Karantin dövründə növbəti müsahibimiz Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Rusiyanın Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü Afaq Məsuddur.
-Afaq xanım, dünyanın ritmini, sosial həyatını iflic etmiş koronavirusla bağlı nə deyərdiniz, hansı hissləri keçirirsiniz?-Baş verənləri hamı kimi, mən də izləyirəm. Kütəvi insan tələfatı, bir ölkədən o biri ölkəyə – öz evlərinə piyada yollanmaq məcburiyyətində qalan ailələr, xəndəklərə doldurulub basdırılan meyitlər və s. əlbəttə ki, dəhşət doğurur. Mövcud mənzərə hər ölkənin bu sayaq ekstremal situasiyalara hazır olmadığını, ən inkişaf etmiş, aparıcı dövlətlərin belə pandemiya qarşısında aciz, çıxılmaz vəziyyətə düşdüyünü sərgiləməyə davam edir. Elə bilirəm dünyanın, insanlığın bu qlobal pandemiya sınağı dönəmində hər bir azərbaycanlı öz dövlətinin qüdrətini, xalqının, vətəndaşının yanında olmaq, onu ən çıxılmaz məqamlarda, ən gözlənilməz təhlükələrdən qorumaq bacarığını hiss etdi. Virusa gəlincə, onun insan həyatına təhlükə olmaqla bərabər, həm də çox qəribə – mənəvi-müalicəvi missiyası hiss olunmağa başlayıb. Bu, ilk növbədə Yer kürəsini insan əməlinin törətdiyi daha qlobal təhlükələrdən – təbiətin zəhərlənməsi və zorlanmasından xilas etmək, ona əzəli, sağlam vaxtlarının sakitliyini, təbiiliyini qaytarmaq, cəmiyyəti yaşam uğrunda mübarizələrdən, bitib-tükənməz, şüursuz sosium yarışlarından ayırıb özünə qaytarmaq kimi çox əhəmiyyətli, zəruri məsələlərdir ki, bu gün hamımız bu proseslərin şahidi oluruq.
Keçirdiyim hisslər barədə deyə bilərəm ki, qəribə bir genişlik, işıq dolu azadlıqlar duyuram. Dünyanın şəffaflaşmağa başladığını, atmosferdə gedən sirli dəyişiklikləri hiss edirəm. Hər şey dəyişir. Bu vaxta qədər dəyər hesab edilənlərin öz mənasını itirməyə, mahiyyətini hələ tam anlamaq iqtidarında olmadığımız ayrı nələrləsə əvəz olunmağa başladığını anlayıram. Əslində bu dəyişikliklər çoxdan başlayıb. Neçə illərdən bəri hiss etdiyimiz vaxt sürətlənməsi, qlobal iqlim dəyişikliyi, daşqın və zəlzələlər, sunamilər və s. insanlığa – Yer üzünün artıq ondan yorulduğunun, bəd əməllərindən usandığının mesajları idi.
-Belə məqamlarda dövlətin və toplumun öndə gedən şəxsiyyətlərinin dəstəyi, məsləhətləri insanlar üçün vacibdir. Həmvətənlərimizə hansı məsləhətləri verərdiniz?
-İlk növbədə deyərdim ki, virus, əlbəttə, təhlükəlidir, amma soydaşlarının çörəkpuluna qənim kəsilənlərdən, dünyanın bir qitəsindən o biri qitəsini bombalayıb şəhərləri yerlə yeksan edən, minlərlə günahsız insanın, uşaqların həyatına son qoyan, pulu insanlığın ali dəyərinə, kulta çevirib cəmiyyəti mənəviyyatsızlığa sürükləyənlərdən təhlükəli deyil. İrəlidə daha çətin dönəmlərlə üzləşə bilərik. Hər şeyə hazır olmalıyıq. İsa peyğəmbər “insan sözlə də doyar” demişdi. Yəni insanlığın mahiyyətini, iç dünyasını heç bir zaman maddiyyat, mal, pul, var şərtləndirməyib, mənəvi-ruhi həyatına qida verməyib, onu süni şəkildə bu hala salıblar. İlk növbədə bunu anlamaq lazımdır. Yaranmş bu təcrid şəraitindən mümkün qədər yararlanmağa, özünüzü fərd olaraq dərk etməyə çalışın, vətəninizin, xalqınızın gələcəyi, görmək istədiyiniz həmin o gələcək naminə edə biləcəkləriniz barədə dərindən düşünün. Dövlətimizin, ölkə başçımızın niyyətini, amalını anlayın. Bütün həqiqətlər çətin anlarda, ekstremal situasiyalarda üzə çıxır. Dünyanın üzləşdiyi bu çətin durumda ölkəsini xilas gəmisinə çevirən, hər bir insanının, vətəndaşının yanında olmağı bacaran, ona, sözün əsl mənasında atalıq edən prezidentimizin qədrini bilin – deyərdim.
-Karantin rejimində vaxtınızı necə keçirirsiniz, yeni əsərlər üzərində işləyirsinizmi?
-Əsər yazmağa hələ ki imkan yoxdur. Bir neçə yarımçıq yazılar var ki, onları nə vaxtsa bitirməliyəm. Hazırda əsas işim “Azərbaycan dilinin orfoqrafiya lüğəti”dir. Mükəmməl dil vəsaiti sıravi vətəndaşımızdan tutmuş, biz yazıçılara qədər, bu gün hava-su qədər lazımlıdır. Səhvlər və xətalarla dolu keçmiş orfoqrafiya lüğətinin qadağasından sonra Mərkəz 2017-ci ildə yığcam formatlı, lakin orfoqrafik və stilistik baxımdan mükəmməl “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü nəşr etdi. Hazırda irihəcmli, klassik orfoqrafiya lüğəti tərtib etmişik, nəşrə son hazırlıq prosesi gedir. Bu lüğətdə, əvvəlkilərindən fərqli olaraq, minlərlə yazılışı səhv, yaxud bir neçə variantda verilmiş sözlərə, müasir dildə işlənməyən və tamamilə arxaikləşmiş ərəb, fars və digər əcnəbi ifadələrə, eləcə də 40 000-dən çox ““ambırağız”, “buynuzaməxsus”, “bəstiqoyma”, “çartıltısızlıq”, “çətvər-çətvər”, “cırrıtgetmə”, “çəhrayıolma”, “elm-helm”, “eşşəkbelisındırma”, “hüduddaş”, “dodaqaltıazaylanma”, “kvartet-poema”, “dız-dızoynama”, “hürufatölçən”, “növəmələgətirmədənqalma”, “onixiyayatutulma”, “paravəziyyət”, “şarnirvarılıq”, “şineldənçıxma”, “tabloiflic”, “turna-turna”, “qiymət-franko”, “qutluayaq”, “qutluəl”, “lirik-rəqsvarılıq”, “müsibət-ölüm”, “nüvəcik-nüvə”, “oynaşıolma”, “paqdumluq”, “par-partsalan”, “paravəziyyət”, “sitatyoxlama”, “şarnirvarılıq”, “troykaçı”, “tunel-sıçrayış”, “palazqapma”, “portativolma” kimi “söz” əcaibliklərinə daha rast gəlinməyəcək.
-Öz kitablarınız da daxil olmaqla, oxuculara mütaliə üçün nə tövsiyə edərdiniz?
-Hələ 2000-ci illərdə müsahibələrimdən birində “ədəbiyyatın başlıca predmeti olan insan köhnəlib” demişdim. Və bu gün dünya düzənində gedən proseslər – iqtisadiyyatdan tutmuş, insan münasibətləri və dəyərlər sisteminə qədər, dörd bir tərəfdən şahidi olduğumuz qlobal qəzalar dünyanın həqiqətən köhnəldiyindən, özü ilə tamamilə yeni dəyərlər və qaydalar sistemi gətirib gələn yeni dünyaya təslim olduğundan xəbər verir. Sözsüz ki, bu qlobal yenilənmə prosesi insanı, onun iç dünyasını tədqiq edən bədii ədəbiyyatdan da təsirsiz ötüşmür. Uzun illər, əsrlərlə “klassik ədəbiyyat” kimi dəyərləndirdiyimiz bir çox əsərlərin bu gün bu taleyüklü, həlledici sınağa davam gətirmədiyinin, bədii informasiya daşıyıcılığı ilə köhnəldiyinin, bu üzdən iflasa uğradığının şahidi oluruq. Eyni zamanda qəribə, tam yeni dəyərlər sisteminin yarandığını hiss edir, bir vaxtlar “zamansız”, “ölməz” adlandırdığımız bir çox əsərlərin arasından həqiqi zamansızlığı və ölümsüzlüyü ilə sıçrayıb çıxan əsərləri, onların müəlliflərini dəqiq müəyyən edə bilirik. Bu, ilk növbədə Fyodor Dostoyevski, Anton Çexov və Qoqoldur. Bu sıranın davamı olaraq Frans Kafka, Folkner, Kamyu, Markes, Borxes, Akutaqava, Moriak kimi yazıçıları və daha kimlərinsə adlarını əlavə etmək olar.
Öz əsərlərimə gəlincə, seçimi oxucularımın ixtiyarına buraxıram. Düşünürəm, bu ekstremal yenilənmə və təcrid məqamında özləri üçün maraqlı olan nə isə tapacaqlar.