Lukaşenkonun oğlu: “Atam iyrənc xəstədir”

Lukaşenkonun oğlu: “Atam iyrənc xəstədir” backend

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya telekanalına geniş müsahibə verib.

“Rossiya 1” telekanalının azərbaycanlı jurnalisti Nailə Əsgərzadə müsahibəni bir neçə məkanda götürüb – prezidentin qəbul kabinetində, hokkey meydançasında, avtomobildə... Avtomobili Lukaşenko özü idarə edib və kəməri də bağlamayıb.
Lukaşenko Belarusda onun itefası tələbilə keçirilən etiraz aksiyalarından tutmuş, Rusiyadan aldıqları krediti nəyə xərclədiklərinə qədər bir çox məsələlərdən danışıb.

Bizimyol.info xəbər verir ki, Lukaşenko şəxsi məsələlərə də toxunub. Məsələn, uşaqları heç vaxt kəmərlə döymədiyini deyib. Oğlu Nikolay da müsahibəyə qoşulub, özü və atasının xəstəliyə yoluxmasından danışıb.

Prezidentlik müddəti haqda...

66 yaşlı Aleksandr Lukaşenko 1994-cü ildən Belarusun prezidentidir. O, prezidentlikdən yorulub-yorulmaması barədə suala cavabında deyib ki, insan hər şeyə öyrəşir: “Prezident təkərli bir dələdir, dayanmaq olmur. Çarx fırlanır, sən qaçırsan, qaçırsan, qaçırsan. El arasında deyildiyi kimi, yıxılana qədər...”

Lukaşenkonun sözlərinə görə, nəyinsə nə vaxtsa bitəcəyini artıq o qədər kəskin qəbul etmir: “Yeni nəsil gəlir, onlar ölkənin gələcəyinə görə məsuliyyəti üzərlərinə götürməlidir”.

Etirazlar

Prezident bildirib ki, son seçkidən sonra Belarusda etiraz aksiyaları keçiriləndə o, adətən olduğundan daha çox işləyirdi: “Bizdə etirazçılar istirahət günləri küçələrə çıxırdılar. Ona görə istirahət günləri də olmurdu”.

Son prezident seçkisində rəqibi olmuş Svetlana Tixonovskaya haqda sualı cavablandıran Aleksandr Lukaşenko bildirib ki, onun haqqında pis danışmaq istəmir. Amma Tixonovskaya adi fikir formalaşdıra bilmir, onun əvəzinə işlərin hamısını başqaları görür: “Mən qətiyyən bilmirəm, o, sahibədir, evdar qadındır, ya kimdir... O, arxasında duranların, onu maliyyələşdirən, yönəldən adamların – Litva və Polşanın xüsusi xidmət orqanlarının səsidir. Ukraynanın olduğunu düşünmürəm”.

O, əlavə edib ki, ruslarda və belaruslarda bu cür olaylara ABŞ-ın rəhbərlik etdiyi fikri formalaşıb.

Siyasi məhbuslar

Lukaşenko onu da qeyd edib ki, həbsdəki müxalifətçilərlə görüşünə görə peşman deyil. Deyir ki, onu bu addıma Rusiya, xüsusən “liberal qanad” təhrik edib: “Sonra mənə gülməyə başladınız, amma boş yerə. Mən hakimiyyətdə olmaq istəyən insanları gördüm”.

Maria Kolesnikovanın məhkəməsi haqda suala cavabında Lukaşenko əvvəl özünü elə aparıb ki, söhbətin kimdən getdiyini bilmir. Amma sonra xatırlayıb, deyib ki, o da “uşaqlarla birlikdə sərhədi qanunsuz keçməyə cəhd edib”. İstintaq getdiyini və özünün bu işlə məşğul olmadığını vurğulayıb.

Putin və Rusiya ilə münasibətlər

Lukaşenko Putini öz dostu hesab etdiyini söyləyib: “Bəli, onu dost hesab edirəm. O, yalnız mənim dostum deyil, həm də Belarus xalqının dostu olduğunu sübut etdi”.

Başqa dostunun olmadığını deyən prezidentin sözlərinə görə, onu və Putini eyni komandaya aid edirlər. Lukaşenko deyir ki, Rusiya ilə Belarus arasındakı inteqrasiya səviyyəsi hələ inkişaf eləmir. Çünki bu iki ölkənin sakinləri və iqtisadi qurumlar üçün bərabər şərait yaradılmayıb. O, bu məsələdə Belarus hökumətinin günahının olmadığını da qeyd edib: “Daha yaxın olmalıyıq və o zaman siyasi məsələlər də irəliləyəcək. İnsanlar görəndə ki, biz müttəfiq dövlət quruculuğunda 30 ildir yerimizdə sayırıq, o zaman əsaslı sual verirlər: axı niyə?”

Buna baxmayaraq, Rusiyanı “yaxın və qardaş” hesab etdiyini, Belarusun hər zaman “böyük bir qardaşa etibar edə biləcəyini” də əlavə edib.

Lukaşenkonun sözlərinə görə, Rusiyanın Belarusa verdiyi 500 milyon dollar borcun yarısı qaz borcunu ödəməyə, qalan hissəsi isə səhiyyəyə xərclənib.

Prezident yada salıb ki, ağır vəziyyətdə - Belarusa qarşı sanksiyalar tətbiq olunanda ölkəsinə Çin kömək edib. Qeyd edib ki, ölkənin yolları Avropa Birliyinin pulları hesabına tikilib: “Bizim onlarla münasibətimiz niyə olmasın? Rusiya bizə bu həcmdə kredit təklif etməyəcək”.

Minskdə keçirilməsi planlaşdırılan hokkey üzrə dünya çempionatının təxirə salınma ehtimalı haqda sualı cavablandıran Lukaşenko bildirib ki, yarışın baş tutmaması üçün heç bir səbəb yoxdur: “Bizi bu məsələ xüsusi narahat etmir. Keçiriləcək, keçiriləcək - keçirilməyəcəksə də, keçirilməyəcək”.

Bununla belə, onu da qeyd edib ki, Minskdə keçirilməsi planlaşdırılan çempionat baş tutmasa, bu, biabırçılıq olacaq. Onun sözlərinə görə, meydançalar artıq yarışa hazırdır.

Uşaqların tərbiyəsi haqda danışan prezident bildirib ki, kəmərlə döymək həddinə çatmasa da, istisna hallarda, bu məqsədlə “əlinə keçəndən” istifadə etdiyi olub. Lukaşenkonun sözlərinə görə, uşaqlar valideynlərindən nümunə götürməklə tərbiyə olunmalıdır. Belarus prezidenti deyir ki, onun övladları siyasətlə məşğul olmaq arzusunda deyil.

Lukaşenko ailəsi bayramları qeyd etmir. Bunu deyən dövlət başçısı əlavə edib ki, özü də nə ad günlərini qeyd edir, nə də Yeni il bayramını.

Nikolay Lukaşenko jurnalistin suallarına cavab verərkən bildirib ki, əgər yanlarında başqa biri yoxdursa, “ata” deyə müraciət edir. Başqalarının yanında isə şərait tələb etdiyi formada davranır: “Ata” – soyuq səslənir, “batya” isə lağlağı səslənir”.

Oğul Lukaşenko deyir ki, atası ilə münasibətlərində konflikt də olur, rəqabət də. Ata və oğul Lukaşenko eyni vaxtda xəstəliyə yoluxub. Nikolayın sözlərinə görə, atası “iyrənc xəstədir”, çünki həkimin tövsiyələrini yerinə yetirməkdən imtina edir. Amma nə ata, nə də oğul Lukaşenko hələ ki, peyvənd barədə fikirləşmir.

Bizimyol.info
Diaspora