“Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilib".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib."Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik”, - deyə o, qeyd edib.
İ.Əliyev həmçinin əlavə edib ki, bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnib: "Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Neft kəmərlərinə gəlincə, biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.
İnternet bağlantısına gəldikdə isə biz informasiya texnologiyaları sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80%-dir, yəni, əhalinin 80%-i internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət ("Nextel") mənim bildiyimə görə öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir”, - deyə Prezident əlavə edib.