“Əli Həsənov kimdir ki?..” – Azər Həsrətdən sensasion açıqlamalar

“Əli Həsənov kimdir ki?..” – Azər Həsrətdən sensasion açıqlamalar backend

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətin Yenisabah.az saytına müsahibəsi:

- “Yeddi dövlət, bir millət” ideyası ilə yaşayan, Turan qurmaq arzusunda olan Azər Həsrət ucqar bir kəndə necə sığıb?

- Yox, əslində, bura ucqar bir kənd deyil, Xaçmazın tən ortasıdır. Xaçmaz Azərbaycanın ən gözəl rayonlarından biridir. Bizim kəndimiz dünyanın ən gözəl kəndidir. Bura dünyanın mərkəzidir. Turan coğrafiyasının da mərkəzi elə buradır.

- Yəni Azər Həsrət indiki yerindən məmnundur?

- Fərd olaraq mən hər şeydən məmnunam, amma ictimai-siyasi prosesləri nəzərdə tutursunuzsa, əlbəttə, məmnun olmadığım çox şeylər var və zamanla dilə gətirirəm.

- Siz küsüb Xaçmaza köçmüsünüz?

- Xeyr, bu əsla küsmək deyil. Çünki həmişə mənim bir ayağım burda olub, elə bir həftə olmayıb ki, mən buraya gəlməyim. Bilmirəm, dünyada, o cümlədən Azərbaycanda mənim kimi adam varmı? Mən ayda bir dəfə ata-anamın qəbrini ziyarət etməsəm, dayana bilmirəm. Hər ayın ilk gəlişində maşını birbaşa qəbristanlığa sürürəm.

- Bu dəfə səfəriniz bir az uzunmüddətli oldu. Elə bil daimi bura köçmüsünüz...

- Budəfəki uzanma karantinlə bağlıdır. Üstəlik, mən seçki zamanı bəyan etmişdim ki, artıq Bakıda işim başa çatmaq üzrədir və yavaş-yavaş kəndə yerləşməyin vaxtıdır.

“Mən İlham Əliyevi 12-13 il dəstəkləmişəm”

- Seçkilərdə namizəd olan, siyasi proseslərin olimpinə can atan Azər Həsrətin bu gün kənddə məskunlaşması və ictimai-siyasi proseslərdən uzaq düşməsi nə ilə bağlıdır? Bəlkə vaxtında düzgün seçim etməmisiz, bəlkə yanlış komandada təmsil olunmusunuz? 15 il əvvəlki seçiminizin bugünkü taleyinizə təsiri nə qədər oldu?



- Komanda problemi deyil, mən İlham Əliyevi 12-13 il dəstəkləmişəm və bu gün də dəstəkləyirəm, mövqeyimi dəyişməmişəm. Sadəcə olaraq kəndə yerləşməyimə səbəb olacaq nə baş verdiyi maraqlıdırsa, deyə bilərəm ki, ölkədə islahatlar gedir. Prezident də bildirdi ki, yüksək təhsilli və təcrübəli yeni kadrlar cəlb olunur. Dövləti böhrandan çıxaracaq insanlara ehtiyac var. Belə olan halda mən də düşündüm ki, görünür, mən o kateqoriyaya aid olan adamlardan sayılmıram. Belə başa düşdüyüm üçün çəkilib kənarda dayanmışam.

- Razılaşaq ki, sizi daha çox Əli Həsənovun adamı kimi tanıyırdılar...

- Dərd orasındadır ki, isinmədik istisinə, kor olduq tüstüsünə... Yəni Əli Həsənovun adamı olub nə etmişəm ki? Jurnalistlərə iki binadan evlər paylanılıb, amma mənə verilməyib. Mən avtomobil qəzası keçirmişdim, maşınım ələ gəlməz olmuşdu. Hadisə 2017-ci ilin yanvar ayında baş vermişdi. Mən Əli Həsənovun şöbəsindən xahiş elədim ki, mümkündürsə mənə iki aylıq borc kimi avtomobil verin. Benzini, yağı təbii ki, mənlik olacaq. Burada məqsədim televiziyalara çağırılanda gecikməmək idi. Dövlətin siyasətinin təbliğindən geri qalmamaq niyyətində idim. Mənə 2 aylıq bir avtomobil belə vermədilər, nə xeyir gördüm ki? Hətta o vaxt İctimai Televiziyaya çağırırdılar, indi çağırmırlar.

- Ən kiçik arzunuzu belə yerinə yetirməyən Əli Həsənovun və onun şöbəsinin hazırladığı tezisləri niyə təbliğ edirdiz? Niyə televiziya çıxışlarınızı bu adamlar tərəfindən hazırlanan tezislər üzərində qururdunuz?

- Xahiş edirəm, insanları yanıltmayasınız. Heç kim o cür düşünməsin. Mənim yazıb-pozduğum hər şey öz fikirlərim idi. Bu gün də elədir. Dövlətin tutduğu siyasət nədirsə, ona uyğun yazıram, danışıram. Mənə konkret təlimat gəlməyib ki, Əli Həsənov deyir bunu yaz. Dörd il - 2013-cü ilin aprelindən 2017-ci ilin aprelinədək Xəzər TV-də “Tərs bucaq” verilişi aparmışam. Bu müddət ərzində 150-dək veriliş efirə gedib. O verilişlərin 90 faizindən çoxunun mövzusunu özüm müəyyənləşdirmişəm. Əli Həsənovla əsla məsləhətləşmə olmayıb. Yalnız ölkədə siyasi proseslər cərəyan edəndə redaktorum deyib ki, bu dəfə filan mövzunu işləmək istəyirik. Onu da məndən soruşublar, mövzunu işləməyə razı olub-olmadığımı öyrəniblər. Bəzi müxalifətçilər olub ki, televiziyada onlarla bağlı kampaniya aparıblar, bu barədə mənə də təklif olunub ki, bəs həmin müxalifətçini tənqid edərdinizmi? Mən buna razı olmamışam.

“Mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur”

- Azər bəy, Əli Həsənov büdrəyəndən sonra çox adam onunla olan münasibətlərini dandı. Sizin bugünkü mövqeyiniz ona oxşar mövqedir?

- Xeyr, mən münasibət-filan danmıram. Hətta mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur. Əslində, mən onu müdafiə də etmirəm, sadəcə bizim bir salamımız olub. Bizim insanların əksəriyyəti vəzifədən gedəni baltalamağı xoşlayır, mənim xarakterim isə tamamilə fərqlidir. Mən indi bir-bir sayacam. Əli Həsənovdan əvvəl Ramiz Mehdiyev, Ramil Usubov haqqında da yazmışdım. Ramil Usubovla bir dəfə belə üz-üzə gəlməmişəm. Ramiz Mehdiyevlə isə ümumiyyətlə, əlaqəm olmayıb. Yəqin o da məni tanıyıb, amma salamımız belə olmayıb. Amma o işdən çıxandan sonra haqqında xoş sözlər yazmışdım. Misir Mərdanov haqqında da xoş sözlər yazmışam. Yeri gəlmişkən Misir Mərdanov vəzifədən gedəndən sonra təhsil sistemi xarabaya dönüb. Çox adamlar Misir müəllimi tənqid edir. Bu gün təhsilin başında duranlar Misir müəllimin heç vaxt tayı ola bilməyəcəklər.

- Cəmiyyətdə mənfi reputasiyası olan bu adamları müdafiə edərək niyə özünüzü təhlükə altına atdınız?

- Mən müdafiə etmirəm. Mən müxalifətçi jurnalist idim, “Azadlıq” qəzetində işləyirdim, Qənimət Zahid bizi başına yığmışdı, gedib Təhsil Nazirliyinin qarşısında piket keçirirdik və Misir Mərdanov maşınından düşüb bizə yaxınlaşaraq, dərdimizi soruşdu. O belə bir adamdır. Çox mədəni yanaşdı və biz ürəyimizdəki sözləri dedik. O, bizi dinlədi. Amma indiki Təhsil Nazirinin nəinki özünün, hansısa şöbədəki işçisinin qəbuluna düşmək mümkün olmur. İndi mən Misir Mərdanovu tərifləməyib nə edim?



- Siz təkcə Misir Mərdanovun deyil, Əli Həsənovun da qəbuluna düşə bilirdiniz. Onunla görüşəndə niyə mətbuat üçün xarakterik olan problemləri bir dəfə dilə gətirməmisiniz? Yəqin ki, xəbəriniz var, 31 jurnalist evlərlə bağlı Baş Prokurorluğa müraciət edib, niyə bu problemləri o vaxt qaldırmırdınız?

- Eynulla Fətullayev həbsdə olanda hakimiyyətin bu işlərlə məşğul olan insanlarına mesaj göndərmişdim. O vaxt söyləyirdim ki, Eynullanı müdafiə etmirəm. Amma Eynullanın buraxılması üçün hamıdan çox mən çalışmışam. Bundan başqa, Xədicə İsmayılın həbsdən çıxarılması üçün çalışan adamam. Mən bunları bağıraraq bəyan etməmişəm.Əli Həsənova və onun işçilərinə izah etməyə çalışmışam ki, bu adamların həbsdə yatması Azərbaycanın imicinə ciddi zərbədir. Bunların həbsdən çıxması işin xeyrinə olardı.

- Xədicə İsmayılı da, Eynulla Fətullayevi də xaricdə kifayət qədər ciddi dairələr dəstəkləyirdi. Həmin vaxt iqtidar qəzetində 300-400 manat məvaciblə gündə 10 saat işləməyə, trolluq etməyə məcbur edilən sıravi jurnalistləri dəstəkləmək lazım idi. Niyə bir dəfə Əli Həsənova demədiniz ki, ayıbdır, 300-400 manatın müqabilində jurnalistləri trolluğa cəlb etməyin, arvad-uşağının yanında alçaltmayın…

- 300 manata fəhləlik edənlərin biri çıxıb desin ki, dərdimi o vaxt Azər Həsrətə demişəm. Elə bir adam varmı? Yoxdur. Bir neçə nəfərlə şəxsən öz təşəbbüsümlə zəng edib danışmışam ki, siz az maaş alırsınız. Bəlkə probleminizi işıqlandıraq. Cavabları o olub ki, “Yox sən Allah, belə etmək xoşlarına gəlməz”. Mən bu adamların yerinə niyə danışmalıyam ki?

- Bəs jurnalistlərin qorxu içində yaşadığı bu mühiti kim yaratmışdı?

- Mühiti Əli Həsənov yaratmayıb. Allah köməyi olsun, bu gün Ləman Ələşrəfqızı adlı bir jurnalist var. Mən düşünürəm ki, hamımız onun haqqında pozitiv fikirdəyik. Ləman həqiqətən samballı jurnalistdir. O, “Azadlıq” qəzetində işləyirdi. Gündüz Tahirli baş redaktor idi. Mən Həmkarlar İttifaqının sədri idim. Ləman gəlib mənə dedi ki, bizim maaşlarımızı vermirlər, bəlkə kömək edəsən. Gündüzdən vaxt aldı və mən də onunla birlikdə Gündüz Tahirlinin qəbuluna getdim. Qəbul deyəndə biraz rəsmi çıxır, biz istəyəndə redaktorla görüşə bilirdik. Gündüz Tahirli məndən niyə gəldiyimi soruşdu. Vəziyyəti izah elədim. Gündüz Tahirli mənim gəlməyimə ehtiyac olmadığını dedi. Ləman da elə həmin dəqiqə mənə “Mən həmkarların üzvü deyiləm ki” dedi. Şoka düşdüm ki, özü məndən kömək istəyib. Necə belə bir şey deyir. İndi adam məndən gəlib xahiş etmirsə, mən onun problemini niyə dilə gətirib elə situasiya yaşayım?

“Vüqar Səfərli mənim özümü KİV DF-yə yaxın buraxmırdı”

- Ləman Ələşrəfqızını hakimiyyətin küncə sıxışdırdığı Gündüz Tahirdən qorumaq asandır. Ləman Ələşrəfqızını Əli Həsənovdan, Vüqar Səfərlidən qorumaq lazım idi. Bəzi baş redaktorlar övladlarına, qohumlarına, sürücülərinə, katibələrinə ev alanda Ləman Ələşrəfqızı evsiz qaldı. Bunu ictimailəşdirmək lazım idi…

- KİV DF haqqqında mən də yazmışdım. Vüqar Səfərli işdən çıxandan sonra onu tənqid etmək fikrindən uzağam. KİV DF-nin rəhbəri mətbuata dəxli olmayan bir adam idi. İndikinin də dəxli olmayan biri olduğunu düşünürəm, çünki heç kim tanımır. Sadəcə olaraq Vüqar Səfərli mənim özümü KİV DF-yə yaxın buraxmırdısa, mən başqasının problemini orada necə dilə gətirə bilərdim. Mətbuat Şurasına gəldikdə isə mən son iki seçkidə oraya üzv olmuşam, onadək uzaq idim. Həmin dövrdə də kimin nə problemi olubsa, dilə gətirmişəm.



- Vüqar Səfərli sizi niyə yaxınına buraxmırdı?

- Vüqar Səfərli sadəcə olaraq tənqidin nə olduğunu anlamayan bir adamdır. Xatırlayırsızsa, oğluna mükafat vermişdi. Qafqazinfo-da xəbər getmişdi. Altında 100 nəfər şərh yazmışdı. 99 faizi anonim şərh idi. Mən oraya Azər Həsrət imzası ilə yazmışdım ki, qanunsuz bir şey yoxdur, sadəcə, bu hərəkət etik deyil. Ata qurum rəhbəri olaraq mükafatı oğluna verməli deyil. Avropada bu qəbul olunmaz. Məhz o şərhə görə adam mənə 2 il salam vermədi. KİV DF qurulanda Ekspert Şurasının üzvü oldum. Yazıları tam obyektiv dəyərləndirdim.

- Mətbuata dəxli olmayan adamın kürəyində mənim əlim yox idi. Onun kürəyində Əli Həsənovun əli var idi. Vaxtında irad bildirmək lazım idi ki, bu adam niyə müdafiə olunur?

- Vüqar Səfərlini prezident o vəzifəyə təyin eləmişdi. Mən prezidenti dəstəkləyən biriyəm. Təqdimatını dəxli yoxdur kim verib. Prezident bu təqdimatı məqbul sayıbsa, mən onun tərəfdarı olaraq bunun müzakirəsini açmamalıyam, çünki bu, etik deyil.

- Sizin məntiqinizlə heç bir icra başçısını tənqid etməməliyik. Çünki onları da Prezident təyin edib. Amma təyin etdiklərini özü də tənqid edir…

- Məsələ ondadır ki, Vüqar Səfərlini mən bir balaca tənqid elədim. O, iki il məni tədbirlərə də çağırmadı, salam da vermədi. Mən bir dəfə Əli Həsənova bildirdim ki, Vüqar Səfərlinin tədbirlərindən ötrü “gözüm atmır”, Vüqar Səfərli Azər Həsrətin keçdiyi yolu mətbuatda bundan 100 il sonra da keçə bilməz. Amma mətbuatla bağlı tədbirlərə Azər Həsrət dəvət olunmur. Bu, biraz sizin siyasətinizə balta çalmaq olar. Ondan sonra dəvət etməyə başladılar.

“Azər Həsrəti Əli Həsənov yetişdirməyib”

- Əli Həsənov bu haqda sizin özünüzə nə dedi?

- Əli Həsənov dedi ki, Vüqardı da... Mən ondan izahat tələb edə bilməzdim, bu, doğru deyildi.

- Amma siz, Əli Həsənovun dibçəkdə yetişdirdiyi media kapitanları vaxtında ondan üz çevirsəydiniz, o, öz siyasətində yəqin ki, müəyyən dəyişikliklər edərdi...

- Dibçəkdə yetişdirilənlərlə bizi bir tərəziyə qoymayın.

- Aranızda vergül qoyuram...

- Heç vergül də qoymayın. Onları ayrı kateqoriyaya aiddir. Mən Azər Həsrətəm. Heç nəyim olmasa da, mənim Azər Həsrət imzam var və bu imza Azərbaycanda da, Azərbaycandan kənarda da tanınır, qəbul edilir. Kiminə görə pis, kiminə görə yaxşıdır. Birincisi, Azər Həsrət dibçəkdə yetişdirilməyib. İkincisi, Azər Həsrəti Əli Həsənov yetişdirməyib. Üçüncüsü, ümumiyyətlə, Azər Həsrəti kimsə yetişdirməyib. Siz bir nəfər adam tapa bilməzsiz ki, çıxıb desin ki, mən bunun qolundan tutub xaricə apardım, təşkilat qurdurdum, oxutdum. Biz ayrı kateqoriyalara aid adamlarıq.

- Siz əlçatan adamsınız. Sizin onlarla əlaqəniz olduğu üçün bunları sizdən umuruq ki, vaxtında problemləri işıqlandırmalıydınız. Mən xatırlayıram, siz “Eşşək oğlu, eşşək” adlı məqalə yazmışdınız. O aqresiyanın ¼-ni Əli Həsənovun ətrafında olub medianı zibilləyən adamlara göstərsəydiniz, bu gün fərqli situasiya yaranardı…




- Əli Həsənovun ətrafında olan bir KİV DF vardı. Başqa nə var idi ki?

- Mən Əli Həsənovun ətrafında olub, jurnalistləri 300-400 manat maaşla trolluğa məcbur edən baş redaktorları nəzərdə tuturam…

- Az əvvəl də qeyd etdim. 300 manata trolluq etməyə razı olan, məcbur edilən adam mənə gəlib heç nə demirsə, xahiş etmirsə, mən heç nə edə bilmərəm, ona vəkil təyin edilməmişəm.

- Jurnalistlərə verilən evlərlə bağlı araşdırma başlanılıb. Buna necə baxırsız. Bundan sonra həqiqətlərin üzə çıxması vacibdirmi?

- Əlbəttə, vacibdir. Çünki kiminsə sürücüsü, katibəsi, qohum-əqrəbası niyə gedib jurnalistlərin binasından ev almalıdır? Mənim əlimdə siyahı yoxdur. Amma mən bunu deyə bilərəm. Məsələn, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin 2018-ci ilədək sədri oldum. O təşkilatın 9 üzvündən 7-si ev alıb. İndi mən onların adını çəksəm, siz də almalı olduqlarını deyəcəksiniz. Sizdən soruşuram: Rey Kərimoğlu ev almalıydı?

- Almalıydı.

- Qalib İbrahimoğlu ev almalıydı?

- Almalıydı.

- Nüşabə Hüseynli ev almalıydı?

- Almalıydı.

- Görürsünüz, ev alanlar ona layiq olan adamlar idi.

- İndi mən sizdən soruşuram: Ləman Ələşrəfqızı ev almalıydı?

- Almalıydı.

- Elxan Şükürlü ev almalıydı?

- Elxanı uzun illərdi tanıyıram. Əlbəttə, almalıydı.

- Elnur Məhərrəmli ev almalıydı?

- Almalıydı.

- Şəhid övladı olan “Unikal”ın baş redaktoru Zaur Əhməd ev almalıydı?

- Almalıydı.

- Zülfüqar Hüseynzadə, Bahar Rüstəmli, Sevda Əsgərova ev almalıydı?

- Almalıydılar.

- Ədalətli mövqeyinizə görə təşəkükr edirəm! Sizcə, bu jurnalistlərin ev almasına mane olan adamlara etiraz etmək lazım deyildimi?

- Bu jurnalistlər mütləq ev almalıdırlar. 2017-ci ildə də bu haqda yazmışam, ad çəkməsəm də, sözümü demişəm.

- Bu yaxınlarda eşitmişəm ki, ikinci binadakı mənzillər bölüşdürüləndə, Vüqar Səfərli öz oğlunu adını da siyahıya yazdırmaq istəyib. Bundan xəbəriniz var?

- Xəbərim olmayıb. İlk dəfə sizdən eşidirəm. Amma təəccüblənmirəm, çünki Vüqar Səfərli belə bir şeyi edər.

- Bayaq dediniz ki, Vüqar Səfərlinin oğluna mükafat verməsindən sonra saytda bir şərh yazmısınız. Və həmin şərhdən sonra sizə müəyyən təzyiqlər oldu. Bundan sonra ikinci, üçüncü şərhi yazmadınız. Əli Həsənovdan ehtiyat etdiniz?

- Əsla! Mən heç kimdən ehtiyat etməmişəm, etməyəcəm də. Birincisi, heç kimin qarşısında gözükölgəli deyiləm. İkincisi, heç kimin qarşında öhdəliyim yoxdur. Mən o qədər şəffaf adamam ki, bu gün heç kim, qabağıma kötük ata bilməz. Dövlətin ən gizli orqanları axtarıb mənimlə bağlı bir şey tapıb çıxara bilməz.

- Siz parlament seçkilərdə iştirak elədiniz. Səhv etmirəmsə, sonuncu sırada dayandınız. Ondan sonra yazdınız ki, mən öz üzərimdə çox işləməliyəm. İndi öz üzərinizdə işləyirsiniz?

- Bəli, yeddi nəfər arasında yeddinci oldum. O sarkazm idi, amma olduqca üzərimdə işləyirəm. Beşinci xarici dili öyrənirəm (gülür). Alman dilini müəyyən səviyyədə bilirəm, sadəcə indi vaxtım çoxdur deyə daha da təkmilləşdirirəm.

“Şəmsəddin Xanbabayev istədi deyə, deputat qoydular”

- Seçicilərlə alman dilində danışacaqsınız?

- Dil söhbəti bu günlərdə yenə gündəmə gəlmişdi. Seymur Orucovla bağlı mən bir yazı da yazdım. İş ondadır ki, Xaçmazda seçki vaxtı üç dildə - Azərbaycan dilində, rusca və ingiliscə seçki dəyərləndirməsi elədim. İngilis dilinə maraq olduqca çox oldu. Amma bir çox adam üstümə gəldi ki, sən xaçmazlılarla ingiliscəmi danışacaqsan? İndi dili bilirsənsə, bir dərd, bilmirsənsə, ayrı bir dərddir. Çox təəssüflər olsun ki, builki parlament seçkiləri əldən buraxılmış fürsət oldu. Prezident dedi ki, Avropadan, Amerikadan üstümüzə gəlirlər, islahat edirik ki, bizim səsimizi dünyaya duyura biləcək adamlar parlamentdə təmsil olunsun. Mən də o səsi duyura bilən, dəfələrlə özünü sübut etmiş bir insanam. 20 ildir bu işlə məşğulam. Dil də bilirəm, öz üzərimdə də daima işləyirəm. Amma nə oldu? Xaçmazın bir küçəsindən digərinə gedəndə tanınmayan birini gətirib Şəmsəddin Xanbabayev istədi deyə, deputat qoydular. Bunu başa düşmək çətindir.

- Bu problemləri niyə ictimailəşdirmirsiniz? Axı siz jurnalistsiniz…

- İctimailəşdirirəm. Mən elə seçki vaxtı da işıqlandırmışam. Videolarım var, YAP-la bağlı Əli Əhmədova konkret müraciət etmişəm ki, prezidentin iradəsini sabotaj edirsiniz. Seçkidən sonra da üç dəfə prezidentə müraciət etmişəm ki, məni qəbul eləsin. Mən istəyirəm ki, şəxsən onunla söhbət edim. Azərbaycanın danışan dillərə ehtiyacı var və mən onlardan biriyəm. Gətirib qoruqçunu deputat eləmək hansı məntiqdir. Bunların arxasında kim dayanır? Parlament kimlərinsə kürsü zəbt edib oturacağı yer deyil. Ora danışa bilənlərin və danışarkən effektiv nəticə ala bilənlərin yeridir.



- Danışıqlarınızdan bu nəticəyə gəlmək olar ki, siz seçkilərin təyinatla olduğunu düşünürsünüz və siz də istəyirsiniz ki, bu təyinatda yer alasınız...

- Bəli, düşünürəm, amma mən təyinatda yer almaq istəmirdim. Mənim müraciətim seçkidən qabaq da olub ki, qanuni şərait yaradılsın, mən seçkini udacam. Uduzsam da, gedib uduzduğum adamın əlini sıxacam. O şərait yaradılmadı. Mənim namizəd olduğum dairədən ümumilikdə 7 nəfər namizəd vardı. Siz gedib hamıdan o 7 nəfəri soruşun. Azər Həsrətdən başqa bir adamı tanıyan qabağınıza çıxsa, mən başımı kəsərəm. Amma yeddinci yeri tutdum. Çünki bütün prosesi Şəmsəddin Xanbabayev idarə elədi. Bələdiyyələrə, seçki məntəqələrinə zəng vurub tapşırdı. Rayonda gəzirəm, adamlar deyir ki, rayonun başçısı hələ də Şəmsəddindir (gülür). Prezident buraya Elnur Rzayevi göndərib, onunla görüşmüşəm də, normal, savadlı, dünyagörüşlü adamdır, amma ictimai rəy budur ki, rayonu Şəmsəddin Xanbabayev idarə edir.

- Bu yeni icra başçısının zəifliyi ilə bağlıdır?

- Xeyr. Sadəcə olaraq Şəmsəddin Xanbabayevə prezidentin özəl bir hörməti var və bu adam da ondan istifadə edir. Mən onun yerində olsam, vəzifədən çıxandan sonra şələ-şüləmi yığıb gedib dincələrdim. Bu adam xaçmazlı deyil ki, torpağa bağlı olduğunu düşünək. Üstəlik də yaşlı adamı torpaq çəkir. Mən şəxsən ordubadlı olsam, Ordubada gedərdim.

- Azər bəy, az əvvəl öz üzərinizdə işlədiyinizi dediniz. Mən sizin təsərrüfatla da məşğul olduğunuzu bilirəm. İlan qovalayanda, kərtənkələ axtaranda ömrünüzün 15 ilini Əli Həsənovla eyni cinahda keçirdiyiniz üçün heç peşmanlıq hissi keçirirsinizmi?

- Əli Həsənov kimdir ki? O, adi bir məmurdur. Üstəlik, mənim bütün fəaliyyətim onunla bağlı deyil. Siz Azər Həsrətin imzasız yazdığı bir yazı tapa bilməzsiniz. Hətta bir cümlə tapa bilməzsiniz. Bəzən troll-filan deyirlər, trol mən deyiləm. Bu gün vəzifəyə təyin olunan gənclər var. Mən administrasiyada da bunu deyib xəbərdarlıq elədim. 2015-ci ildə Avropa oyunlarında erməni və bütün it-qurdlar üstümüzə gəlirdilər. Dövlət də çalışırdı ki, imic yaratma məsələsində aktiv olsun. Mən də əlimdən gələni etdim. Çoxlarını susdurmuşam, bunun dəyərini bilməyənlər gedib 5-6 kitab oxusun. 2015-ci ildə ““The Guardian” qəzeti Azərbaycanı bir həftə yıxıb sürüdü. İkinci həftə isə məhz Azər Həsrətə görə dayandı. Bunu qanmayanlar kitab oxusun. Mən ingiliscə tvitlər yazırdım. YAP-ın gəncləri onları öz adları ilə tvitləyirdilər. Özü də ingilis dilini bilməyənlər edirdi. Mən bunu Əli Həsənovun şöbəsinə dedim. Həmin adamlar bu gün vəzifəyə təyin olunurlar. Həqiqətən belə şeylər mənə çatmır.

Seymur VERDİZADƏ

Diaspora