Tibb professoru, tanınmış həkim Adil Qeybulla hazırda tətbiq olunan sərt karantin rejimi ilə bağlı sualları cavablandırıb.
Teleqraf.com müsahibəni təqdim edir.- Doktor, pandemiya dövrünün tələbələrinə görə əksəriyyət “evdə qal” çağırışına əməl edir. Necə düşünürsüz, bu müddətdə insanların dənizə getməsi virusun yayılma təhlükəsini artıra bilərmi?
- Dənizə getmək də insanların istirahət hüququdur, amma qaydalara riayət etmək şərti ilə... Nə qədər ki, pandemiya dövrü hökm sürür, biz göstərişlərə, təlimatlara əməl etməliyk. Azı 2 metr məsafə saxlamalıyıq. Düşünürəm ki, açıq havada heç bir problem olmaz.
Virusun dəniz suyunda hansısa formada insandan insana keçəcəyini ehtimal etmirəm, xüsusilə duzlu suda... Elektiv tərkibli viruslar dözümsüz olduğu üçün güclü mutasiyaya uğrayır. Bir müddət orqanizmlə mübarizə aparırlar.
Əslində onların orqanizmlə işi yoxdur, virus özünə yaşamağa yer axtarır. Bu zaman bədəndə çox güclü proseslər gedir. Bədənlə virusun vuruşması nəticəsində ağır proseslər baş verir. Bu baxımdan virus sabunlu, duzlu suda, spirtdə tez neytrallaşır.
- Hazırkı karantin rejimini necə qiymətləndirirsiz? Davam etdirməyə ehtiyac görürüsüzmü?
- Hesab edirəm ki, karantin rejimi ləğv olunmalıdır. İnsanlara daha çox başa salmaq lazımdır ki, küçədə sosial məsafə gözləyərək, maska taxaraq bir-birini qorusunlar. Karantin elan olunur, bir yandan da avtobuslarda sıxlıqda gəzirlər, nə fərqi oldu? Bir tərəfdə karantin, digər tərəfdə hər yerdə sıxlıq...
Bu vəziyyətdə insanlarda panika yaranır. Artıq rayonlara gediş-gəliş bərpa olunmalıdır, onsuz da insanlar müxtəlif yollar tapıb gedir.
- Karantin rejiminin ləğv olunmasını gərəkli sayırsınız. Axı, may ayı təcrübəsində əhalinin təlimatlara laqeyd yanaşdığını müşahidə etdik. Yenə eyni hal təkrarlanmazmı?
- Karantin ləğv olundu, amma əslində o da karantin deyildi, orada da çox ciddi pozuntular vardı. Karantini yumşaltmaq o demək deyil ki, insan ağzı açıq, maskasız gəzməlidir. Elə ona görə bu gündəyik. İnsanlar situasiyanı boykot etdilər, bir-biri ilə qucaqlaşaraq parklarda, kütləvi yerlərdə gəzməyə başladılar. Üstəlik evlərdə gizli qonaqlıqlar, həyətlərdə çay süfrəsi və sair mövcud duruma zidd davranışlara yol verdilər, bu, indi də davam edir.
Əslində karantin belə yumaşaldıla bilməzdi. Müəyyən təlimatlar qoyulmalı, şərtlər hazırlanmalı idi. Bunların heç biri olmadı. İndi də əsas nəzarəti karantin davranışlarında gücləndirmək lazımdır. Cərimələri saxlamaq şərti ilə karantin yumşaldılmalıdır. Fikrimcə, insanları buraxmaq lazımdır ki, iqtisadi fəallıq bərpa olunsun.