Mehdi Mehdiyev: “...damarlarında təmiz azərbaycanlı qanı axan insan heç vaxt elə ifadə işlətməz.”
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev əslində redaksiyamıza yeni yaranmış saytımızı təbrikə gəlmişdi. Biz də fürsətdən istifadə edib onunla ətraflı bir söhbət də etdik. Həm qarşılaşdıqları problemlərdən və gördükləri işlərdən danışan həmsöhbətimizin gileyi də oldu. Hiss olunurdu ki, bəzi məmurların Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlarına qarşı etinasız münasibəti və artıq - əskik danışığı, rəftarı ona çox pis təsir edib. Elə söhbətimiz də belə başladı:- Qarabağdan əvvəl mən Əfqanıstanda döyüşmüşəm. Bu gün də MDB məkanında o qurumla əməkdaşlıq edirəm. MDB məkanında Azərbaycan hökuməti və dövləti qədər öz vətəndaşlarının qayğısına qalan ikinci dövlət yoxdur. Təbii ki, mən qanunvericilik bazasını nəzərdə tuturam. Amma təəssüflər olsun ki, yerlərdə bəzi məmurlar var ki, sanki qanun onlar özləridir. Yəni qanunlara göz yumurlar, qanunu açıb qarşısına qoyanda da laqeyd yanaşırlar. İstər müharibədə sağlamlığını itirmiş, istərsə də ailə başçısını itirmiş insanları görəndə müxtəlif reaksiyalar olur. Yəni, yaxşı qarşılayan, problemi böyük diqqət və qayğı ilə həll edənlər də olur, amma təəssüf olsun ki, bəzi yüksək vəzifəli məmurlar da var ki, şəhid anasına deyir ki, ağlın olaydı, oğlunu qoymayaydın müharibəyə gedə.
- Sizcə bu, məmur özbaşınalığıdır, yoxsa insanlıqla bağlı amildir?
- Təbii ki, məmur özbaşınalığı cəzalandırılır, yəni istənilən halda biz də belələri ilə mübarizə aparırıq. Məmurun heç bir halda ixtiyarı yoxdur ki, belə danışsın. Mən hesab edirəm ki, müəyyən insanların ya daxilində vətənpərvərlik hissi yoxdur, ya da ümumiyyətlə onun o milli mənsubiyyəti şübhə altındadır. Çünki, mənim düşüncəmlə damarlarında təmiz azərbaycanlı qanı axan insan heç vaxt elə ifadə işlətməz. Azərbaycan təkcə azərbaycanlılardan ibarət deyil ki, digər etnik xalqlar da yaşayır burada. O cümlədən milli qəhrəmanların içində də başqa xalqların nümayəndələri var: yəhudi, rus, ləzgi, talış və sairə. Onların heç biri belə söz deməz. Bunu yalnız düşmən qanı ilə qarışıq olan insan deyə bilər.
- Siz elə adamlarla qarşılaşanda nə deyirsiz?
- Cürbəcür reaksiyalarımız olur. Kəskin olur təbii ki, hətta qarşıdurmaya qədər gedib çıxır.
- Mehdi müəllim, birliyinizin nə qədər üzvü var?
- 57 mindən çox üzvümüz var.
- Bu qədər insanın taleyi ilə maraqlana bilirsinizmi?
- Əlbəttə, respublikanın hər yerində bizim filiallarımız var. Operativ məlumatları əldə edib reaksiya veririk. Düzdür, nəticəni istədiyimiz kimi əldə edə bilməsək də, hər halda bizdən asılı nə varsa həll etməyə çalışırıq. Sevindirici haldır ki, bu gün ölkədə kadr islahatlarına güclü önəm verilir.
- Sizin birliyin fəaliyyəti çoxşaxəlidir. Daha çox hansı problemlərlə qarşılaşırsınız və dövlət səviyyəsində onlardan hansılarının həll edilməsini istəyirsiniz?
- Məsələn, biz çox sevinirik ki, ölkə başçısının fərmanı ilə Qarabağ əlillərinin övladları təhsil haqqından azad edildi, daha doğrusu, bu ödəniş dövlət hesabına olacaq. Dövlət o yükü öz üzərinə götürür. Bu Qarabağ əlilinin övladı təhsilini aldıqdan sonra onun işlə təminatında problemi yaranır. Ona görə biz istəyərdik ki, qanunvericilikdə nəzərdə tutulsun ki, ilk növbədə bu insanların övladları işlə təmin edilsin. Buna hamının haqqı var, amma müharibə döyüşçülərinin buna haqqı daha çoxdur. Dövlət hamıya pensiya verə bilməz ki...Onsuz da aparılan islahatların bir çoxu sosial yönümlüdür. Məcburi köçkünlərin də problemi var. Bundan başqa əhalinin digər kateqoriyasının problemi ilə də dövlətimiz məşğuldur. Ona görə də təqaüdləri istənilən səviyyədə artırmaq mümkün deyil. Qarabağ müharibəsi əlilinin övladı məktəbi bitirib ailə qurmalıdır, yaşamalıdır, yaşatmalıdır. O işlə təmin olunsa özü müstəqil öz ailəsini saxlaya bilər. Belə olsa Qarabağ əlilinin üzərinə onun da ailəsini saxlamaq kimi bir yük düşməyəcək.
- Mehdi müəllim, necə baxırsınız, istər Qarabağ müharibəsi əlili olsun, istər digər kateqoriyadan olan əlillər, elə ancaq hökumətin təyin etdiyi müavinətlə yaşamalıdırlar? Məsələn, beynəlxalq təcrübədə var ki, əlillərin özləri nə isə bir əmək fəaliyyəti ilə məşğul olurlar, oradan gəlir əldə edirlər ki, bu da müəyyən problemlərin həllinə kömək olur...
- Bilirsiniz, ələbaxımlılıq, mənə nəsə eləsinlər, söhbəti insanın mənəviyyatını alçaldır. Həmin o əlil müharibə bitəndə 20-25 yaş arasında idisə, 21 ildir ki, atəşkəsdir, bu gün onun övladı artıq gənc bir insandır. Yəni, atasından ələbaxımlılığı öyrənib xarakteri də elə formalaşa bilər. İnsan müstəqil düşüncədə, axtarışda olmalıdır. Buna müəyyən qədər şərait yaratmaq lazımdır. İstər əlilin işlə təminatı, istər bacardığı peşədə ona dəstək olmaq lazımdır ki, onlar da işləsinlər, yaşasınlar. Xarici dövlətlərdə onlara bu şərait yaradılır. Bizdə də onlara belə şəraitin yaradılmasına böyük ehtiyac var.
- Bax, siz bu məsələylə bağlı hansısa təkliflə çıxış etmisinizmi?
- Təbii ki, biz yeni layihə təklif etmişik. Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına. O layihədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin müxtəlif peşələrə sahiblənməsi nəzərdə tutulur. Biz yerlərdə araşdırmalar aparmaq istəyirik ki, harada vakansiyalar var, ixtisas tələb olunur və həmin əraziyə yaxın yerdə yaşayan bizim kontingentdən olan insanlardan işlə təmin edək. Kim işləmək istəyirsə, onları həmin kurslarda oxudub, sertifikat vermək və işlə təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Layihəni uda bilsək, biz bunu ölkənin iri şəhər və rayonlarında həyata keçirmək istəyirik. Ən azından 15-18 rayonu əhatə edir bu layihə. Məsələn, bu yaxınlarda Xınalıqda olduq. Orada 40-a qədər müharibə kontingenti var. Amma 2006-cı ildə cənab prezident ora yol çəkdirəndən sonra gediş-gəliş açıldı. Ona qədər yox idi, inkişaf da yox idi orada. Təbii ki, elə yerlərdə insanların böyük dəstəyə ehtiyacları var. Hətta müharibə illərində qadınlar da dəstə yaradıb Qarabağa gedirmişlər, onların qarşısını ağsaqqallar kəsib qoymayıblar getməyə. Yəni, o qədər qeyrətli insanları var Xınalığın. Xınalıqda bir nəfər öz imkanları hesabına muzey də yaradıb.
- İndiyə qədər hansı layihələri həyata keçirmisiniz?
- Biz indi 3-cü layihəni təqdim etmişik. Birinci layihəmiz əlil və şəhid uşaqlarının yay istirahətinin təşkili idi. Lənkəranda yay düşərgəsi təşkil etmişdik. Oğlan uşaqları idi 9-14 yaş arası. Bir növ ordu ilə tanışlıq məqsədi daşıyırdı. Hərbi çadırlarda yerləşmişdilər, hərbi hissədən dəvət etmişdik, onlara silah-sursatdan istifadəni öyrədirdilər. Hərbi hissənin özünə səyahətə aparırdıq. Çox maraqlı oldu onlar üçün. Növbəti dəfə uşaqlar yenə istədilər, amma olmadı. O layihəyə vəsaiti biz nəzərdə tutduğumuzdan az vermişdilər. Biz 100 uşaq üçün nəzərdə tutmuşduq. Amma bunu 2 dəfə azaltdılar. 35 uşaq üçün təşkil etdik.
- Bəs digər layihəniz nə ilə bağlı idi?
- İkinci layihəmiz müharibə iştirakçılarına psixoloji yardımın təşkili idi. Dekabr ayında başa çatdı.
- Bu layihəni hansı zonalarda həyata keçirdiniz?
- Bu layihəni biz Şəkidə, Bərdədə, Xaçmazda və Bakıda təşkil elədik. Keçirdiyimiz zonalarda da ətraf rayonlar da təmsil olunurdu. Ümumiyyətlə 34 rayondan 142 nəfəri əhatə edə bildik. Həmin tədbirin dövründə də nə qədər insanın kritik vəziyyətdə olduğunu aşkara çıxardıq. Onlar haqda məlumatlar da götürüldü. Onlarla əlaqə saxlanılıb reabilitasiya mərkəzlərində müalicələri aparıldı.
- Müalicə üçün neçə adam seçdiniz?
- Orada 8 nəfər tam ciddi müalicəyə ehtiyacı olan insanları müəyyən etdik. Demək olar ki. Onların hamısının müalicəyə ehtiyacı var, amma daha ciddi ehtiyacı olanları seçdik. Həmin insanlar özbaşına o vəziyyətdən çıxa bilməzdilər. Amma qalanlarına məşğələlər dövründə psixoloji yardımlar olunurdu. Bu layihələr həm də insanların düşə biləcəyi psixoloji vəziyyətdən daha rahat çıxa bilmələri üçün dəstək idi. Elə həmin tədbir dövründə də nə qədər adama psixoloji dəstək göstərildi və həmin insanlar sevinirdilər.
- Mehdi müəllim, bir az da özünüz barədə məlumat verin mümkünsə...
- Mən özüm 14 yaşından hərbidəyəm. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirmişəm. Orduda gedən bütün prosesləri bir zabit olaraq görürəm. Biz düşünürdük ki, ordumuz yaranacaq, amma tam səmimiyyətlə deyirəm, bu günkü səviyyədə olacağını ağlımıza belə gətirə bilməzdik.Ordumuzla fəxr etmək lazimdir. İkinci tərəfdən, hamıya məlumdur ki, Ermənistan hücum edib Azərbaycan torpaqlarını almayıb. Xocalı faciəsini tək özünə güvənərək etməyib. I Pyotr erməni xalqı haqqında demişdi ki, onları tumarla, istədiyin kimi istifadə elə. Yəni, bu gün onları tumarlayan var. Ermənilər bilsələr ki. Onlara tumar çəkən əllər artıq yoxdur, onlar inanın ki, özləri torpaqları tərk edib qaçacaqlar. Onsuz da fərarilik də onlarda həddən artıq çoxdur. Səngərlərdə də bizimlə üz-üzə duran düşmən ordusununu heyəti 2-3 dəfə azdır. Mən hər il bir neçə dəfə cəbhə bölgəsində oluram və bunu özüm görmüşəm. Onu da böyük çətinliklə toplayırlar. Hətta 40-dan çox yaşı olan və işsiz insanları iş yeri kimi gətirib səngərdə oturdurlar. Əsgər çatışmamazlıgına görə xaricdən muzdlular da tuturlar.Özbaşınalıq baş alıb gedir onlarda. Mən Əfqanıstanda 21 ay 1987-89-cu illərdə döyüşmüşəm, hava desant qoşunlarında. Yeri gəlmişkən, Azərbaycan əsgəri kimi əsgər yer üzündə yoxdur. Yetər ki, başının üzərində güclü komandir olsun. Oradan bizi Belorusiyaya apardılar. Orada da mən minaları zərərsizləşdirmə qrupunun komandiri idim. Həmin dövrdə Böyük Vətən Müharibəsindən qalan 6 mindən çox mina, mərmi və aviabombanı zərərsizləşdirmişəm. Tapıb məhv etmişəm, mənim ixtisasım odur. Ondan başqa 1989-cu ilə qədər itkin sayılan bir sovet və bir alman əsgərlərinin cəsədlərini də tapıb təhvil vermişik. Səfirlik vasitəsilə aparıb Almaniyada dəfn elədilər. Stalinin repressiyasına məruz qalmış Qardaşlıq Məzarlığı aşkar etdik. NKVD –nin əli ilə öldürülmüşdülər. Hamısını xəndəyin yanına gətirib başlarına arxadan güllə ilə vurmuşdular.
- Başqa ürəyinizdən keçən sözlər varsa, buyurun dinləyirik.
- Hamımızın bir arzusu var. O da torpaqların işğaldan azad edilməsidir. Şuşada 3 rəngli bayrağımızı görmək hər birimizin arzusudur. Yəni bu faciə bizim dövrümüzdə başlayıb, haqqımız yoxdur ki, gənc nəslin çiyinlərinə ataq, bizim dövrümüzdə də bitməlidir.
Sevda Elay