“İndiki ödənişlər qazilərin ehtiyaclarının 10 faizini ödəyir” - Rey Kərimoğlu

“İndiki ödənişlər qazilərin ehtiyaclarının 10 faizini ödəyir” - Rey Kərimoğlu backend

"Şəhidə, qaziyə ayrılan pensiyaların da, təqaüdlərin də məbləği azdır".

Qazilər Birliyininin Mətbuat Xidmənin rəhbəri, Birinci Qarabağ müharibəsində iştirak etmiş keçmiş döyüşçü Rey Kərimoğlu "Toplum TV”-nin suallarını cavablandırıb.

- Rey bəy, Sizcə, müharibə iştirakçılarına ayrılan məbləğ qənaətbəxşdirmi?

- Bu problem bütün dövrlərdə mövcud olub. Şəhidə, qaziyə ayrılan pensiyaların da, təqaüdlərin də məbləği azdır. Ümumiyyətlə, vətənə hansı dövrdə xidmət etməsindən asılı olmayaraq qazilər fərqləndirilməməlidir. Ayrılan vəsait indiki həyat şərtlərinə uyğun hesablanmayıb, yəni bu rəqəmlər qazilərin ehtiyaclarının təxminən 10%-ini ödəyir. Son dövrlərdə məbləğlə bağlı dövlət proqramına dəyişiklik olunmayıb. Yəni şəhid ailələri, qazilər əvvəlki illərdə olduğu kimi, yenə eyni miqdarda təqaüd, pensiya alacaqlar. Qazilərə ayrılacaq vəsaitlə bağlı ictimaiyyətə açıqlanan rəqəmlər prezident təqaüdüdür. Döyüşdə iki ayağını itirmiş qəhrəman qaziyə 130-150 manat müavinət ödənəcək. İş stajları olmayanlara pensiya verilmir. Şəhid ailələrinə isə 300 manat pul ayrılıb, bu pul da onların ailə üzvləri - atası, anası, həyat yoldaşı və uşaqları arasında bölünür. Yəni şəhidin övladlarına o 300 manatın cəmi 100 manatı çatır.

İndiyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu adamların həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif işlər görüb: 9 min Qarabağ əlili və şəhid ailəsinə pulsuz mənzil ayrılıb. 7 min Qarabağ əlilinə və onlara bərabər tutulan şəxslərə maşın verilib. Bundan başqa, ildə bir dəfə onlar üçün sanatoriyalara göndəriş verilir. Amma bütün müharibə iştirakçıları bu imkanlardan yararlana bilməyib. Hansı adamlar ki, növbəyə durur, onlara güzəşt edilir. Bəs növbə tutmayanlar? Sovet dövründə bütün müharibə əlillərinə maşın verilirdi. Amma indi Nazirlər Kabinetinin qərarına əsasən bu, yalnız müəyyən qruplara şamil olunur.

Məsələylə bağlı dəfələrlə parlament üzvlərinə müraciət olunsa da, nəticəsini olmayıb. İndi qüvvədə olan qanun, sərəncam və təlimatlarsa 90-cı illərin sonunda - dövlət büdcəsi zəif olan dövrdə qəbul edilib.

- Qazi tələbələrin təhsil haqqı məsələsi də müzakirə olunan mövzulardandır. Sizcə, bu problem necə həll olunmalıdır?

- 2014-cü ildə prezidentin imzaladağı sərancama əsasən, Qarabağ qazilərin, şəhid ailələrinin və onlara bərabər tutulan şəxslərin övladları təhsil haqqından azaddırlar, onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənir. Amma 2016-cı ildəki aprel döyüşləri zamanı müharibə iştirakçılarıyla bağlı yeni situasiya yarandı, məlum oldu ki, döyüşlərdə yaralanan insanların əksəriyyəti 18-20 yaş aralığındadır. Yəni bu şəxslər təhsil alacaq yaşdadırlar. Bəs onlar - müharibədən qayıdıb təhsilini davam etmək istəyən gənclər necə olsun? Təəssüf ki, qanunda bu məsələ öz əksini tapmayıb. Özəl kolleclər və universitetlər təhsil haqqını istəməkdə davam edir. Bu müəssisələrin xidmətdə olan tələbələrin borclarını silməklə bağlı öhdəliyi yoxdur. Ona görə də qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır.

- Bu boşluq daha çox hansı qurumun günahıdır – hökumətin, yoxsa Milli Məclisin?

- Milli Məclisin fəaliyyəti qəanətbəxş deyil, çünki deputatların övladları müharibəyə getməyib. Parlament problemi müzakirəyə çıxara, verilən təklifləri nəzərdən keçirə bilər. Amma çox təəssüf ki, onlar bu məsələdə kifayət qədər maraqlı deyillər.

- Müharibə iştirakçılarının problemləri, adətən, sosial mediada paylaşıldıqdan sonra həllini tapır. Sizcə, niyə?

- Qazilərin, şəhidlərin yaşadıqları evlərə baxın. Əksəriyyəti vaqonda, şəraitsiz evlərdə yaşayır. Niyə yaralı qazi aylarla evində baxımsız qalmalıdır? İcra qurumları xahiş-minnətlə 50-100 manat verir, bununla da öz işlərini bitmiş hesab edirlər. Bəzən bu qrumlar heç zənglərə də düz əməlli cavab vermirlər, şəhid ailəsi qəbula yazılmaq üçün həftələrlə gözləməli olur. Bütün bunlar vətənə, dövlətə xəyanətdir. Nazirlik sosial müdafiə məsələsi ilə məşğuldur; qeyri-hökümət təşkilatları isə adından da göründüyü kimi, bütün problemləri həll edəcək qurumlar deyil. QHT-lərə maliyyə dəstəyi olmadığından onlar bu işi öz imkanları daxilində görməyə çalışırlar. İcra hakimiyyətinin fəaliyyəti isə qəanətbəxş deyil. Harınlamış məmurlara qalsaydı, torpaqlar hələ də işğalal atındaydı. Millət, dövlət üçün vuruşan belə oğullara belə münasibət yaraşırmı?

Fikrimcə, məsələ gedib prezidentə çatmır. Dövlət başçısı son çıxışları zamanı vurğuladı ki, vətən üçün fədakarlıq edənlərə hər şərait yaradılacaq. Mən buna ümid edirəm.

- Məsələlərin İlham Əliyevə çatmadığını düşünürsüz. Bu vəziyyəti dəyişmək üçün Siz nə təklif edirsiz?

-Necə ki, Ailə, Qadın, Uşaq məsələri ilə bağlı Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin iş üzrə Dövlət Komitəsi var, müharibədə bütün müharibə iştirakçıları canını fəda edən insanlar üçün də belə təşkilat yaradılamlıdır. Şəhid və Qarabağ ailələrinin, eləcə də müharibə iştirakçıarının problemlərilə məşğul ola biləcək, onların dərdlərinə can yandıracaq ayrıca dövlət qrumuna ehtiyac var.
Diaspora