Yaxınlarda Azərbaycan Cüdo Federasiyası Vətən Müharibəsində şəhid olmuş 18 cüdoçu şəhidimizin siyahısını tərtib etdi.
Siyahıda Sumqayıtın Corat qəsəbəsində anadan olmuş, II Qarabağ Müharibəsinin ilk şəhidlərindən Cəbayıl Dövlətzadə də vardı.Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəbrayılın ilk cüdo məşqçisini tapdıq.
1 saylı Uşaq-Gənclər İdman Məktəbinin cüdo müəllimi, Əməkdar məşqçi, Bədən tərbiyəsi və idman xadimi Adil Həsənov Oxu.Az-a müsahibəsində keçmiş tələbəsi haqqında təəssüratlarını bölüşüb.
– Siz şəhidimiz Cəbrayıl Dövlətzadənin məşqçisi olmusunuz. Onun cüdoya necə yazılması yadınızdadır?
– Bəli, yadımdadır. 8-9 yaşları olardı. Atası onda Sumqayıtda zavodda işləyirdi, səhərlər əlindən tutub gətirirdi. Onda mən Sumqayıt Dövlət Universitetinin zalında məşq keçirdim. Cəbrayıl qohumu ilə birgə məşqə yanıma gəlirdi. Hardasa iki il yanımda məşq keçdi.
– Onu necə xarakterizə edə bilərsiniz?
– Xarakterli, vuruşqan uşaq idi. Heç vaxt tənbəllik etməzdi. Altı kross qaçış verəndə gəlib soruşurdu ki, olar, mən iki kross qaçım? Yəni onun uşaq vaxtından istedadlı olması hiss olunurdu. Digər uşaqlardan seçilirdi. Uduzanda ağlayırdı, uduzmağı sevmirdi. Deyirdi ki, mən hamıdan güclü olmalıyam. Liderlik qabiliyyəti vardı.
– Bəs necə oldu ki, cüdodan ayrıldı?
– Sonra ata və anası boşandı. Ondan sonra uşaq məşqə gəlmədi. Anası Cəbrayılla qızını götürüb Bakıya köçdü. Əvvəl Xırdalanda, daha sonra Keşlə qəsəbəsində nənəsigildə qaldılar.
Ailə vəziyyəti belə alınmasaydı, Cəbrayıl cüdoda qalardı. Bəlkə də, indi onun haqqında dünya və Avropa çempionatının mükafatçısı kimi danışırdıq. Biz onu kadetlər (məktəb yaşlılar) arasında şəhər birinciliyinə hazırlamışdıq. Təəssüf ki, belə bir hadisə oldu və cüdonu dayandırdı.
– Yəqin ki, Sumqayıtdan ayrıldıqdan sonra onunla əlaqəniz itmişdi. Şəhid olmasını eşidəndə sizin tələbəniz olduğunu dərhal bildinizmi?
– Açığı, Polad Həşimovun yanında dəfn olunanda, ilk dəfədən tanımadım. Onun sifəti mənə tanış gəlirdi, amma yadıma sala bilmirdim. Böyüsə də, həmin uşaqlıqdakı sifət cizgiləri dəyişməmişdi. Sonra qohumu mənə zəng etdi.
Dedi ki, Adil müəllim, Cəbrayıl sizin tələbəniz olub. Bunu eşidəndə tüklərim biz-biz oldu. O cür uşağı itirdiyimizə çox məyus oldum. Bu, mənə çox pis təsir etdi. Bir tərəfdən də sevindim ki, qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalıb.
– Onun haqqında başqa nə eşitmisiniz?
– Ötən ildən hərbi xiddmətdə idi. Daha sonra Ballıqayada Xüsusi Təyinatlılar üçün əsgər yığılanda könüllü olaraq yazılıb. Orada xüsusi kurs keçib. Düşmən postunu dağıtmaq üçün əməliyyata gedənlərin hamısı zabit olub, yeganə əsgər Cəbrayıl olub.
Zabitlərə deyib ki, sizin ailəniz var, geri qayıdın. O, bir erməni generalını boğub, iki polkovniki məhv edib... Anasına da deyib ki, sonra Sumqayıta gələcəyəm, “052”yə gəlib işləyəcəyəm, sizə pul qazanacağam, ev alıb ailəni pis vəziyyətdən çıxaracağam.
Yəni uşaq vaxtından çox zəhmətkeş olub. Eşitdiyimə görə, cüdodan sonra trenajor məşqləri ilə də məşğul olub. Həmçinin, məndən ayrıldıqdan sonra Xırdalan və Keşlədə də cüdoya gedib.