Xüsusi təyinatlı hərbçi Şuşanı azad etmək barədə: “Ermənilərin bu heç ağlına gəlmirdi...” - MÜSAHİBƏ

Xüsusi təyinatlı hərbçi Şuşanı azad etmək barədə: “Ermənilərin bu heç ağlına gəlmirdi...” - MÜSAHİBƏ backend

Dekabrın 18-də keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın azadlığı uğrunda Vətən müharibəsindən bəhs etdi. Şuşa şəhərinin azad edilməsindən sonra erməni ordusunun hər hansı müqavimətinin tamamilə mənasız olduğunu, hərbi əməliyyatların davam etdirilməsinin böyük insan itkisinə səbəb ola biləcəyini vurğuladı.

Şuşa uğrunda döyüş İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq epizodlarından biri oldu. Ermənistanda hələ də Azərbaycan Ordusunun şəhəri necə azad etdiyini anlaya bilmirlər. Onlar gah Türkiyə qoşunlarının döyüşlərdə iştirak etdiyini, gah da Şuşanın sadəcə olaraq “satıldığını” söyləyirlər. Erməni cəmiyyəti 300-400 xüsusi təyinatlı qüvvəmizin qədim Azərbaycan şəhərini azad etdiyinə inana bilmir.

Bu gün Media.Az həmin xüsusi təyinatlılardan biri - Kənan Sultanovla söhbət edib.

- Şuşanı və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş digər şəhər və kəndlərini azad edərkən qürur, sevinc və böyük məsuliyyət hiss edirdik. Mənim üçün Azərbaycanın hər qarış torpağı doğmadır və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut, Xudafərin, Hacıkənd və Şuşa şəhərinin azad edilməsində iştirak etdiyimə görə xoşbəxtəm.

Çətin idi, döyüşlərdə dostlarımızı itirirdik, amma işğalçılardan azad olunan hər rayonda hədəfə - Şuşaya yaxınlaşdığımızı hiss etdik. Bizi Şuşaya qələbəyə sarsılmaz inam və Allahın köməyi apardı. Bu inamla hücuma keçdik və şəhəri azad etdik.

- Siz ilk gündən vuruşmusunuz?

- Bəli, 44 gün ərzində bütün bu rayonlarda vuruşdum. Yeri gəlmişkən, ana qohumlarım Zəngilan rayonundandır (Akara stansiyası). Babam Məhərrəm Məmmədov həmişə ora qayıtmağı arzulayırdı, amma təəssüf ki, doğma yurdunu görmədən dünyasını dəyişdi. Ancaq anama söz verdim ki, onu, nənəmi və dayımı mütləq Zəngilana aparacağam.

- Şuşaya yürüşü 40 kiloqram ağırlığında avadanlıqla etdiyiniz doğrudur?

- Xeyr (gülümsəyir). Avadanlıqlarımız 40 kiloqramdan daha çox idi. Bura doqquz kiloqramlıq güllə keçirməyən jilet, silah, həmçinin paltar, su, yataq dəsti, dərman kimi zəruri əşyaların saxlandığı bel çantası daxildir. Beləliklə, avadanlıq 45-50 kiloqram arasında olurdu. Bu ağır yüklə günlərlə dağlardan, meşələrdən və dərələrdən keçdik.

- Ümumiyyətlə orada neçə nəfər idiniz və Şuşaya necə çatdınız? Sizin peyda olmanız erməni hərbçiləri üçün sürpriz oldumu?

- Xüsusi təyinatlılardan 300 nəfər idik. Düşmən üçün hücumumuz böyük sürpriz oldu. Onlar bizim əsas yoldan hücum edəcəyimizə inanırdılar, ancaq 7-8 gün ərzində, xüsusən gecələr, Xankəndidən keçən yolla düşmənin dərinliyinə nüfuz etdik. Ermənilərin bu heç ağlına gəlmirdi.

- Yaralandığınızı bilirəm. Bu necə oldu?

- İlk güllə yaramı Xankəndidən Şuşaya gedərkən yüksəkliklərin birində aldım. Ancaq o zaman heç bir şey hiss etmədim. Mövqeyi dəyişdirərkən budumdan ikinci güllə yarası aldım. Sonra daha bir güllə baldır nahiyəmə dəydi. Bir snayper mənim üçün işləyirdi (məni vurmaq üçün-red).

Yaralanandan sonra mən irəlilədim və kəşfiyyat dəstəsində Qazax rayonundan silahdaşım Tural Musayevi gördüm, o da ayağından ağır yaralanmışdı. Tanklardan və piyadaların döyüş maşınlarından bizə atəş etdikləri tərəfə qayıtdım, 200 metr aşağı - dərəyə endim. Yaralı yoldaşımı və silahını götürdüm. Dırmaşmağa başladığımızda biz minaatanla atəşə tutulduq, artilleriya minası partladı. Partlayış dalğası bizi 6-7 metr uzağa atdı, qayaya dəydik, huşumu itirdim.

Özümə gəldikdən sonra yoldaşımın yanına sürünərək onu yenidən çiyinlərimə qaldırdım və silahından istifadə edərək yenidən Şuşaya qalxdıq.

Orada, villada (erməni futbolçu Mxitaryana məxsus olduğunu deyirlər) yaralı Turalı təhlükəsiz yerdə qoydum, özümə ilkin tibbi yardım göstərdim. Bundan sonra şəhərin təmizlənməsi əməliyyatına qoşulmaq üçün şəhərə qayıtdım.

Şuşada iki gün döyüşdüm, ayağımı jqutla (rezin lentlə) bağladım, özümə ağrıkəsici dərmanlar vurdum. Noyabrın 8-də müqəddəs bayrağımızı ucaltdıq, Azərbaycanın himni və Azan səsləndi.

Noyabrın 9-da vəziyyətim pisləşdiyi üçün təxliyyə olundum. O zamana qədər döyüş əməliyyatları artıq bitmişdi. Düzdü artilleriya atəşləri davam edirdi, ancaq erməni hərbçiləri artıq şəhərdə deyildilər.

Noyabrın 11-də məni Hadruta gətirdilər, oradan Füzulidəki mərkəzi xəstəxanaya göndərildim, burada budumdan güllə çıxarıldı. Vəziyyətim yaxşılaşmadı və məni Bakıya çatdırdılar. Burada dörd gün xəstəxanada qaldım. Yəni yaralandığım gündən Bakıdakı xəstəxanaya çatana qədər səkkiz gün keçdi. Burada güllənin birinin çıxarılmadığı, 4 santimetr dərinlikdə olduğu ortaya çıxdı, buna görə ikinci dəfə əməliyyat edildim. İndi yaxşıyam, bölməmə qayıdıram (gülür).
Diaspora