. O müəssisələrin işi camaata ruh yüksəkliyi verirdi.

Mənim bütün həyatım müharibə ilə bağlıdır. Müharibə həyatı, anaların, bacıların nalələri, fəryadları gözümün önündən getmir. Öz anamın nalələri. Harda hərbi formada insan görürəmsə, elə bilirəm qardaşlarımdır. Amma dünyada ən çox qardaşı olan qadın mənəm, bacı mənəm. Çünki, bütün şəhidlər, bütün qazilər mənim qardaşlarımdı. Hər zaman onların yanındayam. Hər zaman.

İşlədiyim “Medica Hospital” klinikasında da müəssisə rəhbərinin köməkliyi ilə ildə bir dəfə, iki dəfə qazilərin təmənnasız, pulsuz tibbi xidmətini təşkil edirik.

1995-ci ilin may ayı idi. Böyük bir dövlət tədbiri var idi. Tərtər rayon nümayəndələrinin içində mən də o tədbirə qatıldım. Orda mənim çıxışım nəzərdə tutulmuşdu. Kimlər çıxış etmək istəyirdilərsə, yazılı şəkildə müraciət edirdilər. Mən də yazdım: Mən, Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi, iki şəhid bacısı Məhəbbət Paşayeva çıxış üçün söz istəyirəm. Çıxış etməyimə 5 dəqiqə qalmış, mənim vəziyyətim pisləşdi və oradan cərrahi əməliyyata götürüldüm. Çıxış edə bilmədim. Əməliyyatdan sonra evə gəldim. Yay idi. Məni həyətdə yerləşdirmişdilər. Darvaza döyüldü və Azərbaycan Televiziyasının “Xəbərlər” Proqramının aparıcısı Allahverdi Əsədov öz dəstəsi ilə, videooperator və kamera ilə içəri girdi. Dedi ki, bəs Ulu Öndərin tapşırığıdır. O tədbirdə çıxış edə bilməyən kimlər varsa, hamısından yerlərdə gedib müsahibə götürürük. Mən həmin o çıxışı elə həyətimizdə, ağacın altında etdim. Həmin vaxtlar “Haqq sözü-Xalq sözü” adlı bir veriliş var idi. Mənim o çıxışım o verilişdə ardıcıl olaraq efirə verildi. Ulu Öndərimız çıxış edirdi, sonra isə mən çıxış edirdim. Daha sonra elan etdilər ki, bu çıxışlar Dövlətin Qızıl Fonduna getdi. Mən o cür yana-yana danışırdım. Qarabağdan, Qarabağ faciəsindən, Qarabağ qadınlarının vətənpərvərliyindən, əhalinin çəkdiyi zülmdən, dövlətə, dövlətçiliyə sadiqliyindən, o qədər ürəklə danışmışdım ki, mənim o çıxışım Dövlət Qızıl Fonda getdi.

-Məhəbbət xanım, Azərbaycan Qadınlarının I Qurultayında iştirakınız, çox dəyərli çıxışınız olub. Və məhz həmin gün Ulu Öndərimiz Heydər Əliyevə şəxsən müraciət etmisiniz. O möhtəşəm gün haqqında xoş təəssüratlarınızı, xatirələrinizi sizin öz dilinizdən oxuculara çatdırmaq istəyərdik…

-1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayı keçirildi. Həmin Qurultayda Tərtər rayon nümayəndə heyətinin rəhbəri mən idim. Nümayəndə heyətini Bakıya gətirdim. Tədbir başlamazdan əvvəl bizi Şəhidlər Xiyabanına apardılar. Şəhidlər Xiyabanına ziyarət təşkil olundu. Orda təbii ki, hamı kimi mənim qardaşımın da qəbri ziyarət olundu. Sonra qurultaya getdik. Qurultayda Ümumilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyev iştirak edirdi. Tərtər rayon nümayəndə heyətinin adından orada mən çıxış etdim. Qarabağ faciəsi ilə bağlı çox maraqlı bir çıxış hazırlamışdım. Müharibə zamanı Qarabağda- qadınların müharibə ilə bağlı fəaliyyətlərindən bəhs etdim. Mən çıxış edərkən Ulu Öndərimiz əlini üzünə qoyaraq diqqətlə dinləyirdi. İclaslar arası fasilə oldu və dedilər ki, bütün qadınlar Ulu Öndərlə şəkil çəkdirməlidirlər. Hamı şəkil çəkdirmək üçün qaçırdı. Bizim qrupda mənə sual verdilər ki, siz niyə getmirsiniz? – Dedim ki, mən istəyirəm Möhtərəm Cənab Prezidentə tək müraciət edim. Bizi tək qəbul etsin. Hamısı mənə qəribə baxdılar ki, bu, ola bilməz. Mən də həmişə qara paltar, ağ yaylıqda olardım. Yavaş-yavaş yaxınlaşdım. Ulu Öndərimiz gördü ki, mən yaxınlaşmaq istəyirəm. Özü mənə tərəf addımladı. Bir kəlmə dedim ki, Möhtərəm Cənab Prezident, Tərtər anaları sizinlə görüşmək istəyir. İnanırsınızmı, onun birinci cümləsi bu oldu: “Tərtərin anaları da, ataları da qəhrəmandır, bütövlükdə Tərtər qəhrəman şəhərdir”- dedi və 13 nəfər qadınla bizi qəbul etdi.

Cənab Prezident ilk olaraq söylədi: “Çıxışınız məni çox məmnun etdi. Çox incə məqamlara toxundunuz. Əhsən olsun Tərtərin qadınlarına ki, müharibə illəri bütün bu işləri görmüsünüz.”

Birinci sualı bu oldu ki, nə kimi problemlər var?

Dedim, Cənab Prezident, bədnam qonşularımızın atdıqları top, qrad mərmiləri sərhəd kəndlərində yerləşən tibb məntəqələrini yararsız hala salıb. Bütün elektrik xətləri yararsız vəziyyətdədir. Qadınlar şam işığında doğuşdan azad olunurlar.

…Qurultay bitdi, gəldim Tərtərə. İki həftə keçmişdi ki, böyük bir nümayəndə heyəti Tərtərə gəldi. Ulu Öndərimizn şəxsi tapşırığı ilə Tərtərdə 14 müəssisə tikildi, yenidən bərpa olundu. Müasir standartlara cavab verən tibb avadanlıqları ilə təchiz olundu. Mənim şəxsi xahişim ilə xəstəxananın həyətində, ayrıca xəstəxanaya xidmət edən böyük transformator quraşdırıldı. Ulu Öndərimizin: – “Tərtərin anaları da qəhrəmandır, ataları da qəhrəmandır, bütövlükdə Tərtər qəhrəman şəhərdir”- sözü bütün tərtərlilərin devizinə çevrilmişdi. Tərtər rayon ictimaiyyətinə, səhiyyə işçilərinə, bütövlükdə Tərtər rayon əhalisinə Ulu Öndərimizin verdiyi dəyər idi bu. Daha sonralar bu bizdə böyük müzakirə mövzusu oldu. Bütün tərtərlilər bizim o qurultaydakı yığcam qrupun gördüyü işlərdən sevə-sevə danışırdılar ki, bir qurultaydakı Məhəbbət xanımın çıxışına görə Ulu Öndərimiz Tərtərdə hansı işləri gördürdü. Bu mənim heç vaxt yadımdan çıxmaz.

- Məhəbbət xanım, hansı medal və mükafatlarla təltif olunmusunuz?

- Mən özüm Qarabağ Müharibəsi veteranıyam. İki medal təqdim olunub mənə. “Fədai” medalını Respublika şəhid ailələri, müharibə veteranları ictimai birliyi tərəfindən işlədiyim müəssisəyə gələrək, hörmət əlaməti olaraq orada təqdim ediblər. Bu yaxınlarda isə mənə “Vətən naminə” medalı təqdim olundu. Qarşıdan Xocalı soyqırımının 29-cu ildönümü gəlir. Keçən il fevral ayında Xocalı faciəsi ilə bağlı böyük bir dövlət tədbirinə qatılmışdım. Aprel döyüşlərinin ildönümünə həsr olunmuş böyük bir dövlət tədbirində çıxış etmişdim. Orada mənə mükafat vermişdilər. “Şəms Milli Mükafatı”na layiq görülmüşdüm. O çıxışım çox xoşlarına gəldiyinə görə “Xocalı Tarixinin Qan Yaddaşı” layihəsinə məni də salmışdılar. Bir qrup nümayəndə heyəti ilə mən də tam təmannasız o tədbirdə iştirak etdim. Bütün tədbirlərdə yalnız çıxış mənə məxsus idi. Ankaraya qədər getdik. İstanbulda olduq. Böyük Millət Məclisində iştirak etdik. O tədbirə rəssamlarımızla birgə onların gözəl rəsm əsərlərini aparmışdıq. Orada Türkiyə Böyük Millət Məclisində sədrdən sonra yeganə çıxış edən mən oldum.

Dövlət, dövlətçilik, dövlətinə, xalqına sadiqlik, ölkə başçısına sadiqlik, mənim tək amalım olub, bizim ailəmizin devizi olub. Bu bizim atamızın, anamızın qanı ilə, genləri ilə bizə kecmiş xarakterik xüsusiyyətdir. Və bugün də ailəmiz respublikada çox sayılan, seçilən bir ailədir.

Bugün də mən bu yaşımda Ali Baş Komandanın əmri, tapşırığı olarsa bu vətənin bu xalqın yolunda canlarını qurban verməyə daim hazır olan qardaşlarım kimi, bütün şəhidlərimiz kimi, qazilərimiz kimi mən də hazıram.

- Dəyərli Məhəbbət xanım, göstərdiyiniz diqqət üçün, öz dəyərli vaxtınızdan bizə, oxucularımza ayırdığınız üçün və ən əsası bu gözəl, səmimi söhbət üçün çox təşəkkür edirik Sizə.

- Çox sağolun, diqqət göstərdiyiniz üçün. Var olun.

Söhbəti hazırladılar:

Şamil Sabiroğlu,

Könül Həsənli.

medonline.az

Diaspora