“Ürəyimdə Allahla danışıb soruşuram ki...”- Sabiq nazirlə “Evdə qal” söhbəti...

“Ürəyimdə Allahla danışıb soruşuram ki...”- Sabiq nazirlə “Evdə qal” söhbəti... backend

Moderator.az sabiq təhsil naziri Misir Mərdanovla karantin rejimiylə bağlı mini-müsahibəni təqdim edir:

- Misir müəllim, karantin rejimini necə keçirirsiniz?

- Evimizdə oturmuşuq, elmi işlə məşğul oluram. Düzdü, əvvəlki ruhla işləmək çətindi, bir az adamda psixoloji gərginlik var, amma bacardığımı edirəm.

- Heç ürəyinizdə Allahla danışıb soruşurmusunuz ki, niyə insanlara belə "həbs qətimkan tədbiri" seçib?

- Ürəyimdə Allahla danışıb soruşuram ki, niyə insanları belə imtahana çəkib. Əlbəttə, insan gərək hər şeyə hazır olsun. Dünyada bundan da ağır dövrlər olub. Məsələn, xatırlayıram nənəm danışardı ki, keçən əsrin əvvəllərində qırx gündə evimizdən doqquz meyit çıxıb. Onda çiçək xəstəliyi yayılıbmış. İndi də koronavirus pandemiyası kimi bir bəlayla imtahana çəkilmişik.

- Bəs bir ziyalı kimi insanlara nə demək istəyirsiniz?

- İnsanlara demək istəyirəm ki, birincisi ölkənin dövlətin, dövlət rəhbərliyinin qəbul etdiyi qərarlara hökmən əməl etmək, evdə qalmaq, az təmasda olmaq lazımdır. Bununla yanaşı, gigiyenik qaydalara da riayət etməliyik. Xalqıma səbr arzulayıram, darıxmaq lazım deyil, şükür Allaha ki, bizim ölkəmizdə vəziyyət yaxşıdır, önləyici tədbirlər görülüb. Həkimlərimiz, hüquq-mühafizə orqanlarımız gecə-gündüz çalışırlar. Biz müharibədən sonrakı ilin adamlarıyıq və o dövrdə insanlar əsgər görəndə hamısı onun qarşısına yüyürürdü, o qədər onların hörməti var idi. İndi bu dəqiqə bizdə o rolu həkimlərimiz oynayır, onalara hər yerdə hörmətlə yanaşmaq lazımdır. Həyatlarını riskə atıb millətə xidmət edirlər. Həm özümüzü, həm də millətimizi qorumalıyıq.

- Karantin rejimi başa çatandan sonra nə iş görməyi planlaşdırırsınız?

- İndi yaxınlarımla onlayn danışıb əlaqə saxlayıram. Karantin rejimindən sonra düşünürəm ki, işə başlayacağıq və yarımçıq qalmış işlərimizi həyata keçirəcəyik. İş çoxdur və təki salamatçılıq olsun, bu sınaqdan uğurla çıxaq. Digər tərəfdən də bu hadisə insanları sınağa çəkir. Evdə sinif yoldaşlarımı yadıma salıram, onlarla əlaqə saxlayıram. Amerikada Texas ştatında institut direktoru olan dostum Yalçın Əfəndiyevlə danışıram. Məşhur alimlərlə əlaqə saxlayıb müzakirələr edirik.

- Koronavirusla Mübarizə Fonduna ianə etdinizmi?

- Mən bir aylıq maaşımı Koronavirusla Mübarizə Fonduna köçürmüşəm. Yenə mənə aid nə qulluq olsa, xalqım üçün əlimdən gələni etməyə hazıram. Təki onlar salamat olsun.
Diaspora