“Son beş ildə bacımla cəmi 3 - 4 saat bir yerdə olmuşuq” – Qənirə Paşayevanın BACISI İLƏ MÜSAHİBƏ

“Son beş ildə bacımla cəmi 3 - 4 saat bir yerdə olmuşuq” – Qənirə Paşayevanın BACISI İLƏ MÜSAHİBƏ backend

Bu gün tanınmış jurnalist, Milli Məclisin ən fəal deputatlarından olan Qənirə Paşayevanın ad günüdür.

Xanım millət vəkilinin bacısı Kəmalə Paşayeva ilə söhbətimizdə xeyli maraqlı məqamlara toxunduq

Modern.az-a istinadla Kəmalə Paşayeva ilə söhbəti sizlərə təqdim edirik.

QƏNİRƏ EYNİ İLƏ ATAMIZA BƏNZƏYİB

Mən insanın yetişməsində genetik faktorla bərabər ailənin də böyük rolunun olduğunu düşünürəm. Biz ailədə 4 uşağıq: İlk olan böyük qardaşım, ikinci Qənirə, sonra da yenə bir qardaşım və mən, ailənin ən kiçiyi. Bacım haqqında danışmazdan əvvəl atam haqqında danışmaq istərdim. Tale elə gətirib ki, valideynlərimizin hər ikisi müəllim olub. Atam çox fərqli, sözün əsl mənasında toplum insanı idi. Onun ətrafında olan, onu tanıyan insanlardan, dostlarından soruşsanız eyni mənim kimi deyəcəklər. Evdə də hərdən zarafatla deyirik ki, Qənirə atasının qızıdır. Yəni xaraktercə daha çox atama bənzəyən, övladları arasında elmə ən çox marağı olan Qənirədir. Atam xalq, toplum üçün çalışan bir insan idi, demək olar ki, onun yuxu sistemi yox idi. Bu xarakterlərin, düşüncələrin hamısının bacım demək olar ki, tamamilə mənimsəyib. Mənim yadıma gəlir ki, hər zaman evdə ixtisas seçimi söhbətləri olanda atam anamın bizi iqtisadiyyat və başqa sahələrlə yönəltməsinə qarşı çıxırdı. O, deyirdi ki, mən toplum, cəmiyyət üçün uşaq yetişdirirəm, onların seçiminə qarışmayın. Qənirə də uşaqlıqdan çox işləməyi sevirdi, atam kimi zəhmətkeş idi. Hətta xatırlamıram ki, bacım balacalığından bu yana 3-4 saatdan çox yatsın. Qənirə indi sosial adamdır, o vaxtlar belə deyildi. Nə bir nişana, nə də toya gedərdi. Vaxtdan aslı olmayaraq , hətta yemək yeyəndə belə, onun qarşısında kitab görmək mümkün olurdu. Bu, onun uşaqlıqdan olan alışqanlığıdır. Hər nə qədər bacımı bizə örnək göstərsələr də onun kimi olmaq çox çətin idi. Çünki Qənirə sadəcə sevdiyi bir ixtisası oxumurdu, hər bir sahəni öyrənməyə çalışırdı. Bunu onun müəllimləri də təsdiqləyə bilər.

ANAMIN ARZUSUYLA HƏKİM OLDU, AMMA JURNALİSTİKA SEVDASI ONU BURAXMADI

Qənirə lap balacalıqdan jurnalist olmaq istəyirdi, atamın filoloq olması da genetik faktordan buna təsir edib, deyə düşünürəm. Anam bacımı həkim olmağa yönləndirdi. Təbii ki, Qənirə anamın da arzusunu həyata keçirib. Hələ 16 yaşında bacım Tibb Universitetinə daxil oldu və yüksək nəticələ ilə universiteti bitirdi. Onun gənclik çağları ölkəmizin müharibədə olduğu illərə təsadüf etdi. Bu da onun içərisindəki jurnalistika sevdasını üzə çıxardı. Atamın da dediyi kimi toplum üçün yetişən övlad, həkimliklə bərabər televiziyada da jurnalist kimi fəaliyyətə başladı. Onun ən böyük amalı Azərbaycan həqiqətləri, ölkənin inkişafı ilə bağlı idi. Müharibə dönəmindəki acı həqiqətləri dünyaya çatdırmaq Qənirənin koriyerasının əsas istiqamətini təşkil edirdi.

AND İÇMİŞƏM Kİ, BİR DƏ ONUNLA İSTİRAHƏTƏ GETMƏYƏCƏM...

Hər zaman mənə sual verirlər ki, Qənirə xanım istirahət edirmi? Cavabım da belə olur ki, yox, o istirahət etmir. Mən özümü dərk edəndən bu yana onun istirahət üçün harasa getdiyini xatırlamıram. Hətta bir dəfə mən onu məcbur etdim ki, mənimlə bərabər istirahət üçün başqa bir ölkəyə getsin. Buraxın onun istirahət etməyini, hətta məni də işlə bağlı o qədər çalışdırdı ki, bilmədim ki, dincəlməyə getmişəm, ya işləməyə. Ondan bu yana and içdim ki, səninlə birgə bir də heç yerə istirahətə getməyəcəm. O hadisədən 7 il keçir, ancaq nə ondan bərabər harasa getmək üçün təklif gəlir, nə də mən özüm bu təklifi edirəm.

HAMI KİMİ MƏN DƏ ONU SOSİAL MEDİADAN İZLƏYİRƏM

Artıq 5 ildən çoxdur ki, Türkiyədə yaşayıram. Tez-tez maraqlanırlar ki, Qənirə xanımın ən çox səyahət etdiyi ölkələrdən biri də Türkiyədir, biz onunla görüşmək istəyirik. Amma sizi inandırım ki, bu 5 il müddəltində onunla ən çox 3, ya da 4 saat bir yerdə olmuşam. Çünki onun günlük proqramı o qədər gərgin olur ki, bəzən gün ərzində 7-8 tədbirdə iştirak edib bir şəhərdən digər şəhərə getməli olur. Bunun üçün də mən Qənirə xanımım görmürəm, bəzən heç telefonla da onunla danışmaq olmur. Hamı kimi mən də onu sosial mediadan izləyirəm. İnsanlar bu reallığa inanmaya bilər, amma həqiqətən də vəziyyət belədir ki, bəzən elə olur ki, onu yalnız hava limanında görmək şansım olur. Bir gün mənim tanışlarımdan biri xarici ölkələrdən birinə uçarkən təyyarədə onunla birgə olub. Həmin tanışım deyir ki, həmişə mənə inandırıcı gəlmirdi ki,Qənirə xanım bu qədər işi tək edə bilir. Amma ABŞ-a 12 saatlıq uçuşda mənim bir neçə dəfə yatmağıma baxmayaraq, nə vaxt oyandımsa gördüm ki, Qənirə xanımın əlində kompüter var və durmadan nəsə yazıb-oxuyur. Nə yemək yeyir nə də dincəlir.



ÖZÜNƏ VAXT AYIRMAMASI MƏNİ VƏ BÜTÜN AİLƏNİ NARAHAT EDİR...

Əslində bu qədər az istirahət etməsi, yatmaması və qida rejimi məni, anamı ümumilikdə bütün ailəni narahat edən məsələlərdən biridir. Nə qədər də onun toplum insanı olduğunu bilsək də, hər şeydən qabaq bizim üçün Qənirənin sağlığıdır. Nə qədər desək də onun bu xarakterini dəyişə bilmirik, irad tutsaq da dediyimiz sözlər boşuna gedir. Bəzən gecə saat 2, ya da 3-də mənə zəng, ya mesaj gəlir. Elə olanda qorxu ilə, həyəcanla yuxudan oyanıb gələn zəngə, mesaja baxıram. Bir də görürsən Qənirə yazı göndərib ki, fikir bildirim. Hələ mənə irad da tutur ki, gecə saat ikidə yatırsan, çox tənbəlsən. Onda da deyirəm ki, bacı mən sənin kimi ola bilmərəm. Onun çevrəsindəki dostları da təsdiqləyə bilər ki, biz artıq o zəng edəndə səsindən bilirik ki, nə istəyəcək. Bəzən yorğun halda da belə mənə zəng edib Türkiyədəki xəstəxanada olan azərbaycanlıların vəziyyəti ilə maraqlanır, burda təhsil alan vətəndaşları soruşur. Onda da deyirəm ki, mən maaş alan məmuram hər şeyə çata bilmərəm. Elə olanda da deyir ki, özünə az şey al, ehtiyaclarından kəs və həmin insanlara dəstək ol.



QƏNİRƏ PAŞAYEVANI ALLAH XÜSUSİ OLARAQ VƏZİFƏLƏNDİRİB, BU DÜNYAYA GÖNDƏRİB...
Hər insanı Allah fərqli vəzifələr üçün yetişdirir. Qənirə də xüsusi vəzifə üçün dünyaya gəlib. O mənim həyatdakı müəllimimdir. Ondan təkcə cəmiyyətə faydalı biri olmağı yox, necə yaşamağı öyrənmişəm. Dostluqda da o çox mütəvazi biridir. İstər özəl həyatımla, istərsə də işlə bağlı problemim olanda ilk insandır ki, ona zəng edirəm. Hər zaman ona deyirəm ki, dünyaya parlaq gözlərlə baxırsan. Cavabında mənə deyir ki, hər zaman bardağın dolu tərəfinə bax. Onda həm özün, həm də ətrafındakılar xoşbəxt olar. Mən əvvəllər bəzən onu qısqanırdım ki, nəyə görə onun ilk olaraq öncəlik veridiyi ailəsi yox, başqalarıdır, hər kəsi daha çox dinləyir, nəinki bizi. Onda o demişdi ki, siz elə gücə sahibsiniz ki, öz problemlərinizi özünüz həll edə bilirsiniz. Amma elə insanlar var ki, bunu bacarmır, mən onları daha çox dinləməliyəm. Ona görə yox ki, mən millət vəkiliyəm, ona görə ki, hər şeydən qabaq mən insanam və insanların ağrılarını anlaya bilirəm. Həqiqətən mən də özündən çox başqalarını düşünməyi, ehtiyacı olanların yanında olmağı Qənirədən öyrənmişəm.



BACI TƏBRİKİ
Həyatdakı idealım, yolgöstərənim və xeyirxahlıq mələyim Qənirə Paşayeva. Mən səndən hər şeyə rəğmən sevməyi, fədakar olmağı, bağışlamağı, qarşılıq gözləmədən sevməyi, inasanlara qucaq açğmağı və başqalarının dərdinə özününki kimi kədərlənib, sevinclərinə özününki kimi sevinməyi, humanist olmağı, ədaləti və çalışqanlıq da daxil bir çox yüksək dəyərləri öyrənmişəm.

Səndən hər nə qədər örnək götürsəm də sən olmağı bacarmadım, heç bacarmaram da. Mən səninlə təkcə bacım olduğun üçün deyil, həm də insanlara örnək bir model olduğun üçün qürur duyuram.

Sən tək mənim bacım deyilsən. Sən ürəyinə toxunduğun, yaxın olduğun yüzlərlə insanın bacısısan. Və mən səni həmin insanlarla paylaşmaqdan qürur duyuram.

Bacılıq tək qan bağı ilə olmur, bacı olmaq qucaq açmaq, qorumaq, böyük olmağı bacarmaq və sevməkdir.

Sən isə bunu çox mükəmməl şəkildə bacarırsan. Sənin kiçik bacın olmaqdan qürur duyuram.

Səni dünyalar qədər çox sevirəm, mənim xeyirxahlıq mələyim...

İnsanlar və insanlıq qarşısında sənə Tanrı tərəfindən verilən bu xüsusi vəzifəni uğurla davam etdirməyin üçün Rəbbimdən sənə sağlıq, hüzur dolu uzun ömür arzu edirəm.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitib.

1998-ci ildən ANS-in "Xəbərlər xidməti"ndə bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini olub. 2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb.

Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

14 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub.

Xüsusilə Türkiyə və dünya ölkələrinin bir çoxunda Xocalı soyqırımı və Qarabağ həqiqətləri ilə bağlı apardığı genişmiqyaslı təbliğat diqqəti daha çox cəlb edir.

"Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Qarabağ hekayələri" və s. Kitabların və onlarla məqalənin müəllifidir.
Diaspora