Dünyada koronavirus pandemiyasının yayılması ilə əlaqədar bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda karantin rejimi tətbiq olunub. Hazırda strateji sahələrdə çalışan insanlar istisna olmaqla, əhalinin böyük əksəriyyəti evdə qalır.
Yenisabah.az karantin müddətində evdə olan yaradıcı adamların vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Bu dəfəki qonağımız Xalq şairi Vahid Əzizdir.- Vahid müəllim, karantin günlərini necə keçirirsiniz? Yaradıcı insan üçün təbiətdən, dostlardan uzaq düşmək çətin deyil ki?
- Oturmuşam evdə, heç yerə çıxmıram. Karantin rejiminə çox ciddi əməl edirəm. Çıxıram eyvana, özümü havaya verirəm, təzədən qayıdıram içəri. Limonliu çay içirəm, özümə qulluq edirəm.
- Bütün gün evdə oturmaq sizi sıxmır ki? Nə işlə məşğul olursunuz?
- Sıxılsam da, sıxılmasam da, vəziyyət belədir. Nə edə bilərik? Düzü, heç çox darıxmıram, niyə darıxım? Adi günlərdə vaxta görə ertələdiyim işləri karantin günlərində həll edirəm. Yarımçıq qalan yazılarımı tamamlayıram, qaydaya salıram, köhnə yazılarıma nəzər yetirirəm. Karantin olsa da, şükür ki, hər şey yaxşıdır. Televizorda maraqlı verilişlər olanda onlara baxıram. Həm də işləməyə vaxt tapıram. Ümid edirəm ki, karantin də tezliklə bitər. Mənə elə gəlir ki, özünü, ətrafdakıları sevən insan evdən çıxmaz və başqalarını da xəstələndirməz.
- Qonaq qəbul edirsiniz? Yoxsa, dost-tanışla ancaq telefonla əlaqə saxlayırsınız?
- Qohum, dost-tanışla əlaqəmiz, get-gəlimiz yoxdur. Televiziyadan zəng edib desələr ki, çəkiliş üçün gəlmək istəyirik, mən deyəcəyəm ki, yox, gəlməyin, istəmirəm. Heç kəsə qapımı açmıram. Heç uşaqlar da, nəvələrim də gəlmir. Uşaqlar deyir ki, gələk. Deyirəm gəlməyin, lazım deyil. Cavan uşaqlarsınız, işləyirsiniz, orda-burda olursunuz, niyə gəlib özünüzü riskə atırsınız? Əgər deyirlərsə evdə otur, deməli evdə oturmalıyıq, niyə kimsə gəlib-getməlidir evə? Bu düzgün deyil. Hər yerdə infeksiya var. Deyilən sözə əməl etmək lazımdır.
- Bəs televiziyaların vəziyyətindən nə dərəcədə razısınız? Sizcə karantin günlərində telekanallar insanlara lazımi stimulu verirmi?
- Mənim fikrimcə, televiziya kanalları mümkün qədər virusdan az danışıb, maraqlı, komik verilişlər verməlidirlər. Efirə gülməli verilişlər getməlidir, insanlar gülməlidir. İnsan bədbin olduqda onun immun sistemi zəifləyir, lakin deyib-gülüb şənlənəndə immunitet güclənir və virus ona qalib gələ bilmir. Amma televiziya işçilərindən narazı olmaq olmaz. Necə narazı ola bilərəm? Biz onlara minnətdar olmalıyıq. Mən şəxsən onlara təşəkkür edirəm, axı o adamlar hər gün özlərini riskə atıb evdən çıxır, gedib işləyirlər. Bu gün ən xətalı yer iş mərkəzləridir, hansı ki, orada kollektiv şəkildə insanlar çalışırlar. Operatorlar bir studiyanın içərisində bir-birlərindən necə 3-5 metr aralı dayana bilərlər? Eyni qapıdan girib, eyni qapıdan çıxırlar. Onların işi həqiqətən çətindir, sağ olsunlar ki, cəfakeşlik edib, insanları məlumatlandırırlar.
- Ölkəmizdə kasıb, heç yerdən gəliri olmayan müəyyən təbəqə var. Ayrı-ayrı adamlar onlara kömək üçün əllərindən gələni edirlər. Amma hamını əhatə etmək olmur. Xeyriyyəçilər, imkanlı şəxslər niyə qabağa çıxmırlar?
- Mənim onların heç birinin köməyinə ehtiyacım yoxdur. O varlı adamalrı mən tanımıram, mən heç evdən də çıxa bilmirəm ki, gedib təqaüdümü alam. Həm də yardım edənlər var, kimsə yardım edəndə yanında beş operator aparıb çəkib göstərmirsə, bu o demək deyil ki, o yardım etmir. Bəziləri edir, sadəcə onu reklam etmir. Tutalım, mən hansısa ehtiyacı olana yardım əlimi uzadıramsa, mütləq onu çəkməliyəm? Kasıblara dövlət də, ayrı-ayrı şəxslər də həmişə yardım edir. Bilirsiniz, bizim xalqımız humanist xalqdır. Bu xalq kimi ürəyiyumşaq xalq dünyanın heç bir yerində yoxdur.
- Vahid müəllim, siz mütaliəli insansınız. Sözsüz ki, pandemiya ilə bağlı vəziyyəti də yaxından izləyirsiniz. Sizcə, bu bəla nə zaman bitəcək?
- Əgər karantinin tez bitməyini istəyiriksə, şəhərə çıxıb hava almaq, dostlrla görüşmək istəyiriksə, onda gərək deyilənə əməl edək, evdən çıxmayaq. Baxın, o boyda Rusiya bir həftə bundan qabaq dedi ki, ayın sonuna qədər iş olmayacaq. Azərbaycanda isə Novruz bayramından bəri iş yerləri bağlanıb, fasilə verilib. Ona görə də bu gün Azərbaycanda keçmiş SSRİ ölkələrindən və dünyanın bir çox ölkələrindən daha az itki var, vəziyyət daha yaxşıdır. Çünki dövlət vaxtında tədbir gördü.
- Koronavirusdan nəsə yazmısınız?
- Bəli, “Evdə qal” adlı şeir yazmışam. Şeir sözə baxmayıb öz doğmalarının da həyatını zərbə altına qoyanlara yazılıb. Yəqin ki, bu mövzuya gələcəkdə də qayıdacağam.