Bənzərsiz səsə malik olan Azərbaycanın məşhur xanəndəsi, “Qarabağ” instrumental ansambılının yaradıcısı Səxavət Məmmədovun bu günlərdə ruhu şaddır.
Onun doğulub, boya- başa çatdığı Ağdam rayonu artıq düşmən tapdağından azad edilib.Xanəndənin vətənə, torpağa olan sevgisi daim göz önündə idi. O, Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaratdı. “Qarabağ”la təkcə Azərbaycanı deyil, Avropa ölkələrini də gəzib-dolanır, muğamımızla birlikdə Azərbycanın həqiqətlərini dünyaya çatdırırdı. “Qarabağ” instrumental ansamblı xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.
Qardaşı xanəndə - Firuz Səxavət Modern.az saytına müsahibəsində Səxavət və Ağdamla bağlı xatirələrindən danışıb:
- Firuz bəy, əsgərlərimiz qardaşınızın qəbrini tapıblar. Bununla bağlı video yayılmışdı. İzləmisinizmi? Həqiqətən, o qəbir Səxavət Məmmədovun qəbridir?
- Bu haqda məlumat bizə hərbçilər tərəfindən verildi. Bəli, düzdür. Oradakı qəbiristanlıq bizim kəndimizin qəbiristanlığıdır. Yolun istiqamətində tək bir qəbir var idi. Çox güman ki, o mənim qardaşımın qəbridir.
- Ağdamın işğaldan azad olunması xəbərini necə öyrəndiniz?
- Ailəmizdən bacımgil Ağdamın Baharlı qəsəbəsində yaşayırlar. Lakin onlardan öncə bizə hərbçilər zəng edib, müjdəli xəbəri çatdırdılar. Kəndimizin alınması ilə yanaşı, qardaşımın qəbri haqqında məlumatı da elə onlar söyləmişdilər.
- Ağdama qayıdarkən ilk hara getmək istəyirsiniz?
- Təbii ki, ilk olaraq kəndimizə - Abdal-Gülablıya getmək istəyirəm. Ağdama qayıtmaq elə ürəyimdən keçir ki... İnşallah, insanların oraya köçüb yerləşdirilməsi üçün hər şey bərpa olunsun, fikirləşirəm ki, tamamilə ora köçüm. Orada çox güman, 1-2 il bərpa işləri gedəcək. Bəlkə də işlərimin yarısını Ağdamda, digər qismini isə Bakıda davam etdirdim. Ən gözəl, səfalı yerlər, təmiz hava elə oradadır.
- Səxavət Məmmədov Ağdamın işğaldan azad olunmasını eşitsəydi, hansı hissləri keçirərdi?
- O baxımdan biz xoşbəxtik ki, Səxavət Ağdamın, ümumiyyətlə Qarabağın işğalını görmədi. Səxavət o qədər vətənpərvər idi ki, bunları görsəydi, bəlkə də ürəyi partlayardı.
- Səxavət Məmmədovun qəbrinin bərpa olunması haqda nə düşünürsünüz?
- 30 ildir ki, biz bu günün gəlməyini səbrsizliklə gözləyirik. Çünki qəbir hazır vəziyyətə gətirilə bilməmişdi. 30 ildir ora baxımsız vəziyyətdəydi. Ətrafı dağıdılıb. İnşallah, qardaşımın qəbrini nəhayət bərpa edəcəyik.