“Keşikçidağ”da baş verən təxribatlara görə Azərbaycan geri addım atmayacaq” – Tərlan Eyvazov

“Keşikçidağ”da baş verən təxribatlara görə Azərbaycan geri addım atmayacaq” – Tərlan Eyvazov backend

Dünən Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat aldıqlarını bəyan edib.

DSX rəsmən bildirib ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

Xatırladaq ki, “Keşikçidağ”da bundan əvvələr də təxribatlar törədilmişdi.

Məsələ ilə bağlı Kanal8-in suallarını ehtiyatda olan zabit, politoloq Tərlan Eyvazov cavablandırıb.“Keşikçidağ” məsələsi yenidən gündəmə gəlib. Bəzi gürcü millətçilərinin ərazidən təxribat törədəcəkləri deyilir. O ərazidə bir neçə dəfə gürcü tərəfi təxribat törətsə də, sonradan məsələ öz həllini tapmışdı. Bu barədə fikirlərinizi bildirərdiniz…

Sonuncu hadisə hər kəsin yadındadır. Təxribatçılar əsgərimizin silahını əlindən almışdı. Buna Azərbaycan cəmiyyəti çox sərt reaksiya verdi. Cəmiyyətin sərt reaksiyasından sonra DSX adekvat tədbirlər gördü. O tədbirlərin şəxsən şahidi olduğum üçün düşünürəm ki, bizim tənqidlərimiz DSX tərəfindən nəzərə alındı, ictimaiyyətin rəyi ilə hesablaşıldı. Əslində orada problemin səbəbkarı Xarici İşlər Nazirliyidir. Səbəb də 30 ildir o problemin həll edilib qurtarmamasıdır. Orada DSX-nın hansı statusda xidmət keçməsi məlum deyil.

Din pərdəsi arxasına gizlənmiş gürcü millətçilər o cür təxribatı daim orada törədirdilər. DSX dərhal orada tədbirlər gördü, həmin yer bağlandı. Qarşı tərəf də məsələ ilə bağlı məlumatlandırıldı. Şəxsən oraya dəvət olunmuşdum. Orada 40 gün ərzində köhnə zastavanın yerində müasir standartlara uyğun zastava inşa edildi. Ondan sonra ərazidə hansısa təhlükə törənəcəyi təqdirdə, DSX-nın müvafiq strukturları hərəkətə keçir və bunun qarşısı alınır.

Hadisələr baş verən zaman DSX-nı tənqid etdik ki, niyə görə onlar əvvəlcədən kəşfiyyat məlumatı əldə edə bilməyiblər və əsgərimizin əlindən silah alınıb. Çox güman ki, bu addım atılıb və orada agentura, kəşfiyyat işləri aparılıb. Dünən də DSX xəbərdarlıq etdi. Əgər gürcü tərəfi təxribatçıların qarşısını almasa, bütün məsuliyyət gürcü tərəfinin üzərinə düşəcək. Azərbaycan tərəfinin orada istənilən təxribatın qarşısının alınması üçün gücü var.

-Hər şey razılaşdırılandan sonra yenidən təxribatçılar niyə hərəkətə keçib?

Azərbaycanın 5 ölkə ilə quru, 4 ölkə ilə də su sərhədi var. Quru sərhədlərimizin demək olar ki, hamısı delimitasiya və demarkasiyası olunub. Yeganə olaraq, “Keşikçidağ” istiqamətində bu məsələ öz həllini tapmayıb. O da gürcü tərəfinin həmin məbədə olan iddiasından irəli gəlir. Təxminən 50-60 km məsafə söhbət mövzusu olaraq qalır. Ancaq vaxtilə Azərbaycan SSRİ və Gürcüstan SSRİ arasındakı şərti sərhəd xətti keçərkən həmin ərazi bizdə olub. Buna görə də, Azərbaycan sərhədçiləri orada sərt şəkildə xidmət aparırlar. Əvvəlki yumşaq, liberal davranış müəyyən qrupların öz məqsədi üçün istifadəsinə gətirib çıxardı.

-Bu işdə kimlər maraqlıdır?

Bu işdə maraqlı olanlar Gürcüstanda hakimiyyətə gəlmək istəyən bəzi kiçik millətçi qüvvələrdir. Hansı ki onlar seçkilərdə 5 faizlik baryeri keçə bilmirlər. Burada Ermənistan da maraqlıdır. Gürcü soyadı altında orada ermənilər fəallıq göstərirlər. Əsgərimizin əlindən silahı alanın da erməni əsilli olduğu ortaya çıxdı. Burada təbii ki, Rusiyanın da marağı var. Bundan əlavə iki ölkənin münasibətlərinin yaxşı olmasını istəməyən qüvvələrin də bu işlərdə əli var.

-DSX-nın xəbərdarlığına rəğmən orada təxribat olarsa nələr baş verəcək?

Təxribatçılar hansı formada davransalar, sərhədçilərimiz də o cür cavab verəcək. Azərbaycan sərhədçiləri qat-qat gürcü tərəfindən güclüdür. Orada hər şeyi gözlərimlə görmüşəm və bu faktdır. Kimsə düşünürsə ki, baş verən təxribatlara görə Azərbaycan geri addım atacaq, buna qətiyyən arxayın olmasın. Qətiyyən belə bir şey olmayacaq. Birincisi, buna dövlət imkan verməz. İkincisi də, Azərbaycan xalqı… Azərbaycan cəmiyyəti bundan əvvəl baş verənlərə sərt reaksiya verdi, bundan sonra da verəcək.
Diaspora